İnsanlara hürriyət, millətlərə istiqlal!

Adam əti yeyən diktatorun “başını yeyən” Yekaterina –MAR-ı talayan qadının macəraları

O, birinci xanım statusu ilə yanaşı, həm də imperatiça titulunu da daşıyıb. Mərkəzi Afrika Respublikasının prezidenti Jan Bedel Bokassa 1976-cı ildə fövqəladə qurultay keçirərək respublikanın adını dəyişib Mərkəzi Afrika İmperiyası, özünü isə ömürlük imperator elan edəndə, 19 həyat yoldaşının arasında Yekaterina Danqiadeni imperatiça titulu ilə taclandırıb...

Onların tanışlığı çox adi bir şəraitdə baş verib. 1962-ci ildə 13 yaşlı Yekaterina litseydən çıxıb evə gedəndə öz şəxsi avtomobili ilə şəhər gəzintisində olan 40 yaşlı zabit Bokassanın diqqətini cəlb edib. Yolüstü tanışıqlıqdan sonra gizli münasibətlərin ömrü uzun sürməyib. 1964-cü ildə, hələ Yekaterinanın 16 yaşı tamam olmamış onlar ailə həyatı qurublar. Qeyd edək ki, Bokassanın 19 həyat yoldaşı, faktiki bilinən övladlarının sayı isə 77 olub.

728x546_1_847649c0bae3cd3217a3f92bdcb35074@1488x1116_0xac120003_7692380661601047827.jpg (125 KB)

1965-ci ilin dekabrın 31-dən yanvarın 1-ə keçən gecə həmin vaxt Mərkəzi Afrika Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini tutan Bokassa dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirib. Mərkəzi Afrika Respublikasının tarixinə bu hadisə “yeni il çevrilişi” kimi düşb. O, özünü prezident elan etdikdən sonra hədsiz var-dövlət hərisi olan Yekaterina Danqiadenin həyatının da “çiçəklənmə” dövrü başlayıb.

Əslində, Yekaterina aralarında 27 yaş fərqi olan Bokassaya ər kimi yox, bitib-tükənməyən gəlir mənbəyi kimi baxıb. Sözsüz ki, ərinin adam əti ilə qidalandığından xəbərdar olan xanım Bokassaya heç normal insan kimi də baxmayıb. (Bokassa haqqında yazını bu linkdən oxuya bilərsiniz: https://www.musavat.com/news/sufresinden-adam-eti-eskik-olmayan-prezident-bokassa-sirrin-ustu-moskvada-acilib_832873.html)

728x542_1_69cef9a213884fcee7aa6850d022147f@1000x745_0xac120003_19381016341601048453.jpg (89 KB)

Zaman-zaman Yekaterina Bokassanı şirin dilə tutaraq Avropa ölkələrində, xüsusilə də Fransada bir neçə dəbdəbəli iqamətgaha sahib olub. O, özünü qaranlıq “əyləncə”lərdən də məhrum eməyib. Gizli görüşləri məxfi saxlamaq üçün Yekaterina ona ayrılmış mühafizəçiləri və sürücünü böyük məbləğdə pullarla susdurub.

Bokassa özünü imperator elan edəndə Yekaterina ondan təkidlə imperatiça olmasını tələb edib. Bokassa gənc xanımının tələbindən imtina edə bilməyib. İmperator və imperatiçanın tacqoyma mərasimi isə Bokassalar ailəsinə 20 milyon dollara başa gəlib.

Təkcə Yekaterina üçün Fransada hazırlanmış paltarın qiyməti 72 min dollara başa gəlib. Mərasimdə onun üzərində olan zinət əşyalarının qiyməti isə 3-4 milyon dollardan artıq olub.

728x486_1_18020852b719b3ad8c8c5db9c43fda37@2880x1922_0xac120003_19527233971601047810.jpg (141 KB)

Mərasim zamanı verilən ziyafətdə istifadə olunan bütün ərzaq məhsulları, çoxçeşidli içkilər, hətta istifadə olunan qab-qacaq Fransadan gətirilib. Böyük məbləğ tələb edən bu siyahını Yekaterina tərtib edib. Xərclənən bütün vəsait isə dövlət büdcəsindən ayrılıb.

Yekaterina öz zənginliyini nümayiş etdirməkdən heç vaxt çəkinməyib. Hətta o, uzaq əyalətlərə, uşaqların, qadınların, yaşlı insanların xəstəlikdən, aclıqdan öldükləri yaşayış məntəqələrinə gedəndə belə öz zinət əşyaları ilə ətrafdakılarının gözünü qamaşdırıb.

Paris Yekaterinanın ən sevimli məkanına çevrilib. Ən xırda alış-veriş üçün də o, xüsusi təyyarə ilə Parisə uçub. İmperatiça müalicə və müayinələrini də fransızlara etibar edib. Ən tanınmış klinikalarından birində isə ona üzərində kiloqramdan artıq qızılın gəzdirməməsini tövsiyə ediblər.

Emperor-Jean-Bedel-Bokassa.jpg (196 KB)

Bokassanın Fransaya son dərəcə meylli olması iki ölkənin prezidentləri arasında dostluq münasibətinə çevrilib. Bokassa və Valeri Jiskar d'Esten mütəmadi olaraq qeyri-rəsmi şəraitdə ailəlikcə görüşüblər. Bu görüşlər sonda Bokassa üçün böyük problem yaradıb. Belə ki, Valeri Jiskarla Yekaterina arasında sevgi romanı yaşanıb. İmperatriça Fransa prezidentinin məşuqəsi olmaqdan imtina etməyib, əksinə, bu təklifdən məmnunluq duyub.

Imperator_Zhan_Bedel_Bokassa_2.jpg (112 KB)

Bokassa 1979-cu ildə hakimiyyətdən devrildikdən sonra Parisdə məskunlaşanda da xanımı ilə Fransa prezidentinin münasibətləri davam edib. Bu münasibətlər haqqında Yekaterinanın sürücüsü Bokassaya məlumat verəndə ailədə böyük qalmaqal yaranıb. Qalmaqaldan sonra Yekaterina vaxtilə əri tərəfindən İsveçrənin Lozanna şəhərində ona alınmış iqamətgaha köçüb və onların arasında əlaqələr kəsilib.

Yekaterina Danqiade bu ayrılıqdan sonra həyat yoldaşını yalnız illər keçdikdən sonra, 1996-cı ildə görüb. Amma canlı yox, tabutdakı meyidini. Belə ki, Yekaterina Bokassanın rəsmi həyat yoldaşı kimi dəfn mərasimində iştirak etməyə məcbur olub.

Imperator_Zhan_Bedel_Bokassa_7.jpg (218 KB)

Bokassanın vəfatından sonra Yekaterina Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərinə köçüb. Bokassa həbs olunduqdan sonra onun var-dövlətinin əsas hissəsi əlindən alınsa da, Yekaterinanın adına olan çoxsaylı əmlaklara, ərinin sayəsində əldə etdiyi var-dövlətə toxunmayıblar. Bir müddət Yekaterina cəmiyyət arasında görünməsə də, 2010-cü ildə Mərkəzi Afrika Respublikasının prezidenti Fransua Bozizenin təşəbbüsü ilə Bokassaya tam bəraət verildikdən sonra (ölümündən sonra) Yekaterina sahib olduğu var-dövlətlə öz zəngin həyatını davam etdirməyə başlayıb.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR