İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio: 'Bu, bizim müharibəmiz deyil'

ABŞ dövlət katibi Avropa rəsmiləri ilə Ukrayna münaqişəsi üzrə ikigünlük danışıqlardan sonra artıq səbirsizləndiyinə işarə vurub.

Parisdə Avropanın aparıcı rəsmiləri ilə görüşdə Marko Rubioya Ağ evin xüsusi elçisi Stiv Uitkoff da qoşulub. Rubio Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə üç dəfə görüşdüyünü söyləyib.

Fevralda ABŞ prezidenti Donald Tramp Putinlə telefon danışığından sonra birbaşa sülh danışıqlarına başlamaq niyyətini elan edib. Trampın sələfi Co Bayden Rusiyanın təcavüzü başlayandan birbaşa təmaslardan imtina etmişdi.

Rubio Parisi tərk etməzdən öncə jurnalistlərə deyib ki, razılaşma əldə etməyin mümkünlüyü aydınlaşmasa, ABŞ sülh sazişinə vasitəçilikdən çəkiləcək.

"Biz bu işi həftələrlə, aylarla davam etmək fikrində deyilik. İndi, bir neçə günə aydınlaşdırmalıyıq ki, bunu qısa müddətə etmək mümkündürmü. Deyilsə, məncə, çıxıb gedəcəyik. Bu baş verərsə, kömək etmək istəyirik. Amma baş verməyəcəksə, bunu indi bilməliyik. Bizim görməli olduğumuz başqa işlər də var", – Rubio bildirib.

"Birləşmiş Ştatlar son üç ildə Ukraynaya yardım edib və bunun bitməsini istəyirik, bu, bizim müharibəmiz deyil", – dövlət katibi vurğulayıb.

O, Avropa rəsmilərinin ideyalarının "çox faydalı və konstruktiv" olduğunu sözlərinə əlavə edib.

Rubionun dedikləri Ağ evin Ukrayna münaqişəsi üzrə danışıqlarda proqresin olmamasından məyusluğunun artdığını göstərir. Tramp seçki kampaniyası vaxtı deyirdi ki, Ağ evə gələndən sonra ilk 24 saatın içində müharibəni bitirəcək.

Rusiya atəşkəs razılaşması üçün Ukraynanın səfərbərliyi dayandırması, Qərbdən silah təchizatına son qoyması şərtlərini qoyur, Kiyev isə bu şərtləri rədd edir.

33c8b0df-c784-4626-bd1c-8b02204a10cc_w650_r1_s.jpg (46 KB)


Tramp 'həftənin sonunadək' Moskvadan cavab gözləyir. Nebenzya bunu 'qeyri-real' sayır

ABŞ prezidenti Donald Tramp deyib ki, həftənin sonunacan Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı Moskvadan cavab gözləyir. O, Ağ evdə İtaliyanın baş naziri Corca Meloni ilə görüşdən sonra belə bir açıqlama verib.

Trampdan soruşublar ki, Rusiyanın atəşkəsə hazır olması, gərəkirsə, ona qarşı sanksiyaların gücləndirilməsinə nə zaman qərar verəcək.

"Görək, nə olacaq. Bu həftə onlardan cavab alacağıq, tezliklə görəcəyik", – Tramp söyləyib.

Bundan az sonra Rusiyanın BMT-dəki təmsilçisi Vasili Nebenzya jurnalistlərə deyib ki, Ukraynada atəşin dayandırılması "real deyil". "Enerji infrastrukturuna münasibətdə atəşin məhdudlaşdırılmasına cəhd elədik, amma Ukrayna tərəfi buna əməl etmədi. Belə bir şəraitdə indiki mərhələdə atəşin dayandırılmasından danışmaq, sadəcə, real deyil", – o bildirib.

"Bloomberg" isə öz mənbələrinə istinadla yazır ki, aprelin 17-də Parisdə avropalı müttəfiqlərlə görüşdə ABŞ təmsilçiləri Ukraynada bir neçə həftəyə tam atəşkəsə nail olmaq istəyini ifadə ediblər və deyiblər ki, "tezliklə bu məsələdə əhəmiyyətli irəliləyiş gözləyirlər".

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton "yaxın həftələrdə deyil, günlərdə" Ukraynada müharibənin bitirilməsi üzrə danışıqlarda nəticələr gözləyir.

"Prezidentin ilk 100 gününün, demək olar, hamısı burada sülhə nail olmaqdan ötrü yüksək səviyyəli səylərə həsr olunub. Bu, baş verərsə, kömək etmək istəyirik. Amma baş verməyəcəksə, bunu indi bilməliyik. Bizim məşğul olmalı olduğumuz başqa şeylər də var", – Rubio Parisi tərk etməmişdən deyib.

Aprelin 17-də Parisdə Ukrayna, ABŞ, Fransa, Böyük Britaniya və Almaniyanın iştirakı ilə danışıqlar keçirilib.//Mənbə: AzadlıqRadiosu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR