İnsanlara hürriyət, millətlərə istiqlal!

Aldadıb Türkiyəyə apardılar, indi isə... – Bir qadının FACİƏLİ TALEYİ – VİDEOREPORTAJ

Xəyalə Mustafayevanın 39 yaşı var. 2016-cı ildən Sumqayıt şəhərində yaşayır.

O, hər gün şəhərin müxtəlif yerlərində, xüsusən də dəmir yolu vağzalının qarşısında duraraq dilənir, bu yolla çörək pulunu çıxarır. Onun mənzili indi bu şəhərin küçələridir. Nə getməyə evi, nə də sığınmağa bir yaxını.

Xəyalə əslən Mingəçevirdəndir. Orada boyüyüb, orta təhsil alıb. O, ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdə Bakıya köçüb. Dediyinə əsasən, sonradan övladı olmadığına görə əri onu boşayıb. O vaxtdan qadının sərgərdan həyatı başlayıb. Ata ocağına geri dönməyən qadın bir müddət yüngül həyat tərzi keçirərək pul qazanıb. İş o yerə gəlib çatıb ki, hətta insan alverinin qurbanına çevrilib, Türkiyədə cinsi istismara məruz qalıb. Bundan sonra isə Azərbaycana geri dönüb və kömək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.

XEYALE.jpeg (72 KB)

"Bir qardaşım var. O da Mingəçevirdə mənim kimi küçələrdə qalır. Ata ocağı satılıb, ögey bacılarım və digər qohumlarla isə əlaqəm yoxdur.

3-4 aya qədər kafedə ofisiant işləyirdim. Lakin sonradan maşın vuran ayağım tutuldu, ona görə də işə gedə bilmədim. İşsiz qalandan sonra isə kirayəni ödəyə bilmədim və dolanmaq üçün küçələrdə dilənməklə məşğul oldum", - Xəyalə Mustafayeva deyir.

Bildirir ki, insan alverinin qurbanı kimi qeydiyyata düşdükdən sonra polis tərəfindən sığınacağa yerləşdirilib və il yarım orada qalıb:

"Oranın müddəti var idi. Həmin müddət tamam olandan sonra oradan ayrılmalı oldum. Ondan sonra da qab yudum, xadimə kimi çalışdım".

Xəyalə deyir ki, həftədə bir dəfə hotelə gedir və 15 manat ödəyib çimir. Qalan günlər isə mağazadan hazır yeməklər alıb yeməklə və tapdığı isti yerlərdə gecələməklə kifayətlənir:

"İndi yeganə istəyim odur ki, məni sığınacağa yerləşdirsinlər. İki aydır ki, mən bu zülmü çəkirəm. Əvvəlki işimə götürmürlər, götürsələr, qayıdaram.

Gün ərzində 15- 20 manat qazanıram, amma bu həyat çətindir. Xəstə ayaqla yeriyə bilmirəm. Pulum da yoxdur ki, müalicə alım".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Dekabr 2024

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR