İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev: “Ermənistanın nicat yolu yalnız sülhdədir”

"Bazar günü dövlətimiz üçün vacib tarixi hadisələrlə yadda qaldı, məhz Prezident İlham Əliyevin Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi oldu. İranın mərhum Prezidenti ilə görüşən Liderimizin mətbuata açıqlamaları öz növbəsində vacib məqamlarla yadda qaldı".

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini sədri Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, Regionda sülhün qarantı olan Azərbaycan, sabitliyə və birgəyaşayışı, tolerantlığı dövlət siyasəti səviyyəsində aparan dövlətdir:

"İlk olaraq ortaq tarixi, dini və mədəni dəyərlərə toxunaraq mehriban münasibətlərin uzun tarixinin olmasını qeyd etdi. Daha sonra isə verdiyi mesajlar həm region həm də dünya üçün olduqca əhəmiyyət kəsb edirdi. Cənubi Qafqazdan sülhün bərqərar olunması nəinki region ölkələri üçün eləcə də dünya üçün vacib amildir. Məhz hazırda Azərbaycanın təşəbbüsü əsasında sülh gündəliyinin irəli aparılmasına və uzun illərdən sonra Ermənistanla sülh müqaviləsinin bağlanmasına yaxınıq.

Münaqişənin tarixinə baxanda məlum olur ki, “Böyük Ermənistan” xülyası əsasında dənizdən-dənizə kimi absurd münaqişənin müəlliflərinin bu ideyalarını həyata keçirmələri üçün mümkün şərait 90-cı illərin əvvəllərində yaranır. Ölkəmizin müstəqilliyini yeni əldə etməsi, hakimiyyətdə təmsil olanların səmərəsiz fəaliyyəti və şəxsi ambisiyaların dövlət və dövlətçilik ideyalarından öndə olmasını başa düşən düşmən torpaqlarımızı işğal etmişdir. Məhz siyasi hakimiyyətdəkilərin buraxdıqları ardıcıl və böyük səhvlər nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməsinə nə az nə çox 30 ilə yaxın vaxt lazım oldu.

Bu müddət ərzində istər Ulu Öndər Heydər Əliyevin və istərsə də Müzəffər Ali Baş Komandanın rəhbərliyində Azərbaycan konstruktiv və adekvat mövqe sərgiləsə də Ermənistan hər vəchlə sülhün qarşısında əsas əngəl oldu. Torpaqlarımızın dinc yolla qaytarılması istiqamətində atılan bütün addımlar Ermənistan tərəfindən rədd olunmuş, münaqişənin dinc yolla nizama salınmasının mümkünsüzlüyü, yeni ərazilərin işğalına cəhdlər kimi qeyri-konstruktiv mövqe nümayiş etdirilmişdir.

Məhz müharibənin bitməsindən 4 ilə yaxın vaxt keçib, indi bir daha hər kəsə aydın olur ki, bu gün sülhün qarşısında əngəl olanlar həmin zamanda Azərbaycan torpaqlarının dinc yolla geri qaytarılmasına imkan verməyənlərdi. Məhz Fransa bu gün Cənubi Qafqazda sülhün bərqərar olmasına ən böyük maneələrdən biridir və sülh müqaviləsinin imzalanmasına imkan vermir. Məhz rəsmi Paris özündə olan xaosu, həyata keçirdiyi müstəmləkəçilik siyasətindən fikri yayındırmaq məqsədilə diqqəti Ermənistana tərəf yönləndirir.

Bu gün təbii ki, Ermənistan rəhbərliyi və erməni xalqı da başa düşür ki, sülhdən başqa nicat yolu yoxdur. “Aprel döyüşləri”, İkinci Qarabağ müharibəsi, “Qisas” əməliyyatı, lokal xarakterli antiterror tədbirləri ölkəmizin tarixi qələbələri ilə yadda qaldı.

Ərazi bütövlüyümüzün bərpa, suverenliyimizin bərqərar olunması həm də Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələndi. Ordudan fərrari olan sayı 10 mini aşdı və məcbur qalaraq “ağ bayraq” qaldırdılar. Ölkəmiz o zaman olduğu kimi indi də humanistlik nümayiş etdirdi, kapitulyasiya aktını imzalatdırdı və nəticədə Ermənistan müharibədə məğlub olmasını rəsmiləşdirdi.

Məhz bu gün Azərbaycan və Ermənistan arasında danışıqlar vasitəçilər olmadan aparılır və bunun da uğurlu nəticələri daxil olmaqdadır, məhz delimitasiya və demarkasiya işləri uğurla davam edir. Nəticə etibarı ilə Qazax rayonunun düşmən işğalında qalmış 4 kəndi azad olunmuş və şanlı bayrağımız böyük məğrurluqla dalğalanır. Nəticə etibarı ilə ölkəmiz 28 illik tarixi olan çox ciddi bir problemi həll etdi, münaqişəni beynəlxalq humanitar hüququn tələbləri çərçivəsində nizama saldı. Bu gün rəsmi Bakı haqlı olaraq tələb edir ki, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır, belədir ki, bu qrup sözügedən missiya altında heç bir əməli fəaliyyət göstərməyib. Əksinə, indi görürük ki, münaqişənin həllinə cavabdeh olan üzvlərdən biri daim pozuculuq fəaliyyəti ilə məşğul olub, həllə imkan verməyib.

Regionda sülhün qarantı olan Azərbaycan, sabitliyə və birgəyaşayışı, tolerantlığı dövlət siyasəti səviyyəsində aparan dövlətdir. İstər qonşularımızla, istərsə də dünyanın müxtəlif bölgələrində yerləşən dövlətlərlə qurulmuş mehriban əməkdaşlıq siyasəti məhz Azərbaycan xarici siyasətinin uğurudur".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR