Onlayn ictimai-siyasi qəzet
Almaniyanın Aşaffenburq şəhərində 22 yanvar tarixində iki nəfəri bıçaqlayaraq öldürən Əfqanıstan vətəndaşı Ənamulla Ömərzayın daha əvvəl də bir sıra cinayətlərdə iştirak etdiyi məlum olub. Musavat.com Bild qəzetinin məlumatına əsasən xəbər verir ki, 28 yaşlı bu şəxs Almaniyada dəfələrlə hüquq-mühafizə orqanlarının diqqətini çəksə də, deportasiya edilməyib.
Ömərzay 2022-ci ilin payızında Bolqarıstan vasitəsilə Almaniyaya gəlib, burada sığınacaq axtaran şəxs kimi qeydiyyata alınıb. Lakin gəlməsindən bir ay keçməmiş o, Niderverm şəhərində yerləşən qaçqın mərkəzində qonşusuna hücum edib.
2023-cü ildə Ömərzay daha iki qonşusunu yaralayıb və bir digərini təhqir edib. Həmçinin, qaçqınlar üçün mərkəzdə digər bir insidentə qarışdığı məlum olub. Bild-in məlumatına görə, həmin il onun Almaniyada qalma müddəti başa çatsa da, ölkəni tərk etməyib.
2024-cü ildə isə Ömərzayın adı kriminal xronikalarda yenidən hallanıb. Alkoqol qəbul etdiyi halda qaçqın mərkəzində təhlükəsizlik sisteminə ziyan vurduğu və üç polis əməkdaşına hücum edərək onların silahını ələ keçirməyə çalışdığı bildirilib. Bu hadisədən sonra o, qısa müddətə psixiatrik klinikaya göndərilib. Lakin azadlığa buraxıldıqdan sonra Aşaffenburq dəmiryolu vağzalında polislərin qarşısında soyunub və ərazidəki qum konteynerinə təpik atıb.
2024-cü il iyunun 19-da Federal Miqrasiya və Qaçqınlar İdarəsi (BAMF) onun deportasiyasına qərar versə də, bu qərar həyata keçirilməyib. Həmin ilin ikinci yarısında Ömərzay yenidən bir neçə dəfə qayda pozuntusuna yol verib və psixiatrik klinikaya göndərilib.
Avqustun 29-da isə Ənamulla Ömərzay Altsenau şəhərində qaçqınlar üçün mərkəzdə ukraynalı bir qadına bıçaqla hücum edib. Lakin bu hadisə barədə polisə rəsmi şikayət daxil olmayıb.
Son olaraq, Ömərzayın iki nəfərin ölümünə səbəb olan Aşaffenburqdakı hadisəsi Almaniyada böyük rezonans doğurub və onun sığınacaq sistemindən sui-istifadəsi ilə bağlı ciddi müzakirələrə səbəb olub.
Musavat.com
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ