İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan hakimiyyətini qoruyub saxlamağının bircə yolu qaldığını getdikcə daha aydın hiss edir-ilginc açıqlama  

Aprelin 15-də Nikol Paşinyanın ölkəsinin parlamentində səsləndirdiyi və onun üçün yəqin ki, təsirsiz ötüşməyəcək fikir heç də bizim konstitusiyalarına dəyişiklik tələbimizə dolayı, Minsk qrupunun buraxılmasıyla bağlı istəyimizə isə birbaşa haqq qazandırmağa çalışması yox, qərbdəkilərin "haypərəst"liyi haqda idi. 

Musavat.com-un məlumatına görə, bunu deputat Sahib Alıyev Ermənistan rəhbərliyinin son açıqlamalarını şərh edərkən bildirib. Deputat ardınca fikirlərinə bu şəkildə aydınlıq gətirib: “Diqqət edin, o, nə deyir:  “Ermənistan bəzi xarici siyasətçilərin guya haypərəst, əslində isə populist bəyanatlarının mənfi nəticələrini hiss edir. Seçkilərin yaxınlaşdığı bəzi ölkələrdə xalqımız  naminə özlərini qurban verməyə hazır olduqlarını bəyan edəcək namizədlər

olacaq. Mən artıq bəzi  tərəfdaşlarımıza demişəm, bəzilərinə isə daha sərt deyəcəyəm, onlar seçici rəğbəti qazanmaq üçün ölkəmizin maraqlarına açıq-aşkar etinasız yanaşırlar”.

Ermənistanda ilk dəfədir belə yüksək səviyyədə etiraf edilir ki, bəli, qərbdə  guya onların maraqlarını güddüklərini sərgiləyənlərin qəlblərində zərrə qədər hay sevgisi yoxdur, əksinə, onları hər an maraqlarına qurban verməyə hazırdırlar.  Bəs həmən siyasətçilərin rəğbətlərini qazanmaq üçün özlərini Ermənistan sevdalısı göstərməyə çalışdıqları seçicilər kimlərdilər, hay diasporunun təmsilçilərimi? Əksər hallarda demək olar ki, yox”. 

S.Alıyevin sözlərinə görə, məsələ burasındadır ki, qərbin formalaşdırdığı beynəlxaq konyunktura hazırda sivilizasiyalararası toqquşma üzərində qurulub: “Ona görə də bir çox Avropa ölkələrində prezidentlər və baş nazirlər səviyyəsində açıq şəkildə multikulturalizmin özünü doğrultmadığı bildirilir, orada islamofobiya getdikcə güclənir və indiki dönəm də postsekulyarizm kimi xarakterizə olunur. Yəni qərb siyasətçilərinin sözdə "haypərəstlik"lərinin arxasında elə yenə sözdə xristian təəssübkeşliyi durur. Ona görə sözdə deyirəm ki, qərbdəki səlibçi zehniyyətlilərin dinə yanaşmaları əslində "ya Fatimeyi-Zəhra" sədaları altında məscidləri yerlə yeksan edənlərlə birgə hərbi təlim keçirənlərdən elə də çox fərqlənmir.  Yəni onlar din təəssübkeşi kimi özlərini göstərərkən sadəcə kütləyə, fobiya ilə zəhərlədikləri kütləyə oynayırlar. Ermənistan baş nazirinin sözügedən açıqlamasında qərbdəki din qardaşlarının bax, bu riyakarlıqları diqqətə çatdırılır. Və buradan o da aydın olur ki, bir sıra ölkələrdəki hay diasporunun guya onların apardıqları siyasətə əhəmiyyətli dərəcədə təsir etmələri sadəcə mifdir. Həmən ölkələr əslində elə həmən hay diasporundan da öz geosiyasi maraqları üçün faydalandıqlarından belə görüntü yaradır,  içlərindəkini  adlarına çıxır, onlara da alət olaraq yanaşırlar”.

Deputat yekunda bildirib: “İndi gələk Paşinyanın  bizim kimi onun özünə də çoxdan bəlli olan bu reallığı niyə məhz indi, uydurma soyqırımlarının növbəti ildönümü ərəfəsində dilə gətirməsinə, heç şübhəsiz ki, burada ilk növbədə Türkiyənin rəğbətini qazanmaq niyyəti güdülür. Çünki Ermənistan baş naziri hakimiyyətini qoruyub saxlamağının bircə yolu qaldığını getdikcə daha aydın hiss edir. O yol da yolların açılmasından keçir”.

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR