İnsanlara hürriyət, millətlərə istiqlal!

“Alternativ hərbi-siyasi ittifaqa Türkiyə və mümkün müttəfiqlər hazırdırmı?”- deputatın baxış bucağı  

 

“Dövlət Baxçalının Türkiyə - NATO münasibətlərinin hazırkı vəziyyəti və NATO-ya yeni üzvlərin qəbul edilməsi məsələsində Türkiyənin maraqlarının nəzərə alınması kontekstində səsləndirdiyi fikirlər həm NATO-ya verilən mesaj, həm də öz milli təhlükəsizliyini etibarlı şəkildə təmin etməkdə çətinliklərlə üzləşən bəzi dövlətlərə edilən çağırışdır”.

Deputat Hikmət Babaoğlu bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Millət vəkilinin sözlərinə görə, nəzərə almaq lazımdır ki , müasir beynəlxalq münasibətlər sisteminin xarakter və paradiqmasını üç əlamət təyin edir: “Bunlar sivilizasiyaların qarşıdurması, milli-dini identiklik, və çoxqütblü dünya nizamı triadasıdır. Lakin bununla belə, israrla bu siyasi triadaya qarşı olan dördüncü zehniyyət də var ki, bu da təkqütblü hegemoniya, yaxud qlobal dövlət paradiqmasıdır. Hazırda Şərqi Avropada gedən müharibə də əslində yeni dünya nizamının anqlosakson mərkəzli təkqütblümü, yoxsa rusların da daxil olduğu çoxqütblümü olacağı sualına mümkün cavabın axtarışı ilə bağlıdır. Belə olan halda Dövlət Baxçalının səsləndirdiyi fikirlər xeyli dərəcədə aktual görünür”.

440076.jpg (74 KB)

Ancaq H.Babaoğlu hesab edir ki, bu, aktual olduğu qədər həm də mürəkkəb məsələdir: “Bu, bir həqiqətdir ki, Türkiyənin NATO-ya qəbul edilməsi NATO-nun cənub sərhədlərinin vaxtilə SSRİ-yə qarşı möhkəmləndirilməsi ilə bağlı idi. Yəni NATO üzvü olan aparıcı dövlətlər burada daha çox öz təhlükəsizlikləri ilə bağlı düşünürdülər. Türkiyənin təhlükəsizliyi isə onlar üçün üçüncü dərəcəli məsələ idi. Elə ötən əsrin 70-ci illərində iki NATO üzvü olan Türkiyə və Yunanıstan arasında müharibənin baş verməsi də göstərdi ki, bu ittifaq daxili struktur baxımından bəzi üzv ölkələr üçün heç də etibarlı müdafiə yaratmır. SSRİ dağıldıqdan sonra isə NATO-da hesab edirdilər ki, artıq Türkiyənin bu blokda yeri əvvəlki qədər strateji deyil. Ona görə də bir sıra NATO üzvləri nəinki Türkiyənin təhlükəsizliyini qorumaq haqqında düşündü, tam əksinə, onun təhlükəsizliyini ciddi şəkildə təhdidi edən terror təşkilatları yaradaraq qardaş ölkəyə qarşı əsl müharibə başlatdı. Biz Yaxın Şərq müharibəsində bunu çox açıq və aydın şəkildə gördük. İndi isə NATO-nun digər Cənub cinahını təşkil edən dövlət Türkiyəyə qarşı militarizasiya edilir, ciddi hərbi bazaya çevrilir”.

Deputat fikirlərinin davamında qeyd etdi ki, belə olan halda NATO artıq Türkiyə üçün təhlükəsizlik ünvanına deyil, təhlükə mənbəyinə çevrilir: “Bu baxımdan Dövlət Baxçalının fikirləri tamamilə məntiqli və praqmatikdir. Ancaq məsələ ondadır ki, alternativ hərbi-siyasi ittifaqa Türkiyə və mümkün müttəfiqlər hazırdırmı və bu, dünya tərəfindən necə qarşılana bilər. Nəzəri baxımdan Azərbaycanın və digər türkdilli dövlətlərin da daxil ola biləcəyi yeni ittifaq özlüyündə kifayət qədər cəlbedici və maraqlıdır. Əslində 44 günlük Zəfər savaşımızda mümkün ittifaqın siyasi coğrafiyası da aydın koordinatlar üzrə çox bariz şəkildə göründü. Bu geosiyasi konfiqurasiya Türkiyə- Azərbaycan - Pakistan üçbucağında öz ağırlıq mərkəzini ortaya qoya bildi. Orta Asiyanın Türk dövlətləri isə KTMT üzvü olmalarına baxmayaraq, KTMT üzrə müttəfiqlərinin deyil, Azərbaycanın yanında oldular. Bu, o demək idi ki, özlüyündə regionumuzda təbii tarixi müttəfiqlik üçün hərbi-siyasi və mənəvi-siyasi zəmin var. Bu potensial və resurslar isə gələcəkdə yaxşı və etibarlı ittifaq, ya da hərbi blok yaratmaq üçün yetərli ola bilər. Ancaq həm mümkün ittifaq üzvləri, həm də dünya siyasəti buna hazır olmalıdır”.

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR