Onlayn ictimai-siyasi qəzet
Bir şeyi də deyim. Sonra deməyin ki, demədin. Bəşər Əsədi devirən əsas silahlı qruplaşma “Heyət Təhrir eş-Şam” (HTŞ) kimi tanınır.
Bu isimdəki Şam paytaxt Dəməşqi qəsd edir və Şamın Qurtuluşu Hərəkatı kimi tərcümə oluna bilər. Bu təşkilatın lideri Ahmed Hüseyin el-Şaradır. 1982-ci il doğumlu bu şəxs həm də Abu Mohammad al-Julani kimi tanınır. 2017-ci ildən bu təşkilatın rəhbəridir. İxtisasca ərəb dili müəllimidir. ABŞ İraqa hücum edəndə (2003) oraya gedib, Amerika qoşunlarına qarşı vuruşub. İraq “Əl-Qaidə”sinin lideri olmuş Ebu Musab ez-Zerkavi ilə yaxın olub. Sürətlə irəli gedib. İraq və Şam İslam Dövlətinin keçmiş lideri Əbu Bəkr əl-Bağdadi ilə münasibətləri ziddiyyətli olub. Bir müddət İŞİD-ə qarşı vuruşub.
Döyüşlərin birində (2006) ABŞ tərəfindən əsir götürülüb. Ancaq sonra qaça bilib. Yəni “Heyət Təhrir eş-Şam” ideoloji baxımdan birbaşa “Əl-Qaidə”yə bağlıdır. Düzdür, Qərb mənbələri yazır ki, 2016-cı ildən o, “Əl-Qaidə” ilə yollarını ayırıb. Ancaq o, heç vaxt “Əl-Qaidə” lideri Ayman al-Zavahiri haqqında tənqidi bir söz deməyib.
O, 1 ilə yaxın Nusra Cəbhəsinə rəhbərlik edib. Orasını da deyim ki, ABŞ hələ o vaxtlar Ahmed Hüseyin el-Şaranın başına rəsmən 10 milyon dollar mükafat təyin edib.
Ahmed Hüseyin el-Şara təkcə Amerika ilə düşmən deyil. O, həm də kürdlərə nifrəti ilə tanınır. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla 450 kürdü öldürüb...
Heç şübhəsiz ki, tezliklə Ahmed Hüseyin el-Şara arxasında ABŞ və İsrailin (gizli) durduğu PKK/YPG ilə döyüş meydanında üz-üzə gələcək. Yəni ABŞ-a və PKK/YPG-yə qarşı olan bu adam Türkiyənin təbii müttəfiqidir. Qərb mənbələri də vurğulayır ki, “Heyət Təhrir eş-Şam” Türkiyə və Qətərlə ittifaqdadır...
Bu isə o deməkdir ki, Suriyada hələ ki, xalq nifrət etdiyi Bəşər Əsədin iqtidardan getməsini bayram edir. Az sonra isə Suriyada fəaliyyətdə olan və arxasında fərqli ölkələrin durduğu silahlı qruplaşmalar arasında qarşıdurma güclənəcək və nüfuz savaşı başlayacaq. Nəticədə Suriya vətəndaş müharibəsinin növbəti mərhələsinə daxil olacaq. Yəni bu xəmir hələ çox su aparacaq. Təəssüf ki, diktatorun qaçıb getməyi ilə Suriyada iş düzəlmir. Yazıq Suriya xalqı hələ bundan sonra da öz qanına bələnəcək...
Son olaraq bir maraqlı məqama da toxunum. 1 iyun 2021-ci ildə “PBS Frontline” televiziyası “Cihadçı” sənədli filmini yayımladı. Filmdə Ahmed Hüseyin el-Şara “Əl-Qaidə” ilə keçmiş əlaqəsi haqqında belə deyib: “Bölgənin tarixini və son 20-30 ildə keçdiklərini nəzərə almaq lazımdır... Söhbət tiranların, dəmir yumruqla idarə edən insanların və onların təhlükəsizlik aparatlarının idarə etdiyi bölgədən gedir. Eyni zamanda, bu bölgə çoxsaylı münaqişələr və müharibələrlə əhatə olunub...
Biz bu tarixin bir hissəsini götürüb, filankəs “Əl-Qaidə”yə qoşulub deyə bilmərik. “Əl-Qaidə”yə qoşulan minlərlə insan var, amma gəlin soruşaq ki, bu insanların “Əl-Qaidə”yə qoşulmasının səbəbi nə idi? Sual budur. ABŞ-ın II Dünya müharibəsindən sonra bölgəyə yönəlik siyasəti insanları “Əl-Qaidə” təşkilatına yönəlməsinə görə məsuliyyət daşıyırmı? Avropanın bölgədə yeritdiyi siyasət Fələstin məsələsinə rəğbət bəsləyən insanların reaksiyalarına və ya sionist rejimin fələstinlilərə münasibətinə görə cavabdehdirmi? İraqda, Əfqanıstanda baş verənlərə dözmək məcburiyyətində qalan məzlum xalqlar məsuldurmu? “Əl-Qaidə”də olanda da biz xarici hücumlara qarşı idik və xaricdə əməliyyatlar həyata keçirmək bizim düşüncəmizə tamamilə ziddir”.
Onu da deyim ki, Ahmed Hüseyin el-Şara 2 gün əvvəl “CNN”ə müsahibə vermişdi. Demişdi ki, Bəşər Əsəddən sonra “Heyət Təhrir eş-Şam” silahı yerə qoyacaq və mülki həyata qayıdacaq...
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ