İnsanlara hürriyət, millətlərə istiqlal!

“Berbok Azərbaycanı tənqid etməkdənsə, Almaniyada qadınların kişilərdən aşağı maaş almasından danışsın” – SENSASİON MÜSAHİBƏ

Rəhim Şmidt azərbaycanəsilli həkim və alman siyasətçidir. O, 2011-2016-cı illərdə Almaniya “Yaşıllar” partiyasının üzvü olaraq Reynland-Pfaltsın dövlət parlamentində deputat kimi fəaliyyət göstərib.

DEPUT.jpeg (167 KB)

Musavat.com onunla müsahibəni təqdim edir:

- Rəhim bəy, hazırda siyasi fəaliyyətlə məşğul olursunuzmu?

- İndi də həkimlik peşəsi ilə paralel olaraq siyasətlə məşğul olaram və dünyada baş verənləri izləyirəm. Əsas işim isə həkimlikdir. Maynts şəhərində klinikada terapevt kimi çalışıram. İldə iki dəfə Azərbaycana gəlib dostlarımla görüşürəm. COP29 ilə əlaqədar Bakıya gəlmişəm, hazırda Azərbaycandayam.

COP DEP.jpeg (82 KB)

- Söhbət Almaniyadan düşmüşkən, bu ölkənin Azərbaycanın siyasi həyatındakı iştirakını bəyənirsinizmi?

- İllərdir ki, bu siyasəti izləyirəm. Almaniya həmişə çalışıb ki, neytral mövqe göstərsin. Lakin təəssüf ki, son illərdə Almaniya siyasəti Azərbaycana münasibətdə konstruktiv rol oynamır. Bu ölkənin xarici siyasəti Fransanın təsirinin altında Azərbaycanın maraqlarına zidd fikirlər səsləndirir. Azərbaycanda insanlar Almaniyaya hörmətlə yanaşır və almanları sevirlər. Bunun özü böyük bir sərvətdir. Təəssüf ki, Almaniya bu sərvətdən istifadə edə bilmir.

ALMAN SON.jpeg (204 KB)

Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana gəlib insan hüquqlarından danışır. Bunu biz bu gün dünyanın hər yerində, Almaniyada, yaxud da Amerikada gedib danışa bilərik. Hətta Paşinyan deyir ki, Qarabağ Azərbaycandır. Berbok da zəhmət çəkib Qarabağdan vaxtı ilə qovulmuş bir milyon yarım azərbaycanlının hüququndan danışsın. Ermənilər Qarabağın hər yerini minalayıb, təbiətini məhv ediblər. Bundan niyə danışan yoxdur?

İnsan hüquqlarına gəlincə, bir məsələyə diqqət çəkim. Almaniyada kişilərlə eyni işi görən qadınların maaşı kişilərə nisbətdə 20 faiz aşağı olur. Belə olan halda Almaniya niyə öz qadınlarının hüquqlarını müdafiə etmir?

Azərbaycanda müxtəlif xalqların nümayəndələri firavan yaşayırlar. Burada bir yəhudiyə gözün üstündə qaşın var deyilmir. Bu, Almaniyada varmı?

Qərbin bir çox ölkələri dünyaya yaşamaq dərsi verir. Lakin reallığa nəzər saldıqda bir çox məsələlərdə ikili standartlar həyata keçirirlər. Çox təəssüf ki, insan hüquqları və demokratiyadan sadəcə bir alət kimi istifadə edirlər. Bu alətlə digər ölkələrin daxili işlərinə qarışır və öz mənfəətlərini güdürlər.

Halbuki Berbokun səfərinin məqsədi COP29-da iştirak etmək və iqlim, ekologiya ilə bağlı məsələləri müzakirə etmək idi. Bunun yalnız bir adı var: öz öhdəliyindən qaçmaq. Annalena Berbokun siyasi təcrübəsi çox azdır. Azərbaycan ona qonaqpərvərlik göstərdi, o isə ölkənin daxili siyasətindən bir alət kimi istifadə edirdi. Bu, çox böyük ədəbsizlikdir. Biz burada mədəniyyətlərin fərqini görə bilərik. Azərbaycan mədəniyyətində ədalətsiz demokratiya ola bilməz. Amerikada pulun varsa, azadlığın var. Təsəvvür edin, Azərbaycan XİN rəhbəri Avropaya gedib, orada həyat dərsi verir. Mən belə bir şeyi xatırlamıram.

Almaniya kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətində demişdi ki, ölkəsində siyasi böhran yarandığı üçün COP29-a gələ bilmir. Almaniyanı idarə edən “Svetofor” koalisiyası (daxil olan partiyaların rəmzi rənglərinə görə belə adlanırdı) bir neçə ay sürən mübahisədən sonra ötən həftə rəsmən dağıldı. Son ümid buna idi ki, bəlkə Trampın seçilməsinin Avropaya yaratdığı təhdid Almaniya hökumətini ziddiyyətləri kənara qoyaraq, toparlanmağa vadar edə bilər. Lakin ümidlər doğrulmadı, alman “svetofor”u necə deyərlər, söndü.

- Sizcə, bu böhran nə ilə nəticələnəcək?

- Koalisiya 3 il ərzində özünü doğrulda bilmədi. Buna görə də Almaniyada növbədənkənar parlament seçkiləri gələn il fevralın 23-nə təyin edildi. Kansler Olaf Şoltsa etimad əvvəlki kimi deyil. Bir neçə həftədən sonra özü Bundestaqda ona etimad olunması ilə bağlı sual edəcək. Ehtimal ki, ona bu etimad göstərilməyəcək.

Olaf Şoltsun Azərbaycana gəlməməsində isə hansısa bir məntiq görmürəm. Fikrimcə, Şoltsun göstərdiyi səbəb əsassızdır. Ona qalsa, G20 sammitinə getdiyi kimi, Azərbaycana da gələ bilərdi.

Mən burada bir çox insanlarla müzakirələr aparıram, onlar deyir ki, niyə Almaniya mediası həmişə Azərbaycanı tənqid edən yazılar dərc edir, yaxşı heç nə görmürlər.

Niyə onlar işğalçı Ermənistanla bağlı tənqidi heç nə yazmırlar, vaxtı ilə Qarabağın talan edilməsindən bir kəlmə söz açmırlar. Əksinə, Emmanuel Makronun çağırışlarına “hə” deyirlər.

Prezident İlham Əliyev deyir ki, Azərbaycan Şimalla Cənub arasında sülh körpüsü olmaq istəyir. Bu, çox vacib və lazımlı məqamdır. Azərbaycan Qarabağı azad etdi, həyat verdi, bu, dünyanı sevindirməli idi. Turan ailəsi dünya sülhünə böyük töhfə verəcək.

Mən Almaniyanı sevirəm, bura gözəl vətəndir. Bu ölkənin dünyaya töhfələri böyükdür. Buraya hər ölkədən qaçqınlar axışır. Buna görə də ümid edirəm ki, Azərbaycan və Almaniya tarixi körpülərə və dərin mədəniyyətə əsaslanan münasibət quracaq.

- Azərbaycan-Ermənistan arasındakı sülhə gedən prosesi izləyirsinizmi? Yaxın gələcəkdə sülh imzalana bilərmi?

- Ermənistan məğlub ölkədir. Sülhə daha çox can atmalıdır. Lakin Ermənistan kimlərinsə vassalıdır, havadarları icazə versə, Azərbaycanın verdiyi təkliflə razılaşar. Paşinyanın özü də etiraf edir ki, Qarabağ Azərbaycandır. Buna baxmayaraq, Ermənistan Fransa, ABŞ kimi bəzi Qərb ölkələrinin ağzına baxır. Bu da Zəngəzur dəhlizinin açılmasını ləngidir. Halbuki Paşinyan bu dəhlizin açılması ilə bağlı bəndin olduğu sənədin altına imza atıb. Ermənistan ilk olaraq konstitusiyasında dəyişiklik etməli, Qarabağa olan ərazi iddialarından əl çəkməlidir. Bəs o nə edir? Havadarlarından silah almaqla məşğuldur. Təxribatçıları sərhəddə yerləşdirir. Fransa sülhün imzalanmasına mane olan bir nömrəli qüvvədir. Çünki onun qazancı təxribatdan və onu-bunu sormaqdan çıxır. Ermənistan sülhün bağlanması üçün ciddi səy və etimad göstərməlidir. Sülh mövzusu yalnız Azərbaycan və Ermənistan arasında aparılmalıdır. Buraya başqa ölkələrin müdaxiləsi lazım deyil. Çünki onlar öz maraqlarını güdürlər. Bir sözlə, Qarabağ Azərbaycandır və MİNSK qrupu bitdi.

- Ukrayna-Rusiya savaşından danışaq. Deyilir ki, müharibə fevral ayında bitə bilər. Ancaq ABŞ prezidenti Co Bayden gedərayaq gözlənilməz qərarlar verir, Ukraynanı daha çox silahlandırır.

- Bəzi Qərb ölkələri düşünür ki, dünya onların istədikləri kimi idarə olunmalıdır. Onların gəlirləri savaşa, təxribata bağlıdır. Buna isə insan hüquqları, demokratiya, azadlıq donu geyindirirlər. Ukraynanı bu müsibətə salıb, Rusiyaya təzyiq göstərirlər. Rusiyadan sonra növbə Çinindir. Tailand məsələsini ortaya atıb aranı qızışdırmaq istəyirlər. Bununla da dünyanı özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Donald Tramp iqtisadiyyat üzərindən, Co Bayden isə təxribatla pul qazanmağa üstünlük verir. Tramp müharibəyə son verərsə, bu onun adına yazılmış böyük uğur olacaq. Bayden isə buna heç bir vəchlə imkan vermək istəmir. Biz burada aşkar görürük ki, insan hüquqları pula və qüdrətə qurban verilir. Son günlər Co Baydenin ocağın üzərinə neft tökməsi də bununla əlaqədardır.

Bayden fikirləşir ki, qoca adamam, bu gün-səhər ölüb gedəcəyəm, dünyada nə olursa, olsun.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan çox gözəl deyib - dünya 5-dən ibarət deyil. Əgər bu ölkələr azadlıq, demokratiya, insan hüquqları istəyirlərsə, elə Ukrayna-Rusiya savaşından başlasınlar.

Neomüstəmləkəçiliyin dərin psixologiyası göstərir ki, “Biz yaxşıyıq, fərqliyik, dünyaya yol göstəririk. Həqiqət biz deyəndir”. Bunun özü ədəbsiz, mədəniyyətsiz fikirdir. Fransanın 3 milyon borcu var, əl-ayağa düşüb ki, harada təxribat törədim ki, bu pulu çıxara bilim. O, birinci növbədə Əlcazairdə törətdiyi qırğınların ağır nəticələrini aradan qaldırsın.

Dünyada hamı əl-ələ verməli, ədalətə, ekologiyaya töhfə verməlidir. İkili standartın, təxribatın, ona-buna yuxarıdan aşağı baxmağın zamanı çoxdan bitib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR