İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali məktəblərin publik hüquqi şəxsə çevrilməsinin yaratdığı narahatlıq

Ekspert: “Təhsil haqlarının artma ehtimalı və sosial təminatların azalma riski var”

Azərbaycanda dörd ali məktəbin - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universitetinin publik hüquqi şəxsə çevrilərək yenidən təşkil edilməsi tələbələr və valideynlər arasında narahatlığa səbəb olub. İnsanlar elə düşünür ki, bu, dövlət universitetlərinin özəl universitetə çevrilməsidir və bundan tələbələr hansısa şəkildə zərər görəcəklər.

Qeyd edək ki, Azərbaycanda daha beş ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq. Bununla bağlı baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb. Qərarlarla Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq. Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.

Qeyd edək ki, ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradan məsələ kimi dəyərləndirilir. Bu isə ali təhsil müəssisəsinin maddi-texniki bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması onların ölkədə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsini və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əsas şərtlərindəndir.

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

 Kamran Əsədov

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Kamran Əsədov deyib ki, narahatlığa heç bir səbəb yoxdur: “O universitetlər yenə də dövlət universiteti sayılır. Publik hüquqi şəxs statusunun ali təhsil müəssisələri üçün hansı təsirləri ola biləcəyi məsələsi ətrafında bir neçə əsas məqamı diqqətinizə çatdırım.

Publik hüquqi şəxs statusu dövlət tərəfindən yaradılan, lakin maliyyə və idarəetmə baxımından müəyyən qədər müstəqil olan təşkilatları ifadə edir. Bu status ali təhsil müəssisələrinə daha çox iqtisadi və idarəetmə müstəqilliyi verir, yəni universitetlər öz maliyyə məsələlərini və digər daxili proseslərini dövlət müdaxiləsi olmadan müstəqil şəkildə idarə edə bilər. Bu model bir çox ölkədə dövlət müəssisələrinin müasir idarəetmə modellərinə uyğunlaşmasını təmin etmək məqsədilə tətbiq olunur. Müsbət tərəfləri - publik hüquqi şəxs statusu universitetlərə maliyyə baxımından daha böyük müstəqillik verir. Bu, universitetlərin dövlət büdcəsindən asılılığını azalda və onların özlərini maliyyələşdirmək üçün yeni mənbələr tapmalarına imkan yarada bilər (məsələn, qrantlar, kommersiya layihələri və s.) Nəticədə universitetlər öz proqramlarını, laboratoriyalarını və təchizatlarını yeniləməklə tədris keyfiyyətini artıra bilərlər.

Eyni zamanda universitetlər müstəqil olduqda, yeni və daha müasir tədris proqramları tətbiq edə bilərlər. Bu da onların beynəlxalq səviyyədə rəqabət aparmaq imkanlarını artırar. Bununla yanaşı, beynəlxalq əməkdaşlıqların genişlənməsi və tələbələrə daha çox qlobal təcrübə qazandıracaq proqramların yaradılması mümkün ola bilər".

Yeni maliyyələşdirmə modellərindən danışan ekspert əlavə edib ki, publik hüquqi şəxs statusu universitetlərə yeni maliyyə mənbələri tapmağa imkan verə bilər: “Məsələn, universitetlər müxtəlif layihələrə görə özəl sektordan və ya beynəlxalq fondlardan qrantlar cəlb edə bilər. Bu, universitetin büdcəsini artırmaqla yanaşı, tələbələrin daha yaxşı təhsil resurslarına çıxışını təmin edə bilər”. Məsələnin mənfi tərəflərinə gəlincə isə Kamran Əsədov qeyd edib ki, təhsil haqlarının artırılması  ehtimalı ola bilər: “Universitetlər müstəqil olduqda, dövlət dəstəyinin azalması nəticəsində tələbələrdən daha çox maliyyə dəstəyi tələb oluna bilər. Təhsil haqlarının artması ehtimalı tələbələr və onların ailələri üçün maliyyə çətinlikləri yarada bilər. Bu, xüsusilə aztəminatlı ailələrdən olan tələbələr üçün böyük bir problem ola bilər. Eyni zamanda bəzi universitetlər publik hüquqi şəxs statusundan yaxşı istifadə edə və maliyyə resurslarını genişləndirə bilsələr də, digərləri bu çətinliklərə uyğunlaşmaqda çətinlik çəkə bilər. Nəticədə bəzi universitetlərdə tədris keyfiyyəti artarkən, digərlərində geriləmə müşahidə oluna bilər.

Universitetlərin idarəetmə sisteminin dəyişməsi müəllimlərin iş şəraitinə və əmək haqlarına təsir göstərə bilər. Universitetlər publik hüquqi şəxs statusu aldıqda, onlar müəllimlər üçün yeni müqavilə şərtləri tətbiq edə bilərlər, bu da iş şəraitində qeyri-müəyyənliklərə səbəb ola bilər.

Publik hüquqi şəxs statusuna keçid zamanı bəzi dövlət təminatlarının azalması riski yarana bilər. Bu, təqaüdlər, sosial təminatlar və ya tələbələr üçün digər dövlət yardımlarının azalması ilə nəticələnə bilər. Bu da tələbələr arasında narazılıq yarada bilər".

Ekspert onu da qeyd edib ki, beynəlxalq təcrübədə publik hüquqi şəxs modeli geniş tətbiq olunur: “Bəzi ölkələrdə bu model təhsil haqlarının artmasına səbəb olub. Məsələn, Böyük Britaniyada universitetlərin müstəqilləşməsi nəticəsində təhsil haqları əhəmiyyətli dərəcədə yüksəlmişdi, bu da tələbələrin kreditlər və borclarla təhsil almaq məcburiyyətində qalmasına gətirib çıxarıb.

Azərbaycan universitetlərinin publik hüquqi şəxs statusuna keçməsi onların maliyyə müstəqilliyini və idarəetmə qabiliyyətini artıraraq tədris keyfiyyətini yaxşılaşdırmaq üçün bir fürsət yaradır. Lakin bu, tələbələr və valideynlər üçün maliyyə yükünün artması riskini də özündə daşıyır. Təhsil haqlarının artma ehtimalı və sosial təminatların azalma riski narahatlıq doğurur. Beynəlxalq təcrübəyə əsasən, bu prosesdə həm universitetlərin, həm də tələbələrin ehtiyacları balanslaşdırılmalıdır ki, təhsil haqları artmadan keyfiyyət yüksəlsin və tələbələr bu dəyişikliklərdən mənfi təsirlənməsin".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR