İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaxanım qəzəbləndi: "30 ildir yalnız toy oxuyan müğənni sənətkar ola bilməz!"

Müğənni Almaxanım Əhmədli bəzi televiziya verilişləri və sənət camiəsində gedən mövzularla bağlı narazılığını ifadə edib.

Musavat.com bildirir ki, o, öz evində bəzı özəl telekanalları silmək məcburiyyətində qaldığını deyib:

"Evdə bəzi özəl kanalları silmişəm ki, gözüm görməsin verilişlərdə gedən düşük söhbətləri. Təəssüf ki, görmək istəməsəm belə, bəzən sosial şəbəkədə qarşıma çıxır.

Bayaq baxıram ki, IQ səviyyəsi yerlərdə sürünən bəzi müğənnilər çıxıb verilişdə mübahisə edir: Kimin toyu daha çoxdur? Mənim, ya filankəsin? Həqiqətən görün nə vəziyyətdəyik ki, müğənni çıxıb konsert tarixlərini elan etmək əvəzinə, "bu ay 10 dənə, sentyabrda 20 dənə toyum var" kimi axmaq söhbətlər edir. Hələ bu azmış kimi aparıcı da deyir ki, "bu ay toylardan nə qədər qazandın?" Əziz sənətçilər, nə olar, bir az özünüzü inkişaf etdirin. Toyda "Büleyli" oxumaqla heç bir inkişafdan söhbət gedə bilməz. Demirəm toyda əsər oxuyun, fikrimi düzgün başa düşün.

Bir az dünya mediasını izləyin, xarici müğənnilərin solo konsertlərini izləyin. Görün insanlar necə işlər ortaya qoyurlar. Toy, toy, toy! Efirdə nə vaxtadək belə iyrənc söhbətlər gedəcək? Gənclər baxıb nədən maariflənəcək?"

Sənətçi toylara getməyi qınamadığını, lakin bununla öyünməyin sənət üçün faciə olduğunu bildirib:

"Mən toya getməyi ayıb hesab etmirəm. Özüm də gedirəm. Amma bununla öyünmək sənətçinin bədbəxtliyidir. Bir sənətçi ki, 30 ildir ancaq toy oxuyur, bir dəfə də olsun konsert verməyibsə, zal doldurmayıbsa – bu o sənətçinin sənətinin və zəka səviyyəsinin çöküşü deməkdir."

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR