İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağdam və Xirosimanın qardaşlaşması böyük hadisə olar” – politoloq

"Qafqazın Xirosiması" adlandırılan Ağdam və Yaponiyanın Xirosima şəhərləri qardaşlaşa bilər. Bunun üçün konkret çalışmalar başlayıb. Bu barədə xəbəri Musavat.com-a Prezidentin işğaldan azad olunmuş ərazilərdəki (Şuşa istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov verib. Emin Hüseynov Musavat.com müxbirinə deyib ki, Ağdamın Xirosima ilə qardaş şəhərlər olması üçün xüsusi nümayəndəliyin təmsilçiləri Yaponiyada olublar və bu barədə Xirosima şəhərinin meriyası ilə danışıqlar aparıblar.

Məlum olduğu kimi, Xirosima dünyada atom silahına məruz qalmış ilk şəhərdir. Belə ki, 1945-ci ilin avqust ayında Yaponiyanın iki şəhəri Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qalıb. Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Xirosima (Hiroşima) şəhərinə atılıb. Şəhərin 60 faizi partlayış nəticəsində məhv olub. Şəhər uzun illər quru divarlardan ibarət qalıb. Hazırda da şəhərin bir hissəsini bərpa etmədən saxlayan yaponlar bütün dünyaya genosidin açıq muzeyini təqdim edirlər.

Yeri gəlmişkən, xüsusi nümayəndə Emin Hüseynov müxbirimizlə söhbətində bu məqama da toxunub. O bildirib ki, Ağdam şəhərinin 16 hektar ərazisi bərpa olunmadan, erməni vəhşətinin və barbarlığının nümunəsi kimi, açıq hava muzeyi kimi saxlanacaq.

Qərb jurnalistləri Ağdama "Qafqazın Xirosiması" adı veriblər. İlk dəfə bu ifadəni məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal işlədib.
Məhz bu bənzətmədən yola çıxan Azərbaycan dövləti olduqca kreativ və maraqlı bir addım atıb. Xirosima ilə Ağdamın qardaşlaşması ideyası baş tutarsa, onun Azərbaycana hansı siyasi və real dividentləri ola bilər?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb:

“Bu, çox mühüm hadisə olacaq. Əvvəla, işğaldan azad olunmuş torpaqları gəzən, orada olan jurnalistlərin bir çoxu oradakı dağıntılar qarşısında həddindən artıq heyrətlənmişdlər. Eləcə də məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal da həmin görüntüləri görüb, Ağdamı “Qafqazın Xirosması” adlandırmışdı. Bu, doğrudan da çox dəqiq ifadədir.

Amerika Yaponiyaya atom bombası atanda şəhərin təxminən 3\2 hissəsi darmadağın olub, yanıb, Ağdam isə başdan-başa ermənilər tərəfindən dağıdılıb. Bu baxımdan Azərbaycan tərəfi özü təşəbbüslə çıxış etdi ki, Xirosima şəhərinə getsinlər və Ağdamın bu şəhərlə qardaşlaşması haqqında sənədin imzalanmasına nail olsunlar”.

Politoloq artıq ilkin razılaşmaların olduğunu qeyd etdi:

“Artıq onlar geri qayıdıblar və demək olar ki, ilkin razılaşmalar əldə olunub. Yəni Yaponiya tərəfi belə bir fikrə müsbət yanaşdığını ifadə edib. İndi onların da nümayəndəsi Azərbaycana gəlib, Ağdam şəhərinə gedəcəklər. Ağdamda quruculuq işləri başlansa da oradakı xarabalıq yerində qalır və onlarda Ağdam, erməni vandalizmi haqqında tam təsəvvürlər yaranacaq. Beləliklə, mən tam əminəm ki, Ağdamla Xirosima şəhərlərinin qardaşlaşması haqqında razılaşma əldə olunacaq.

Bəs hansı dividentlər olacaq? Hesab edirəm ki, çox böyük dividentlər olacaq. Birincisi, erməni vəhşilərinin işğal etdiyi ərazilərdə necə böyük dağıntılar, vandallıqlar olduğunu, maddi və mənəvi abidələrimizin, məscidlərimizin darmadağın edildiyini, insanlığa qarşı hansı vəhşiliklər tördədildiyini öz gözləri ilə görəcəklər. İkincisi isə qardaşlaşma haqqında sənədləşmə olduqdan sonra bu haqda bütün dünyada daha bitkin, daha ətraflı təsəvvürlərin formalaşmasına nail ola biləcəyik”.

Millət vəkili Ceyhun Məmmədov da qeyd etdi ki, bu, çox önəmli addımdır:

“Hər kəs bilir ki, Ağdam işğalı müddətində erməni vandalizminə məruz qalıb. Bu baxımdan hər iki şəhərin qardaşlaşması məsələsinin siyasi baxımından çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, belə bir qardaşlaşma ölkə rəhbərliyimizin Azərbaycan üçün apardığı işə öz töhfəsini verəcək və biz daha geniş platformalar əldə edəcək və bu platformalar vasitəsi ilə erməni vəhşiliyini ifşa edəcək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıracağıq.

Beləliklə də, iki şəhəri qardaşlaşdırmaqla qarşımıza qoyduğumuz hədəf və məqsədlərə nail olacağıq. Bu baxımdan bu məsələ vaxtında düzgün düşünülmüş, düzgün atılmış addımdır”.

Xalidə Gəray,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR