İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Bakıda Rusiyanın müzakirə ediləcəyi tədbir təşkil edir

Deputat: “Burada hansısa dövlətin narahat olmağına ehtiyac və əsas yoxdur”

Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Bu barədə Avropa İttifaqı baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) baş katibi Enrike Mora Twitter-də yazıb.

“Azərbaycan rəsmiləri ilə görüşlər keçirmək və III Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoquna sədrlik etmək üçün Bakıdayam. Rusiyanın Ukraynaya təcavüzü və onun daha geniş regional nəticələri ümumi problemləri həll etmək üçün daha sıx əməkdaşlıq tələb edir. Avropa İttifaqı regionda sülh və təhlükəsizliyə qətiyyətlə sadiqdir”, - deyə o qeyd edib.

Qeyd edək ki, belə bir tədbir ilk dəfə 2018-ci ilin noyabrında Bakıda keçirilib. Dialoq çərçivəsində regional və beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən terrorizm, separatçılıq və ekstremizmin bütün forma və təzahürlərinə qarşı mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq və qaçaqmalçılıq, kibertəhlükəsizlik və digər təhlükəsizlik hədələrinə qarşı mübarizə sahəsində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin, görüş əsnasında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq və Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfəsi qeyd olunub.

İkinci təhlükəsizlik dialoqu adlı tədbir isə 2019-cu ilin dekabrında keçirilmişdi.   

Yada salaq ki, bu il martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistanla Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib. Söhbət zamanı, həmçinin, Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə olunub.

Maraqlıdır ki, təhlükəsizlik üzrə dialoq Avropa İttifaqının qurumu olan Avropa Parlamentinin Bakıya qarşı qərəzli qətnaməsi qəbul olunduqdan sonra keçirilir. Birtərəfli və qərəzli qətnamədə Bakı  “erməni mədəni-milli abidələrinin dağıdılmasında” ittiham olunur. Avropa İttifaqı bir tərəfdən də Azərbaycan qazının Avropaya ixracını artırmaq üçün danışıqlar aparır. O da qeyd edilməlidir ki, bu, Rusiya-Ukrayna müharibəsi fonunda keçirilir. Avropa İttifaqı rəsmisinin tvitində “Rusiyanın Ukraynaya təcavüzü və onun daha geniş regional nəticələri ümumi problemləri həll etmək üçün daha sıx əməkdaşlıq tələb edir” fikri diqqət çəkir. Moskvanın sanksiyalara qoşulan Avropa İttifaqı ölkələrinə qarşı mövqeyi məlumdur. Eləcə də hazırda təkcə sanksiyalara qoşulan deyil, qoşulmayan və xüsusilə yaxın ölkələrə diqqəti artırıb. Bakı Moskvaya qarşı hər hansı birlikdə yer almayacağını Rusiya ilə imzaladığı son müttəfiqlik sazişində də təsdiqləyib. Amma indi elə bir həssas zamandır ki, məsələn, Bakıda Rusiya əleyhinə hər hansı müzakirələr belə xoş olmayan reaksiya doğura bilər. Rəsmi Bakı, əlbəttə ki, bu riskləri göz önünə alıb və  tədbirdə də əsasən Azərbaycan-Avropa İttifaqı əlaqələrinin təhlükəsizlik məsələlərinə diqqət edəcək.

Ceyhun Məmmədov - YouTube

 Ceyhun Məmmədov

Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, burada heç bir problem yoxdur: “Azərbaycan həm Rusiya ilə, həm Avropa İttifaqı ilə münasibətlərini qoruyur. Bu, Azərbaycanın tam suveren hüququdur. Bakıda indi Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqunun keçirilməsi də hansısa dövlətin əleyhinə qətiyyən yönəlməyib. Azərbaycan əvvəlki dövrlərdə də analoji bu cür görüşlər keçirib, müzakirələr aparıb. Bu gün Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq sənədi imzalayıb. Bu sənədlər də Rusiya və ya başqa hansısa ölkənin əleyhinə deyil. Avropa İttifaqı ilə növbəti təhlükəsizlik dialoqunun keçirilməsi önəmlidir. Bu, həm Azərbaycan üçün lazımdır, həm də Avropa İttifaqı üçün gərəklidir. Burada hansısa dövlətin narahat olmağına ehtiyac və əsas yoxdur”.

Deputat qeyd etdi ki, bu cür təhlükəsizlik dialoqları bölgənin, dünyanın təhlükəsizliyinə töhfə verəcək tədbirlərdəndir: “Regionda cərəyan edən prosesləri təhlil etdikdə belə dialoqların əhəmiyyəti bir daha aydın olur. Bu dialoq həm Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığı gücləndirəcək, həm də regionda təhlükəsizliyə xidmət edəcək. Azərbaycan müstəqil suveren dövlətdir, özü öz siyasətini müstəqil həyata keçirir. O baxımdan da düşünürəm ki, narahatlığa əsas yoxdur. Azərbaycan Avropa İttifaqı ilə iqtisadi sahədə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq edir. Təcrübə də sübut edir ki, bu əməkdaşlıqlar hansısa ölkəyə qarşı deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR