İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomatlar Xankəndidə: Hikmət Hacıyev Qarabağ Universitetində Ermənistanın müharibə cinayətlərindən danışdı

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrindən ibarət heyət Xankəndi şəhərinə səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetində olub.

Hikmət Hacıyev burada çıxışı zamanı Ermənistanın keçmiş işğalı dövründə törətdiyi müharibə cinayətləri barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib, bu gün isə Qarabağ və Şərqi Zəngəzur sürətli inkişaf mərhələsinə keçib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov da tədbirdə çıxış edərək qonaqları salamlayıb, ali təhsil ocağının əldə etdiyi uğurlar və qarşıya qoyulan yeni hədəflər barədə məlumat verib.

Səfər zamanı Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-tikinti işləri barədə, Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndə Emin Hüseynov isə minatəmizləmə və yenidənqurma prosesi ilə bağlı təqdimatla çıxış edib.

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetinin infrastrukturuna da yaxından baxış keçirib, o cümlədən tədris binası, kitabxana, laboratoriya və sərgi zalı ilə tanış olublar. Sonda incəsənət fakültəsinin müəllim və tələbələri tərəfindən musiqili çıxış təqdim olunub.

Bu səfər Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə dövlət səviyyəsində aparılan bərpa və inkişaf prosesinin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR