İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailədə allergiyası olan varsa, bu genetik keçə bilərmi?

Allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığın reaksiyasıdır. Bu maddələrə allergenlər deyilir. Bunlara, qida, ağac, gül-çiçək tozcuğu, kimyəvi maddələr, heyvan tükü, rütubət aiddir.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim allerqoloqu Nihulya Şamiolova açıqlayıb.

Onun sözlərinə görə, əgər ailədə valideynlərdən birində allergik anamnez varsa, bunun uşağa keçmə ehtimalı 20-30%, valideynlərdən ikisində allergik anamnez varsa uşağa keçmə ehtimalı 50-60%-dir:

“Valideynlərdən birində də allergik xəstəliklərdən hansısa biri varsa, övladlarında allergik reaksiyalardan bir klinik əlamət görərsə, mütləq həkimə müraciət etməli, allergik müayinələrdən keçməli, təsdiq olunmuş allergendən uzaq durmaq lazımdır. Uşaqlarda daha çox qida allergenlərinə rast gəlinir. Bu da erkən uşaqlıq dövründə özünü ya allergik səpkilər və ya ishal, qəbzlik, köp şəklində göstərir. Uşaqlarda daha çox süd və yumurtaya qarşı allergik reaksiyalar olur”.

N.Şamilova qeyd edib ki, bundan əlavə uşaqda tez-tez asqırma, burun qaşıntısı, göz yaşarma, gözlərin sulanması, tez-tez quru öskürəklər təngnəfəslik və boğulma kimi əlamətlər müşahidə olunarsa, valideyn mütləq allerqoloqa müraciət edilməlidir:

“Kliniki əlamətlərə uyğun uşaqda hansı allergik xəstəlik növü varsa, aşkar olunmalıdır. Bunlara allergik rinit, allergik konyunktivit, bronxial astma, allergik enterit kimi xəstəliklər aiddir. Allergik rinit zamanı uşaqlarda tez-tez burun çəkmə, burun axıntısı, asqırma, burun qaşıntısı kimi əlamətlər rast gəlinir. Allergik konyunktivit zamanı göz ətrafında Morqani ləkələri nəzərə çarpır, gözlərdə yaşarma, göz qaşınması kimi əlamətlər görsənir. Çox zaman bu iki xəstəliyə birlikdə rast gəlinir. Vaxtında müalicə olunmazsa, bronxial astma kimi xəstəliyə keçə bilər. Biz buna atopik yürüş deyirik, yəni atopik dermatit, atopik rinit və sonradan bronxial astma. Anamnez və allergik müayinələrə əsasən uşaqda hansı allergenə qarşı reaksiya varsa tapılmalıdır”.

Allerqoloq bildirib ki, əgər allergendən uzaq durmaq mümkün deyilsə, bu zaman yaranmış kliniki əlamətlərə uyğun müalicə təyin olunmalıdır:

“Bu müalicə həkim nəzarəti altında fasiləsiz aparılmalı və həkim təyinatına uyğun zaman dəyərləndirilməlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR