Onlayn ictimai-siyasi qəzet
Formula-1 üzrə Azərbaycan Qran-prisinin bağlanış mərasimində dövlət himnimizin yeni aranjimanda təqdim olunması geniş müzakirələrə səbəb olub. Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında səslənən himn tamaşaçı kütləsi tərəfindən heyranlıqla qarşılanıb. Bununla belə, ifa ilə bağlı tənqidi fikirdə olanlar da var. Onlar dövlət rəmzlərinin dəyişdirilmədən, heç bir improvizəyə yol vermədən, klassik şəkildə ifa olunmasının vacibliyini vurğulayıblar.
Cavanşir Quliyev
Əməkdar incəsənət xadimi və bəstəkar Cavanşir Quliyev himnin bu üslubda təqdim edilməsinə etiraz edib: “Dövlət himninin bu cür tədbirlərdə ifa olunmasının tərəfdarı deyiləm. Himn yalnız Milli Məclisin qərarı ilə dəyişdirilə bilər. Dövlət rəmzləri toxunulmazdır”.
Bəzi musiqi mütəxəssisləri və ictimaiyyət nümayəndələri isə himnin yeni aranjimanının müasir musiqi tələblərinə uyğun, dinamik və daha geniş auditoriyaya çatmaq üçün hazırlanmış yenilik olduğunu müdafiə ediblər. Onların fikrincə, klassik və müasir elementlərin sintezi himnin daha emosional və təsirli səslənməsinə xidmət edir.
Səslənən fikirlərlə bağlı Xalq artisti, muğam ustadı Alim Qasımovun mövqeyini öyrənməyə çalışdıq. Xalq artisti “Yeni Müsavat”a açıqlamasında qeyd edib: “Məlumdur ki, himnimizin notları var və qanun var. Sözün düzü, ifamda hansı dəyişikliklərin olub-olmadığını dəqiq bilmirəm. Ola bilsin, belə çıxıb. Xaricilər də bəyəniblər. Əgər belədirsə, daha qulaq asmasınlar.
Cavanşir Quliyev əlbəttə ki, bizim peşəkar bəstəkarımızdır, qardaşımızdır. Onun da öz baxışı var; indi elə deyibsə, heç problem deyil. Bu, musiqidir - biri belə qiymətləndirər, biri elə. Kiminsə xoşuna gələr, kiminsə gəlməyə bilər. Mən heç nə deyə bilmərəm".
Zenfira Qafarova
Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zenfira Qafarova məsələyə münasibət bildirərək qeyd edib: “Bəstəkar Cavanşir Quliyev muğamı çox gözəl bilir, əsərlərində də ondan yüksək peşəkarlıqla istifadə edir. Ona görə də hər kəs onun sənətinə inanır. Əgər o, belə bir fikir səsləndiribsə, əminəm ki, bir çox musiqişünaslar və bəstəkarlar da həmin mövqeyə yaxın ola bilərlər. Amma bu, o demək deyil ki, musiqidə yalnız bir fikir mövcud ola bilər.
Doğrusunu desəm, mən həmin ifanı hələ dinləməmişəm. Amma məncə, ilk növbədə biz Alim Qasımova və qızı Fərqanə Qasımovaya təşəkkür etməliyik ki, belə mötəbər yarışmada çıxış ediblər. İndi nə olsun ki, himnin ifasında müəyyən improvizasiya edilib? Burada ağır bir cinayət axtarmağa dəyməz.
Məsələn, muğamdan hər kəs özünəməxsus şəkildə istifadə edir. Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasında muğamı olduğu kimi saxlayıb, amma “Koroğlu” operasında artıq öz yaradıcılıq yanaşmasını əlavə edib. Bu gün biz də deyə bilmərik ki, hansısa bir parça sırf “Segah”dır, yaxud “Bayatı-Şiraz”dır.
Ona görə də hesab edirəm ki, burada heç bir qəbahət yoxdur. Sadəcə olaraq, ifaçılarımız musiqini qəlblərindən gəldiyi kimi səsləndiriblər. Bu səbəbdən də onları qınamaq, incitmək və ya mübahisə yaratmaq yersizdir".
Xalid Kazımlı
Əməkdar jurnalist Xalid Kazımlı isə məsələyə bu cür mövqe bildirib: “Dövlət himnimizi oxuyarkən xırda improvizə etdiyinə görə Alim Qasımovu qınayanlar var. Amma bu improvizə həmin musiqini gözəlləşdirib, daha da sevimli edib axı. Dünəndən bəri 4 dəfə qulaq asmışam - hər dəfə ləzzət edib. Bu, 4 yaşından 74 yaşına qədər milyonlarla vətəndaşımızın bildiyi, minlərlə dəfə eşitdiyi himndir. Onu yenidən, təkrarən dinləmək bu qədər zövq verirsə, demək, Alim Qasımov işinin öhdəsindən layiqincə gəlib. Bu adam böyük sənətkardır, xalqımızın sərvətidir. Nadir gözəllikdə səsə, ifaçılıq istedadına malikdir. Qədrini bilək, sənətkarı incitməyək. Həm də Alim və qızının ifası dövlət himnimizin standartı olmağa iddia etmir. Bundan sonra da dövlət tədbirlərində, hər yerdə himnimiz qəbul edilmiş variantda oxunacaq. Alim Qasımov və Fərqanə Qasımovanın oxuduğu musiqi parçası isə yaddaşlarda, videotekalarda, internet resurslarında qalacaq və sevilərək dinləniləcək”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
ŞƏRHLƏRŞƏRH YAZ