İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın addımları NATO-nu parçalayacaq - ŞOK

“NATO-nun baş katibi Mark Ruttenin Ankaraya səfəri və Türkiyə rəsmiləri ilə apardığı danışıqlar alyansın qardaş ölkəyə duyduğu ehtiyacdan qaynaqlanır”.

RUTTE SON.jpeg (106 KB)

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.

OGUZ.jpeg (277 KB)

Onun fikrincə, NATO baş katibinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşündən dərhal sonra Türkiyəyə səfəri təsadüfi deyil:

“Məlum olduğu kimi, iki aydan sonra Ağ Evdəki vəzifəsini təhvil almağa hazırlaşan Donald Trampın NATO-ya və Ukrayna savaşına münasibəti birmənalı deyil. NATO-nun hərbi xərclərinin böyük əksəriyyətinin ABŞ-ın üzərinə düşdüyünü, Avropa müttəfiqlərinin ÜDM-nin 2%-ni hərbə ayırmaq öhdəliklərini yerinə yetirmədiyini iddia edən Tramp əslində haqsız sayılmaz. Tamamilə başqa qitədə yerləşən və heç bir dövlət tərəfindən təhdid edilməyən ABŞ bütün Qərb dünyasını himayəsinə götürdüyü halda, kollektiv müdafiə xərclərinin də üçdə ikisini ödəyir. Nəticədə getdikcə borclanır və iflasa sürüklənir. Təsəvvür edin ki, hazırda ümum daxili məhsulu 25 trilyon olan ABŞ hər 100 gündən bir 1 trilyon dollar borclanır. Bu isə bir ildə 3 və ya 4 trilyon borclanmaq deməkdir. Ən pisi isə odur ki, liberal-demokrat hökumətlərin siyasəti nəticəsində ABŞ iqtisadi cəhətdən də Çinə uduzur.

Başqa sözlə, hər il ÜDM-nin 18-20%-i qədər borclanan ABŞ bu itkisini iqtisadi dividendlərlə kompensasiya edə bilmir. Beləcə getdikcə iflasa sürüklənir. ABŞ bu itkisinin qarşısını almaq üçün hərbi xərclərlə yanaşı, Çinin böyüməsini də dayandırmağa və özündən qaçan iş adamlarını ölkəyə qaytarmağa çalışmalıdır. Bu isə Avropa ölkələrinin əlini daşın altına qoymasından keçir. Rifah içərisində yaşamağa alışan və qazancının böyük hissəsini sosial siyasətlərə yönəldən Avropa ölkələri isə ABŞ-ın bu həssasiyyətini anlamaq, öz ənənəvi siyasətlərindən geri çəkilmək istəmirlər. Nəticədə ABŞ rəsmilərinin sərt təpkiləri ilə üzləşirlər.

Ən əsası isə Avropanın təhülkəsizliyini təhdid edən Ukrayna savaşını belə ABŞ-ın çiyninə yükləyirlər.

ZELEN.jpg (67 KB)

Sözsüz ki, bu yanaşma “öncə Amerika” siyasətini strateji hədəfə çevirən Trampı qəzəbləndirir və o, NATO-dan ayrılmaq barədə düşünür. Hələ 2017-2021-ci illərdə ilk prezidentlik dövründə Donald Tramp dəfələrlə NATO-ya qarşı tənqidi fikirlərini dilə gətirib. NATO-nun “modasını keçirdiyini” bildirib və ABŞ-ın bu alyansdan çıxması fikri ilə müttəfiqlərini təhdid edib. Hətta bununla da qalmayıb, Rusiyanı Avropanı işğala həvəsləndirəcəyini də gizlətməyib”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, Trampın Ukrayna savaşına laqeyd yanaşmasının əsas səbəbi rəsmi Kiyevdən çox, Avropa ölkələrinin bu fürsətcilliyinə qarşı mövqeyindən qaynaqlanıb:

“Əslində Ukrayna savaşında Rusiyanın tükəndirilməsi ABŞ-ın da maraqlarına uyğundur. Ən azı ona görə ki, təkqütblü dünya liderliyini heç bir imperialist qüvvə öz rəqibləri ilə bölüşməz. Trampın Ukrayna savaşına qarşı çıxmasının yeganə səbəbi rus xofu ilə Avropa ölkələrini qorxutmaq və onları daha çox silahlanmağa vadar etməkdir. Bunun üçün isə ən yaxşı yol Rusiyanın Ukrayna üzərində qismi qələbəsi və Avropanı ekzistensial təhdid altında saxlamasıdır.

Tarix sübut edir ki, ekzistensial təhdid altında yaşayan dövlətlər ciddi ölçüdə silahlanmaya üstünlük verirlər. Trampdan əvvəl, demokrat lider kimi tanınan Co Baydenin Ukraynaya lazımi səviyyədə dəstək verməməsinin sirri də bunda idi. Məqsəd Avropa ilə Rusiya arasındakı bütün körpüləri yandırmaq və onları qarşı-qarşıya gətirmək idi. Bu istəyinə böyük ölçüdə çatan ABŞ Tramp hakimiyyəti illərində Avropanı tamamilə müdafiəsiz buraxmaqla bu təhdidi mümkün qədər diri tutmaq niyyətindədir. Məhz bu səbəbdən də Ukraynanı Avropanın ixtiyarına buraxıb Çinə qarşı planlar qurmağa çalışır”.

Avropa liderlərinin də bunun fərqində olduğunu düşünən siyasi şərhçinin fikrincə, bəzi Qərb dövlətləri Tramp hakimiyyətə gəlməmişdən əvvəl öz başlarının çarəsinə baxmağa çalışırlar:

“Artıq 5 Avropa ölkəsi ABŞ-ın dəstəyinə ehtiyac duymadan Ukraynanı dəstəkləmək qərarına gəlib. “Reuters”in məlumatına görə, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa müdafiə nazirləri bir müddət əvvəl Berlində görüşüblər. Nazirlər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıtmasından sonra Avropada təhlükəsizliyin gücləndirilməsini müzakirə ediblər. Alman nazir Boris Pistorus görüşdən sonra mediaya açıqlamasında deyib ki, “Məqsədimiz Ukraynaya gələcək danışıqlarda güclü mövqedən çıxış etmək imkanı verməkdir”.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış isə bəyan edib ki, Avropa ölkələri daha koordinasiyalı hərəkət etməli və “ABŞ üçün yaxşı tərəfdaş olmaq üçün daha çox səy göstərməlidirlər”.

Əslində NATO-nun baş katibi Mark Rutte də ABŞ-sız Ukraynanı dəstəkləyəcək dövlətlərin sayını artırmaq məqsədi daşıyırdı. Sözsüz ki, əsgər sayı baxımından NATO-nun 2-ci böyük ordusuna malik Türkiyənin də bu ittifaqda yer alması ümumi işin xeyrinə olardı. Amma NATO müttəfiqlərinin indiyədək Türkiyəyə qarşı yürütdüyü siyasətlər Ankaranı bu təklifə təmkinli yanaşmağa vadar edir. Zənnimcə, Ankara NATO müttəfiqlərinin anti-türk siyasətləri tamamilə sonlanmadan bu təklifə yaşıl işıq yandırmayacaq”.

Heydər Oğuz Türkiyə ilə NATO müttəfiqləri arasındakı mövcud gərginliyi bu cür sıralayıb:

“Əvvəla, Türkiyəyə qarşı təchizat embarqoları ortadan qaldırılmalıdır. Sirr deyil ki, Ankara məhz bu sanskiyalar səbəbindən özünün hava qüvvələrini inkişaf etdirə bilmir. Ona vəd olunan F-35-lərin hələ də təhvil verilməməsi azmış kimi, Ankara özünün istehsal etdiyi texnikalara mühərrikləri belə qeyri-NATO ölkələrindən alır.

Digər bir məsələ başda ABŞ olmaqla, bir çox NATO ölkələri Suriya və İraqda fəaliyyət göstərən PKK ünsürlərini açıq şəkildə dəstəkləyirlər. Sözsüz ki, bütün bu dost xəyanətləri Türkiyənin ümumi düşmənə qarşı mövqeyini zəiflədir. Üstəlik, bir də utanıb-qızarmadan NATO-nun cənub qanadının himayədarı kimi Türkiyəni gördüklərini bəyan edirlər”.

Siyasi şərhçi Ruttenin Ankara səfərində keçirdiyi görüşlərdə məhz bu məsələlərin müzakirə olunduğunu düşünür:

“Düzdür, görüşlərin təfərrüatı tam açıqlanmasa da, müzakirələrin əsas mövzuları ictimailəşdirilib. Məlumata görə, görüşlərdə Türkiyəyə qarşı embarqoların ləğvi, terrorla ortaq mübarizə, Ukrayna məsələsi və kimi mövzular ələ alınıb. Bu isə Türkiyənin məsələyə nə qədər həssas yanaşdığını göstərir”.

RUTTE.jpg (95 KB)

Heydər Oğuz bildirib ki, NATO-da ABŞ və Avropa müttəfiqləri arasında bu cür etimadsızlıq mühitinin yaradılması hərbi alyansın gələcəyini də şübhə altına qoyur:

“Mümkündür ki, Trampın Avropaya təzyiqləri əks effekt yaratsın və yaxın gələcəkdə NATO-nun tamamilə parçalanması təhlükəsi meydana çıxsın”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR