İnsanlara hürriyət, millətlərə istiqlal!

Antiterrorun nəticələri haqda məlumat “xəsisliyi” - haraları geri aldıq?

Dövlət sonadək çalışdı ki, nə bu lokal hərbi əməliyyatlar olsun, nə də itkilər, amma olmadı, şəhidlərimiz üçün çox kədərliyik...; Bunu Qarabağın azadlığı üçün SON SAVAŞ kimi qiymətləndirmək daha məntiqlidir...

Bir gözümüz sevinirsə, bir gözümüzdə şəhidlərimiz üçün dərin kədər var. Sevinirik ona görə ki, bu antiterror tədbirləri əslində, Qarabağdakı qalan ərazilərimizə, kəndlərimizə, qəsəbələrimizə tam nəzarətə imkan verib. Bu uğur barədə bilgili olan Rusiya mediası açıq yazır. Dövlətin isə bu barədəki informasiya “xəsisliyini” başa düşmək lazımdır. Təkcə onu deyim ki, Şuşanın 44 günlük müharibədən sonra erməni silahlılarının nəzarətində qalan kəndləri-hansı ki, onların bəziləri Xankəndinin çox yaxınlığında yerləşir - ordumuzun nəzarətinə keçib!

WhatsApp Image 2023-09-22 at 19.48.36 (4).jpeg (227 KB)

Çox miqyaslı uğurdur və 19-20 sentyabrda baş verənləri Qarabağın tam azadlığı üçün SON SAVAŞ kimi qiymətləndirmək daha məntiqlidir. 23 saat sürən antiterror tədbirinin əsas uğur kodunu Türkiyə Prezidenti açdı: “İlham Əliyev dedi ki, “işi bitirdik, buna son qoyduq”. Bu, artıq “haraları geri qaytardıq” sualına ən bilgili şəxsin birmənalı cavabıdır.

Qarabağdakı nəzarətsiz (“boz zonalar”) ərazilərin nəzarətə götürlməsi haqda çoxsaylı videolar var, amma hələ ki, tam rəsmi məlumat yayılmayıb. Bunun səbəbi də aydındır. Azərbaycan məntiqlə öz ərazini işğal etməyəcək ki? Terrorçulardan təmizlənən yerlərə Azərbaycanın müvafiq bölmələrinin yerləşməsi üçün uzun zaman lazım olmayacaq, bu sürəci gözləməmiz lazım. Üstəlik, ermənilər və onların dəstəkçiləri dünyada çox ciddi hay-küy yaradıblar, bu ajiotajın da səngiməsini gözləmək məntiqli olar. Bu məsələlər tam aydınlaşandan sonra biz bu antiterror tədbirlərinin tam nəticələrini inşallah ki, hamılıqla biləcəyik.

WhatsApp Image 2023-09-22 at 19.48.36 (2).jpeg (349 KB)

Son günlər soruşurlar: “Niyə axı bu müharibə bitmir, niyə axı...” Böyük əksəriyyət bu uzanan savaşın gerçək səbəbini əlbəttə anlayır, bu hərbi münaqişənin uzanmasında revanşist ermənilərin və onların arxasında duran dövlətlərin səbəbkar olduğunu da bilir. 2020-ci ilin noyabrından sonra erməni dövləti məğlubiyyəti tam qəbul etsəydi, bu antiterrora tədbirinə ehtiyac yox idi. Dəfələrlə yazmışam, dövlət üçün bir əsgərin dəyəri 100 düşmən leşindən irəlidir. Dövlət sonunadək çalışdı ki, nə bu antiterror tədbirləri olsun, nə itkilər. Olmadı, düşmən yenə dincliklə 3 il əvvəl üzərinə götürdüyü öhdəliyə əməl etmədi. Biz bu antiterror tədbirlərinə məcbur qaldıq. Çünki bu silahlı ordu Qarabağın meşələrində, dağlarında qaldıqca hər bir əsgərimiz, polisimiz, hətta mülki şəxslərin həyatına təhlükə qalacaqdı, son mina terroru da göstərdi ki, silahlı düşmən başına od ələnməsə, təslim olmayacaqdı. Dövlət səbəbsiz yerə “at izinin, it izinə qarışıdığı” bu gərgin dünyada niyə öz ərazisi olsa da, bu qədər qərəzli təşkilatların, bəzi bizdən ağzı əyri ölkələrin təzyiqləri üzərinə çəksin ki?

Əlbəttə çox kədərliyik, çünki şəhid analarına, atalarına, övladlarına təskinlik üçün söz tapıb demək şəxsən mənim üçün çox çətindir. Biz o torpaqların hər qarışının nə qədər dəyərli olduğu haqda saatlarla danışa bilərik, amma şəhid valideynləri üçün sözün bitdiyi yerdir o övlad tabutu. İkinci Qarabağ müharibəsində övladını itirən neçə-neçə ana-atanın vəfat xəbərlərini eşidirik. Demək, bizim dildə dediyimiz sözlər onların yaralarına çətin məlhəm olur, bu o qədər aydın bir gerçəkdir ki, onu yazmaq bəlkə də artıqdır, bəlkə də yaranı deşməkdir.

WhatsApp Image 2023-09-22 at 19.48.36 (3).jpeg (154 KB)

Dövlət şəhidə sahib çıxır, onların övladları üçün mümkün bütün güzəştlər edilir. Amma etiraf edək ki, bunların heç biri bir atanın övladının başına çəkdiyi sığalı əvəz edə bilməz. Baxın, artıq yaşlanırıq, hamımız atayıq, amma atanımızı həmişə gözümüz axtarır. Onların ataları fərqlidir, seçilmişlərdir, əlbəttə ki, dövlət üçün də, bizim üçün də özəldirlər, illər keçsə də, adları unudulmayacaq. Amma inanın ki, heç kim “mən şəhid oğluyam”, “mən şəhid anasıyam” demək də istəməz. O səbəbdən bu erməni bəlasından qurtulmalıyıq ki, heç bir övlad belə savaş xəbərlərini eşidib atasının da bir gün yanında olmayacağından qorxmasın, gecə gəlib ona “ata, sən də müharibədə öləcəksən” sualı verməsin. Eləcə də böyüməkdə olan gələcək nəsillər bu bəladan qurtulsunlar, övladlarını hərbi xidmətə yola salan analar “yenə müharibə olacaq” səksəkəsi ilə yaşamasınlar, nişanlı qızlar yola saldıqları sevdiklərini sağ-salamat qarşılasınlar...

WhatsApp Image 2023-09-22 at 19.48.36 (1).jpeg (146 KB)

...Albertin vurduğu tank erməni işğalının əsas simvolu idi. Ermənilər Albertin vurduğu T-72 tankını bərpa edib, təpənin başında, həm də Şuşaya tuşlanmış vəziyyətdə işğalçıların xatirəsinə qoymuşdular. Albertin ilk atışında o tank sıradan çıxmış, ikinci atışıda kabinədə olan tank komandiri və daha iki nəfər cəhənnəmə vasil olmuşdular. Hər 8 mayda işğalçı dövlətin nümayəndələri o abidəyə gül qoyub, sonra Şuşaya bayram etməyə gedirdilər. Azad Şuşadan baxanda görünən işğalın simvolu daha oradan götürüldü! Albertin ruhu indi daha rahatdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dövlətimizin bayrağı uca olsun!

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR