İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikanın bəzəkli üzü və çirkli astarı

Bu günlərdə ABŞ Senatında anti-Azərbaycan dinləməsi keçirilib. Dinləmə “Soros” Fondu və Amerika Erməni Milli Komitəsinin (ANCA) təşəbbüsü ilə təşkil edilmişdir.

Bu tamaşada baş rollarda rüşvətxor senator, arvadı erməni olan Robet Menendez və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ifa etmişlər. Dinləmə erməni ruhlu, anti-Azərbaycan məzmunlu çıxışlarla müşayiət olunmuşdur. Özünü dünyada ədalətin və demokratiyanın beşiyi adlandıran Amerikanın ali qanunverici orqanında hüquqdan və qanundan kənar bu davranışının səbəbi nədir və bu ölkədəki erməni lobbisi doğrudanmı dövlətin siyasətinə bu qədər təsir etmək gücünə malikdir? Təbii ki yox! Bir qədim lətifədə deyildiyi kimi "iz eşşəyin izidir, amma əməl gəlinin əməlidir"! Heç şübhəsiz ki, Amerika dövləti siyasətdə təzə gəlin deyildir, əksinə, lap köhnələrdəndir. Bəs Senatda anti-Azərbaycan dinləməsi keçirənlərin qarınlarının ağrısı nədir, ilin-günün bu vaxtında, yəni Ermənistan-Azərbaycan münaqişəsinin finişə yaxınlaşdığı, düyünlərin açılmağa başladığı bir zamanda belə bir dinləmənin keçirilməsi nəyə və hansı maraqlara xidmət edir?

Ermənilər heç, onların qarınlarının ağrısının səbəbi məlumdur. Tibbdə də bu periodik qarın sancılanması elə "erməni xəstəliyi" adı ilə məlumdur. Bəs dünyaya özünü ədalət və humanizm carçısı kimi təqdim etməkdən doymayan ABŞ-ın Azərbaycan əleyhinə mövqe sərgiləməsinin mahiyyətində nə dayanır?
Məntiqlə ABŞ İranla sıx iqtisadi münasibətləri olan və rəsmi olaraq özünü Rusiyanın for-postu adlandıran, KTMT-nın üzvü Ermənistanı deyil, NATO üzvü Türkiyənin strateji müttəfiqi olan, müstəqil siyasət yürüdən, hüququn aliliyini, demokratik və humanist dəyərləri uca tutan Azərbaycanı dəstəkləməlidir. Maraqlar çoxdur, amma bu maraqların mərkəzində bir motiv dayanır: ABŞ-ın imperialist və sümürgəçilik siyasəti.

Zatən, bu siyasət - riyakarlıq, zorakılıq, etibarsızlıq, öz gəlir-çıxarını insan haqlarından, dövlətlərin və millətlərin taleyindən yuxarıda tutmaq Amerika dövlətinin həm tarixi, həm də mahiyyətidir! Amerika dostluq etmək üçün çox etibarsız, düşmənçilik üçün isə çox təhlükəlidir. Amerika tarixi boyu ziddiiyyətli siyasəti ilə tanınmışdır. Terrorizmlə mübarizədən danışıb terror təşkilatlları yaratmışdır, sülhdən danışıb atom bombası ilə Naqasaki və Xirosimanı viran qoymuşdur, insan haqlarından danışıb Vyetnam xalqına divan tutmuşdur.

Dünyada Amerika qədər görüntüsü və mahiyyəti təzadlı ikinci bir dövlət yoxdur.
Demokratiya, insan haqları, rifah yeni texnologiyalar Amerikanin görünən parlaq, makiyajlı üzü, ikili standartlar, mənəviyyat düşkünlüyü,işğalçılıq, zor, nifrət, qəsb etmək bu dövlətin çirkli astarldlr.
Ötən əsrin səksəninci illərində ABŞ-ın prezidenti olmuş Ronald Reyqan SSRİ-nı "şər imperiyası" adlandırmışdı. Məqsəd dünyanın iki supergücündən biri olan Sovetlər İttifaqını dağıtmaq və yer kürəsinin tək hakimi olmaqdan ibarət idi. SSRİ dağılandan, bir qütblü dünya yaranandan sonra məlum oldu ki, əsil şər yuvası elə Amerikanın özü imiş və onun fitnə-fəsadlarına bəzən şeytanın özü də həsəd aparır.

Son 50 ilin xronologiyasına baxaq: Vyetnam, Kamboca, Əfqanıstan, İran, Polşa, Rumınya, Yuqoslaviya, İraq, Liviya, Tunis, İordaniya, Əlcəzair, Misir, Yəmən, Suriya, Gürcüstan, Moldova, Ukrayna. Bu siyahını uzatmaq da olar. Lakin görünən dağa nə bələdçi. Görünən də odur ki, Amerika əsgərinin çəkməsi dəyən yerdə ot bitmir.

"Yumşaq güc" ifadəsi siyasətdə çoxdan məlum olsa da, ondan sistemli şəkildə dağıdıcılıq məqsədi ilə istifadə edilməsi təcrübəsi Amerika siyasətinə məxsusdur. Hansı ölkələrdə ki, liderlər zəif, hakimiyyətə xalqın inamı az idi, orada məhz ABŞ yumşaq güc vasitəsi ilə çevrilişlər edib, özünə münasib şəxsləri və qrupları hakimiyyətə gətirmişdir.

"Yumşaq güc”ün uğurlu istifadəsinin ən parlaq nümunələrindən biri SSRİ-nin dağılmasıdır. Həm Sovet dövlətinin, həm də bütün sosialist sistemin dağılmasının səbəbi Qərbin hərbi-iqtisadi qələbəsi, hətta SSRİ-nin iqtisadi zəifləməsi deyil, ABŞ-ın uzun müddətli yumşaq güc siyasəti nəticəsində sosializm dəyərlərinin devalvasiyası və cəmiyyət tərəfindən Qərbin, liberal dəyərlərinin: siyasi demokratiya, şəxsi azadlıq, şəxsi mülkiyyət və s. kütləvi şəkildə qəbul edilməsidir. Son 20 ildə baş verən rəngli və rəngsiz inqilablar, "ərəb baharı" prosesi ABŞ-ın şeytan siyasətinin milyionlarla insanın faciəsinə səbəb olan acı nəticəsidir.

Senat dinləmələri də ABŞ-ın yumşaq güc siyasətinin başqa bir formatda davamı, onun maraqlarına xidmət etməyən, müstəqil siyasət yürüdən ölkələrə təsir vasitəsidir.
ABŞ-ın radikal müxalifət partiyalarından, radikal dindar qruplardan, müxtəlif azlıqlardan, qeyri-hökumət təşkilatlarından “yumşaq güc” alətləri kimi istifadə etməsi də hər kəsə məlumdur.
ABŞ başda olmaqla bir çox qərb dövlətləri postsovet ölkələrində müxtəlif təyinatlı qeyri-kommersiya təşkilatları yaradaraq, onları maliyyələşdirərək bu dövlətə qarşı əlverişsiz qərarlar qəbul et­mək üçün istifadə edirlər. Belə təşkilatlar vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdən daha çox, ölkənin daxili siyasi həyatına müdaxilələr etməklə məşğul olurlar.

Artıq heç kəsə sirr deyil ki, bəzi bey­nəlxalq təşkilatlar ABŞ-ın maraqları üzə­rində qurulmuş xətt üzrə irəliləyir, qərar­lar qəbul edir və ya Qərb dövlətlərinin müxtəlif adlar altında yardımlar ayırması hansısa gizli maraqlara söykənir.
2000- ci illərin əvvəllərindən başlayaraq ölkəmizdə fəaliyyət göstərən ABŞ-ın və Avropanın bəzi beynəlxalq təşkilatları ic­timai-siyasi prosesləri manipulyasiya et­məyə çalışırdılar. Onlar Azərbaycan döv­ləti ilə müəyyən sahələrdə əməkdaşlıq etsələr də, əsas “missiyalarını” unutmur­dular. Belə ki, USAİD, NED, Fridrix Nau­man, Marşall, İREX və digər beynəlxalq təşkilatlar özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaqla, radikal siyasi qüvvələrin dövlət əleyhinə fəaliyyətlərini dəstəkləyirdilər. Heç kimə sirr deyil ki, başda USAID olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları cə­miyyəti yanlış tərəfə istiqamətləndirib ic­timai-siyasi proseslər üzərindən manipul­yativ mühit formalaşdırmağa can atırlar. Əsas hədəflərinin Azərbaycanda “beşinci kolon” formalaşdırmaqdan ibarət olduğu bu təşkilatların Qərbin xüsusi xidmət orqanlarına bağlılığı da məlumdur. Milli, dini, cinsi azlıqlardan istifadə edərək milli birliyin sarsıdılmasına yönəlik çağırışlar, sosial şəbəkəlırdə antimilli və antidövlət təbliğatının aparılması, milli- mənəvi dəyərlərin devalvasiyasına yönələn söyüş və təhqir kampanıyası, cəmiyyətdə tanınmış şəxslərin hörmətdən salınması, ordu əleyhinə fikirlərin dövriyyəyə buraxılması və s.pozucu fəaliyyət məhz dövlətimizin güclənməsindın və müstəqil siyasət yürütməsindən narahat olan dairələrin niyyətlırini ortaya qoyur.

Əlbəttə, bölgədə sülhün bərqərar olunması, əməkdaşlığın təmin edilmısi imperialist qüvvələrin maraqlarına uyğun deyildir. Məhz buna görə ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ilə yaxın bir müddətdə sülhdən və əməkdaşlıqdan yana barmaq barmağa vurmadılar. Məhz bu səbəbdən BMT- nun təhlükəsizlik şurasının daimi üzvü olan ABŞ, Fransa və Rusiya 4 məlum qətnamənin icrası üçün heç bir təşəbbüs göstərmədilər
Azərbaycan öz gücünə, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Milli Ordumuzun qəhrəmanlığı hesabına tarixi ədaləti bərpa etdi, işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi.
İndi Ermənistanın rəhbəri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağ Azərbaycandlr deyir, Qarabağda yaşayan ermənilər Azərbaycanın vətəndaşlarıdır söyləyir, amma Fransa və ABŞ başqa hava çalır.

Azərbaycan Qarabağda yaşayan erməni əhaliyə də digər vətəndaşlarla bərabər bütün hüquq və təminatları verir, onların sosial- mənəvi inteqrasiyası, düşmənçilik münasibətinin yumşalması və aradan qalxması üçün lazımi tədbirlər görəcəkdir. Amma bizimlə zor dili ilə danışmağa heç kimə icazə verməyəcəyik. Laçın yolu işləyəcək, Ağdam- Xankəndi yolu açılandan sonra. Və Laçın yolunun statusu Zəngəzur yolu ilə eyni olacaqdır. Bu qədər aydın, və sadə!
Gələn il ABŞ- da növbəti prezident seçkiləri olacaqdır. Yəqin ki, çox şey dəyişəcəkdir. O cümlədən, Qafqaz siyasəti də. Yəqin ki, orada da anlayacaqlar ki, Qafqazda etibarlı tərəfdaş güclü və ədalətli Azərbaycandır.
Əgər siyasət dəyişməsə belə, bu cür çirkinliklərlə Azərbaycanı yolundan döndərmək mümkün deyildir.
...Qatar Qarabağdan və Şərqi Zəngəzurdan yola düşmüşdür.
... Növbəti dayanacaq Qərbi Zəngəzurdur. ...Məhz Zəngəzur dəhlizi ilə yürüyən qatarlar bölgəyə əməkdaşlıq, inkişaf, rufah gətirəcəkdir.
...Gərək Amerikada da bunu anlasınlar.
... Bəli, Amerika güclü dövlətdir, amma dünyanı idarə etmək ambisiyasından əl çəkməli və anlamalıdır ki, Allahın yaratdığı bu dünyani yaradan özü idarə edir.

Musa Urud, Millət vəkili
2018-03-17-16-25-28mu.jpg (46 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR