İnsanlara hürriyət, millətlərə istiqlal!

Aida İmanquliyevanın ictimai elmşünaslıqda gender və etik baxışları- Professordan ARAŞDIRMA

 

 

Professor Rəna Mirzəzadə professor Aida İmanquliyevanın yaradıcılığından bəhs edən araşdırma yazısı yazıb. 

Musavat.com həmin yazını təqdim edir:

 

XX əsr Azərbaycan ictimai elmində xüsusi çəkisi, dəyərli əsərləri ilə öz yeri və rolu olan professor Aida İmamquliyeva araşdırmalarının vacib əhəmiyyəti vardır. Aida İmamquliyevanın əsas tədqiqat predmeti olan ərəb muhacir ədəbiyyatının nümayəndələri öz fikir və yanaşmalarında bir Şərqli olaraq, həm də Qərb dünyası düşüncəsi ilə bağlıdırlar. Aida İmanquliyeva tədqiqatlarında milli mənəvi dəyərlər sistemi bəşəriliklə verilərək, mədəniyyətlər və sivilizasiyalararası problemlərin oxşar və fərqlilikləri multikultural vəhdətdə elmi təhlilə gətirilmişdir. Belə təhlil məhz nəzəriyyədir, həm də bu nəzəriyyədə bir fəlsəfi sistemlilik var. A.İmanquliyeva, öz araşdırmalarında sosio-mədənilik ilə ədəbiyyatşunaslığın əlaqəsində məhz Şərq və Qərb komparativistikasının fəlsəfi nəzəriyyəsini yaradır. Bu da müasir elmi yanaşmalarda multidissiplinar tədqiqatlardır kimi xarakterizə olunur.

Bu baxımdan Aida İmanquliyeva fəlsəfəsində diqqəti cəlb edən xüsusi bir məqam da nəzəri məsələlərlə bahəm, sosio-bədii komparativistika zəmnində Qadın Hüquqları probleminə də nəzər yetirməsidir. Aida İmanquliyevanın Şərq və Qərb düşüncəsini, Dövrün və Zamanın diqtə etdiyi həyat təcrübəsinin xüsusiyyətlərini təhlil etməklə, apardığı müqayisələr Azərbaycanda genderşünaslıq elminin  dünya qadın tarixi kontekstində olan tədqiqatlar üçün də vacib əhəmiyyət göstəricisidir.

Bu nöqteyi-nəzərdən də A. İmanquliyeva C.Cübranın “Banlı Marta”, “”Hanili Varda”, “Qırılmış Qanadlar” hekayələri, Ər-Reyhaninin “Nohur Zanbağı”, “Hərəmxana divarlarından kənarda, yaxud Cihan” povestində, “Belə bir gündə cəhənnəm də yaxşıdır” kimi əsərlərində qoyulan süjetlərə əsasən qadın hüququ məsələsini geniş təhlil etmişdir.

3087718174757344.900x0.jpg (196 KB)

Qeyd etmək istərdim ki, məhz XX əsr Azərbaycan ictimai elmində sosio-mədəni və ədəbi istiqamətdə qadın hüquqları məsələsini yeni ərəb ədəbi nümayəndələrinin fikirlərinə rəğmən İlk dəfə Aida İmanquliyeva elmi təhlilə gətirmişdir. Adları çəkilən əsərlərdə müəllifin elmi, nəzəri tutumlu açıqlamaları, informasiya baxımından təhlillərində yenilik, problemin aktuallığı aspektindən isə məsələyə fəlsəfi-ədəbi yanaşmasını görürük. Belə bir düşüncə meyarından qadın hüquqlarına fəlsəfi sistemli baxış tərzi isə diqqətçəkən elmi sanbala malikdir.

Nəzərə yetirək ki, dövr o dövr idi ki, Avropa artıq gender tədqiqatları ilə ictimai-siyasi elmdə yeni bir istiqamət kimi modern baxış tərzində yeni araşdırmalara rəvac vermişdi. Belə bir Zamanda Aida İmanquliyevanın XX əsrdə Qərb elmi mühiti ilə səsləşən fikirləri müəllifin Azərbaycan sosiomədəni genderşunaslıq elm tarixinə imza atan İlklərdən biri olduğu göstəricisidir.

Tədqiqatçı Alim yeni ərəb mühacir ədəbi məktəbinin müasir korifeyləri nümunəsində təhlil aparanda yaşadığı zamanın sosiosiyasi strukturu ilə çox yaxşı tanış idi. O, qadın hüququ, qadın azadlığı, cəmiyyətdə kişi-qadın münasibətləri – yəni Gender faktoruna Şərq və Qərb mətnində paralellər aparmaqla qadını mənəvi-ideoloji buxovlardan azad edə biləcək məqamları C.X.Cübran və Əmin-ər-Reyhani motiviasiyasında təsvir edirdi.

A.İmanquliyeva bu əsərlərdə nə açıqlayırdı? O, bu təhlillərdə məhz qadın düşüncəsini, qadın azadlığını önə çəkirdi. A.İmanquliyeva açıqlayaraq göstərir ki: “Yazıçı (C.Cubran) şərq qadının azadlığı mövzusuna müraciət edir və onu sosial-ictimai səpkidə deyil, yalnız ailə münasibətləri planında qadınların hisslərinin və hüquqlarının müdafiəsi baxımından şərh edir. Qadın azadlığı probleminə bu cür yanaşma ərəb maarifçiləri, xüsusilə millətin dirçəlişinin, tərəqqi uğrunda mübarizənin, qadının həyat şəraitinin dəyişdirilməsi, ailənin mütərəqqi əsaslar üzərində qurulması ilə başlamalıdır”.(2;75)

Aida İmanquliyeva göstərir ki: “Banlı Marta” və “Hanili Varda” hekayələrində C.Cübran  digər ərəb maarifci-yazıçıları kimi ilk növbədə məhəbbət mövsusunu önə çəkir: “Ərəb Şərqi üçün o illərdə qadın məsələsi Avropada olduğu kimi hələ siyasi hüquqlara dair məsələ deyil, ailə və nigah, qadını sevmək və xoşbəxt olmaq hüququ məsələsi idi, ədəbiyyat göstərməli idi ki, qadın da “sevməyi bacarır” (2;76).

Aida İmanquliyeva təhlilərinin tapıntısında nə görürük? Bu görüntüdə Şərq qadınının mübarizliyi təsvirində qadının nə qədər əzilsə də, öz daxili üsyanı ilə, öz daxili sözü ilə Qərbdə o zaman tüğyan edən feminizm işartılarının əlaməti inikas olunur. O, C.Cübrana istinad edərək göstərir: “Ey, bu cinayətkar dünya arxasında gizlənən gözə görünməz Ədalət! Sən... sən mənim qəlbimin fəryadını, ürəyimin harayını eşidirsən” Bu çağırışa A.İmanquliyeva münasibət bildirərək yazır ki: “bu əlbəttə ki, əxlaqsızlıq etməyə məcbur olmuş savadsız kəndli qadının nitqi kimi qəbul edilmir, bu sözlərdə alçaldılmış qadına qarşı sentimental mərhəmət hissi ilə dolu olan müəlliffin özünün səsi eşidilir” (2;77).

1458381.jpg (180 KB)

Biz bu araşdırmamızı müasir Azərbaycanın digər tədqiqatcı alimi Nərgiz Paşayevanın fikirləri ilə paralelləşdirək. Nərgiz Paşayeva 2011-ci il Bakı Humanitar Forumunda çıxışında söylədiyi kimi: “Dünya daha çox inkişaf etdikcə, hər bir fərd özünü daha çox müstəqil şəxsiyyət kimi dərk edir. Və bir fərdin maraqları ilə ümumi maraqlar arasında qarşıdurma yaranır... Müasir dövrün mürəkkəblikləri unudulmuş haqqı-ədalət ideyaları ilə bağlıdır. Onlar haqq-ədalətin özündən yox, onun şərhindən asılı olmağa başladılar”.Məhz bu məqamda Nərgiz Paşayeva fəlsəfi məntiqi Aida İmanquliyeva fəlsəfi düşüncələri ilə “ƏDALƏT” formulunda paralelləşir.

Nərgiz Paşayeva Fits Cerald Skottun bir məqaləsində yazdığı dahiyanə fikrinə müraciət edərək göstərir ki: “Çoxdan anlamaq lazımdır ki, bu dünyada hər şey ümidsizdir, ancaq onu dəyişmək üçün qətiyyəti itirməmək lazımdır” (4).

Qeyd olunan qadın hüquqları, qadın azadlığı, multikultural fərqlilik kimi fikirlərə isə Ədalət fonunda Akademik Akif Əlizadə məhz “müasir cəmiyyətdə elmin, təhsilin rolunun zəruriliyinin əsas olduğunu qeyd edir” (3).

Bu nöqteyi nəzərdən Aida İmanquliyeva C.Cubranın “Qırılmış qanadlar” povestini təhlil edərkən də, gender stereotiplərini açmaqla yazır ki: “Hekayəçi öz izharında, ictimai, sosial problemlərə toxunmur. Onu başlıca olaraq, mənəviyyatın, fəlsəfənin problemləri, qəlbin və ruhun həyatı maraqlandırır. Onun dini klerikal movzuda və qadının ailədə rolu mövzusunda düşüncələri istisna təçkil edir” (2;79) və fikrini də C.Cubrandan daha bir nümunə ilə göstərir...” görənin hissləri ilə görünənin həqiqəti arasında gizli zərrəciklər insanın zahirini nurlandıran müqəddəs ruhların ziyasıdır, bu, kişi və qadın arasında tam anlaşmadır” (2;79). Bax bu tam gender fəlsəfəsidir. Bu gender multikulturallığıdır. Bu tapıntı isə Aida İmanquliyevaya məxsusdur.

A.İmaquliyeva fəlsəfəsində “sentimentalizm metodunun həm Qərbi Avropa, həm də rus ədəbiyyatında – S.Ricardson, L.Stern, J.J.Russo, N.Karamzinin əsərlərində əsas səciyyəvi xüsusiyyətlərindən biri məişətə, əşyalar aləminə və gündəlik həyatın təfərrüatına olan maraqdır. Məsələn, N.Karamzin Erastın bir stəkan süd xahiş edərkən Lizanın davranışını təsvir edir” (2;8) kimi fikirləri də məhz Qərb – Şərq multikulturallığı məişət tərzinin  müqayisəli təhlillərdir. Aida İmanquliyeva gender rollarını xarakterizə edərək: “Səlma obrazı ilə onun psixoloji durum və yaşantılarına uyğun olan və əsrin yumşaq lirizmini nəzərə çarpdıran mənzərə təsvirlərinə yetirilən diqqət və sentimentalizm metoduna cavab verir “deyə yazır.(2;80)

Aida İmanquliyevanın araşdırması gender stereotipləriqadın diskriminasiyası nöqteyi nəzərindən də Azərbaycan genderşunaslıqı üçün qiymətli bir  vəsaitdir. A.İmanquliyeva məntiqincə: “Cubran ərəb ədəbiyyatında romantik metodun inkişafını qabaqlamaqla yanaşı, o, daha iki mühüm mövzunu – qadın və antiklerikal mövzunu da öz adına yazdırdı. Qadın azadlığı mövzusu povestdə sadəcə bir qadının şəxsi dramı çərçivəsindən çıxaraq, özünün daha geniş şərhini tapır... qadının taleyini sosial-hüquqi aspektdə deyil, yalnız ailə, nigah münasibətləri hüdudlarında təhlil edir. Yazıçı gələcəkdə qadının cəmiyyətdə layiqli yer tutacağına inanır”. (2;83)

A.İmanquliyeva göstərir ki, “Qadında gözəlliklə təhsilin zərifliklə xeyirxahlığın, bədənin zəifliyi ilə ruhun gücünün, birləşdiyi gün gələcəkmi? Mən hesab edirəm ki, mənəvi tərəqqi bəşəriyyətin yoludur, onun kamilliyə yaxınlaşması ləng olsa da, labud prosesdir”. (2;84)

Biz bu “qadının cəmiyyətdə layiqli yer tutacağına” fikrini günümüzün aktuallığında “Gender bərabərliyi” adandırırıq. Bu məhz A.İmanquliyeva fəlsəfi gender düşüncəsidir.

A.İmanquliyeva bütün cəmiyyətlər üçün aktual bir sosial problem olan nigah məsələsinə də münasibət bildirir. O qeyd edir ki, C.Cübran nigah probleminə toxunaraq, yazır: “Bizim zəmanəmizdə nigah gənc insanlarla qızların ataları arasında gülüş və göz yaşı doğuran sövdələşmədir. Birincilər bir qayda olaraq udur, ikincilər həmişə itirirlər. Qızlarını satlıq mal kimi əldən-ələ ötürürlər”. Bu məsələlər bu günün prizmasından “Erkən nigah” adlanır. SİZ, Aida Xanım, qadın hüququ, qadın azadlığı, erkən nigah, multikulturallıq, gender münasibətləri kimi XXI əsrin aktual mövzularını necə dəqiqlik, necə sistemli təhlilə gətirmisiniz və burada da bir təhqiqatcı kimi Sizin fəlsəfi düşüncələrinizlə Dünəndən Bu günümüzə gələn elmi Yola bir daha nəzər salaq... Aida İmanquliyevaya görə: “Cubran məzlum qadını məzlum millətə, onun əzabı, hüquqsuzluğu və rüsvayçılığını millətin əzabı, hüquqsuzluğu və rüsvayşılığı ilə bərabər tutur: “Məgər bu qadın bu məzlum milləti təcəssüm etdirmirmi? Məgər ruhunun çırpintiları və cisminin əzabları ilə üzülmüş qadın öz ağaları və din xadimləri tərəfindən əldən salınmış bir millətə bənzəmirmi?” (2;84)  Məhz bu fikirlər gender multikulturallığını əks etdirir?

“Qırılmış qanadlar” adlı C.Cubranın povestini təhlil edən A.İmanquliyevaya görə “Şərq qadının asılı vəziyyətinin pislənməsi, klerikalizmin, zadəgan nümayəndələrinin pozğun həyat tərzinin ifşa edilməsi və əsərdə toxunulan digər aktual problemlər həm obyektiv olaraq əsərə müəyyən dərəcədə sosial kəskinlik verir, həm də yazıçının müasir həyatla əlaqəsini aşkara çıxarır”. (2;84) Beləliklə, A. İmanquliyeva fəlsəfəsi C.Cübranın əsərləri nəticəsində onun maarifçi humanizm və sentimentalizm motivlərini birləşdirdiyini göstərir. (2;85)

Aida İmanquliyeva ƏR-Reyhaninin də yaradıcılığında pozitiv ideyaları izləyərək, öz dərin mülahizələri ilə “maarifçiliyin ən başlıca mövzularından birinin -  Şərq qadınının əsrlər boyu məruz qaldığı əsarətdən azad edilməsi movzusuna da” (2;175) toxunmuşdur. Aida İmanquliyeva qeyd edir ki; ƏR-Reyhani qadın azadlığı mövzusuna “Nohur zanbağı” povestində ilk müraciət etmişdir. ƏR-Reyhaninin “Hərəmxana divarlarından kənarda, yaxud Cihan” povestində “başlıca ideya qadının onu şəxsiyyət kimi alcaldan, fəaliyyətini tapdalayan zehniyyət və mövhümatın hakimiyyətindən azad olması uğrunda mübarizəsidir”. (2;175) Söyləyən Aida İmanquliyeva Azərbaycan ictimai elmində qadın hüquqları üzrə yazan ilklər sırasında ilkdir fikirlərinə müraciət edək: A.İmanquliyeva: “Cihan ətrafındakı bütün insanların fövqunə yüksələn, güclü hiss və ehtirasa malik, tənha, hamıdan uzaqlaşmış, borc və məhəbbət, qisas və vətənpərvərlik hissləri arasındakı daxili ziddiyyətlər içində əzab çəkən müstəsna qadın surətidir. Cihanın bütün davranışlarının əsas fəaliyyət motivi – azadlığa can atmadır. Bu fəlsəfədə Qadın, gender rolları, əri digər millətdən (alman) olan Cihanın xarakterinin təsvirində dünyanın bu gün aktual məsələsi olan multikulturallıq faktoru durur. A.İmanquliyeva göstərir: “Cihanda hər şey qeyri adi gözəllik, yüksək əsl nəcabət, cəmiyyətdə tam müstəqil mövqe (Bu gender bərabərliyi anlamıdır – R.M) zənginlik, çox yaxşı təhsil, təbiətin bənzərsizliyi, böyük iradə güvvəsi, qətiyyət və cəsarət onu qalan insanlardan kəskin şəkildə fərqləndirir”. (2;176) Bu fəlsəfədə XX əsr fransız filosof və ilk genderşunaslardan olan Simona de Bovuarın “Mən qadınam” bəyanatı ilə öz mənsubiyyətinə böyük hörməti yada düşür.

düqdqüdqd.jpg (61 KB)

A.İmanquliyeva vurğulayır ki: “ƏR-Reyhaninin povestinin qadın qəhrəmanı qadın azadlığı uğrunda mübarizə aparır, “ictimai” fəaliyyətlə məşğul olur, məqalələr yazır, jurnalarda dərc olunur, Nitşeni tərcümə edir – lakin bütün bunlar onun həyatına, əhatəsinə, insani əlaqələrinə təsir göstərmir – o həmişə tənhadır”. (2;177). “Yazıçı Valenşteyni (Cihanın əri – R.M) təsadüfən Nitşe fəlsəfəsinin davamçısı kimi təqdim etmir, belə ki, o dövrdə Şərqdə Nitşenin nəzəriyyəsi geniş şöhrət qazanmışdı. Ərəb ziyalılarının bir çox nümayəndələri belə hesab edirdi ki, vətənin başına gələn bütün bəlalar, xalqın kifayət qədər fəallığa malik olmamasından irəli gəlir”. (2;180)  Aida İmanquliyeva ictimai – siyasi görüşləri XX əsrdən SANKİ hazırki Ərəb dünyasına yönələn bir baxışdır. Məhz belə fikirlər uzaqgörən Alim təfəkkürü, qadın məsələsindən  yazan bir Alim Qadının cəmiyyətə, Qərb dünyası prizmasında Şərqə söykənən fəlsəfəsidir. Bu fikirlər bir Alim düşüncəsi ilə bahəm çoxmədəniyyətlilik-multikulturallıq təsvirində həm də Gender meyarıdır.

Digər məqamlara diqqət edəndə görürük ki, Aida İmanquliyeva tətqiqatında qadın məsələsi ilə əlaqəli nəinki qadın fərdiyyəti, azadlığı, hüququ, həmçinin gender stereotipleri nöqteyi nəzərindən də münasibətlər, açıqlamalar yetərincədir. A.İmanquliyeva yazır: “Çadra örtməyə borclu olan müsəlman qadının Avropada “fransız dayənin əllərində” böyüməsini, Avropa dillərinə və xüsusilə, Nitse fəlsəfəsi ilə tanışlığın da daxil olduğu, yaxşı təhsilə yiyələnməsini də mühüm obyektiv “şərt” hesab etmək olar. Belə bir müstəsna şəxsiyyət “sərt adət və ənənələr” içində yanaşmağa məcburdur. Onun təbiətinin ikiləşməsi buradan-vətənə məhəbbətdən və onun geriliyinə, cəhalətinə qarşı etirazdan irəli gəlir” (2;181) Bu fikirlər də A.İmanquliyeva fəlsəfi baxışlarıdır.

A.A.Dolinina hesab edir ki, müəllif təsadüfən bütün şərq  qadınları arasında məhz türk qadınını qadın hüquqlarının müdafiəçisi kimi təqdim etməyib. Bu həm də real gerçəkliyə cavab verir, belə ki, o zaman başqa müsəlman ölkələrin qadınları ilə müqayisədə türk qadınları daha əlverişli şəraitdə yaşayırdılar” (5; 18) Məhz öz təhlilində A.Dolininadan misal çəkən A. İmanquliyeva azadlıq anlayışının da açmasını verir. O yazır ki, “Azadlıq anlayışı azad şəxsiyyət və müstəmləkə zülmündən azad olma ideyasını özündə birləşdirir” (2;181)

A.İmanquliyeva yaradıcılığını izləyərkən çoxçalarlı gender fəlsəfi məhfumları içrə çoxsaylı multikulturalizm terminlərinə, yeni ifadə tərzinə, qadın hüquqları kontekstində yeni anlayış açımlarına da rast gəlinir. Belə ki, misal üçün “Cihanın kişi və qadın arasındakı qarşılıqlı münasibətləri” (2;182)və yaxud “Şərq qadının zəkasının və qəlbinin oyandığı günə, onun qəlbini, dirçəlməkdə olan bütün millətin qəlbini öz nuru ilə dolduran şəfəqə eşq olsun”(2;185) nümunələrini göstərə bilərik. Bu nöqtədə böyük Hüseyn Cavid fəlsəfəsi də yada düşür. H. Cavid  “Uçurum” əsərində Şərq-Qərb münasibətlərinə toxunaraq yazmışdır: “Avropada işıq da var, zülmət də” (6; 114) Bu paralellərdə isə A. İmanquliyeva təhlillərində olan işıq Şərq Qadınının bu günkü yolu vardır.

Məhz A.İmnaquliyeva fəlsəfəsində insanlığa, xüsusuən də qadınlığa münasibət, qadın hüquqları mətnində etik normalar vardır. Öz dövrünün ictimai tərzini yaxşı bilən bir tədqiqatçı Alim kimi təhlilində isə müqəddəs Kitabımız Qurani Kərimdən olan bir nümunə ilə fikrimizi əsalandıraq: “Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da (kişilər) üzərində hüquqları vardır.” (7; 228)

Qeyd edək ki, bir məqalə ilə Böyük Qadın Alim, filosof – filoloq, dərin məntiqli tədqiqatçı Aida İmanquliyeva araşdırmaları Okeanından yalnız bir damla göstərə bildik. Əsrlərlə A.İmanquliyevanın qadın hüquqları ilə bağlı  araşdırması Ulu Şərq kontekstindən Modern Qərbə bir  Körpü olacaqdır. Aida Xanımın irəli sürdüyü ümumi müddəalar, orijinal düşüncə tərzi, Alimin romantizimlə vəhdətdə fəlsəfi mətnli baxışlarıdır, yazdığı və izlədiyi mənəvi meyarlar, prinsiplər milli sosio-ədəbi prosesin də bu kimi elmi-metodoloji kontekstdə bu günkü, hətta gələcək tədqiqatlar üçün belə geniş fəlsəfi məna daşıyır və sistemli təhlil imkanı yaradır. A. İmanquliyevanın müqayisəli araşdırmaları və onların sosiofəlsəfi, ictimai-ədəbi dəyəri Azərbaycan romantizminin dünya romantizmi vəhdətində oxºarlılıqlar və fərqliliklər zəminin də də bir baza məktəbidir. 

36_1630046122.jpg (49 KB)

Məhz bu kontekstdə fikrimizdə Ölkənin Birinci Xanımı Mehriban Əliyevanın söylədiyi fikirlə yekunlaşdıraq: “Bütün tədqiqatçılar hesab edirlər ki, sivilizasiyanın inkişaf dövründən başlayaraq qadınlar demək olar ki, bütün  cəmiyyətlərdə dini mənsubiyyətdən və ya siyasi quruluşdan asılı olmayaraq, kişilərdən asılı vəziyyətdə olublar. Hazırda dünya öz inkişafını elə bir dövrünə dəqəm qoyur ki, yekun məqsəd bu vəziyyətin dəyişməsindən ibarətdir. Vəziyyətin dəyişməsində uğurlar bir çox siyasi ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin, yekun nəticədə hər şey bizdən, bu planetdə yaşayan kişilər və qadınlardan asılıdır” (6;162)

 

                                           Ədəbiyyat siyahısı

  1. Mehriban Əliyeva “Tərəqqi və Yüksəliş yolları ilə” I cild, Bakı,2014
  2. İmanquliyeva “Yeni Ərəb Ədəbiyyatı korifeyləri”, Bakı, Elm 2003.
  3. Alizadə Bakı Humanitar forumu çıxışından. Bax: http://www.bakuforum.orq./summary2013/
  4. Paşayeva. Bakı Humanitar Forumunda çıxışı. Bax: www.bakuforum.orq/main - page - Forum 2011/stenoqrama/multicu
  5. Долинина А.А. Предисловие-В кн. Арабская романтическая проза XIX-XX dtrjd, c.18
  6. Rəna Mirzəzadə “Multikulturalizm siyasəti: Din və Gender Dialoqunda” B,2013.
  7. Qurani-Kərim,B,1993

 

 1615267302_1603089306_1599847238_1587038620_5e98232c0067e.jpg (35 KB)

Rəna Mirzəzadə
Professor, AMEA, FSİ “Siyasətin fəlsəfəsi və sosiologiyası”şöbəsinin müdiri

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR