Onlayn ictimai-siyasi qəzet
Türkiyənin müstəqilliyinin 100-ci ildönümü münasibəti ilə inşa edilən və 2023-cü ildə açılışı reallaşdırılan Antalya Kitabxanası regionunun ən böyük kitabxanasıdır. 1 milyon kitab fonduna və eyni anda 2500 nəfərə xidmət göstərmək imkanlarına malik Antalya Kitabxanası şəhərin tələbə kontingentinin daha çox məskunlaşdığı Akdeniz Universitetinin yaxınlığında yerləşir və müasir kitabxana-informasiya konseptinə uyğun qurulub.
Musavat.com xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində bölgənin ən böyük elm, informasiya mərkəzi olan Antalya Kitabxanasını ziyarət edərək, kitabxananın direktoru Oğuzhan Ceylanla görüşüb. Antalya Böyükşəhər Bələdiyyə başkanı müavini Evrim Yalçın, şəhərdəki Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin müdiri Azər İsmayıl və Azərbaycan nümayəndə heyətinin digər üzvlərinin də iştirak etdiyi görüşdə Azərbaycan kitabxanaları ilə əlaqələrin qurulması, iki tərəf arasında “qardaşlaşmış kitabxanalar” layihəsinin reallaşdırılması, qarşılıqlı səfərlərinin təşkili, birgə layihələrin həyata keçirilməsi, Antalya kitabxanasında “Azərbaycan fondu”nun, “Türk dünyası guşəsi”nin yaradılması, Azərbaycan mədəniyyətinin tanıdılması məqsədi ilə ilin bir gününün Azərbaycana həsr olunması və kitabxanada “Azərbaycan günü”nün keçirilməsi, Azərbaycan yazarları ilə görüşlərin və onların əsərlərinin təqdimatlarının təşkili və b. məsələrə dair müzakirələr aparılıb, razılıqlar əldə olunub.
Görüşdə məlumat verilib ki, Antalya şəhərində Kəpəz Bələdiyyəsi sisteminə aid edilən kitabxanada əhalinin bütün təbəqələri, həmçinin fiziki qüsurlu insanlara da xidmət göstərilir. Qeyd edək ki, Antalya kitabxanası ilin 365 günü, günün isə 24 saatını sürüşkən qrafiklə fasiləsiz çalışır.
Sonda Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti və ədəbiyyatına dair Azərbaycan və Türk dillərində nəşrlər Antalya Kitabxanasına hədiyyə edilib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ