Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, IV Antalya Diplomatiya Forumunun ikinci günündə diqqətçəkən diplomatik situasiya yaşanıb.
“Cənubi Qafqazda regional əməkdaşlıq: gərginliklər və imkanlar” adlı paneldə Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirləri bir araya gəlib. Panel faktiki olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında açıq diplomatik müzakirəyə və gərgin debatlara səhnə olub.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxışında sülh müqaviləsinə dərhal imza atmağa hazır olduqlarını iddia edib. O, Ermənistan tərəfinin bütün sənədləri qəbul etməyə və hətta 10 dəqiqə ərzində razılaşmanı imzalamağa hazır olduğunu deyib: "Hər şey hazırdır, yalnız zaman və məkanı müəyyənləşdirmək qalıb". Bununla yanaşı, dolayısı ilə Azərbaycanı prosesi gecikdirməkdə və tərəddüd göstərməkdə ittiham etməyə çalışıb.
Mirzoyanın bəyanatlarına dərhal və sərt cavab verən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov konkret arqumentlərlə vəziyyəti izah edib. O qeyd edib ki, Ermənistan konstitusiyasında bu gün də Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq iddialar var və bu, sülh niyyətinə zidd bir siyasi mövqedir:
“Siz sülhdən danışırsınız, amma konstitusiyanızda hələ də Azərbaycana qarşı ərazi iddiası var. Bu, fundamental ziddiyyətdir və əsas problemdir.”
Paneldə bu gərgin dialoq forum iştirakçılarının diqqət mərkəzində olub. Demək olar ki, tədbirə ayrılmış vaxtın 90 faizi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müzakirəsinə sərf olunub.
Musavat.com-un Antalyada olan xüsusi müxbiri Rauf Arifoğlu bildirir ki, panelin ən gərgin və maraqlı anlarını əks etdirən 25 dəqiqəlik video artıq əldə olunub və təqdim edilir.
Musavat.com
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ