Onlayn ictimai-siyasi qəzet
Naxçıvanda hərbi hissənin komandiri, polkovnik Samir Həziyev və hərbi hissəsinin sabiq tibb xidməti rəisi, tibb xidməti kapitanı Aydın Quliyev cinayət məsuliyyətinə cəlb edilmələri barədə məlumat vermişdik.
Musavat.com xəbər verir ki, komandirlə xidmət rəisi Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Beynəlxalq münasibətlər fakültəsində bakalavr, ardından Təl-Əviv Universitetində magistr təhsili almış 25 yaşlı Ceyhun Hüseynovun hərbi xidmət zamanı ölümünü hüquq-mühafizə orqanları öncə qətl sayırmış.
Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi də başladılıbmış. Ancaq sonradan onun özünə qəsd etdiyi nəticəsinə gəliblər.
Mərhum əsgərin atası Tofiq Hüseynov deyir ki, oğlu uşaqlıqdan vətənpərvər böyüyüb. Onun sözlərinə görə, oğlu müalicə alıb, dərman qəbul etsə də, psixi problemi olmayıb.
Tofiq Hüseynov məhkəməyə ərizə verib, təqsirləndirilən polkovnik və kapitanı bağışladığını, onlardan şikayətçi olmadığını bildirib.
Ceyhun Hüseynov xidmət etdiyi hərbi hissənin komandiri, polkovnik Samir Həziyev və hərbi hissəsinin sabiq tibb xidməti rəisi, tibb xidməti kapitanı Aydın Quliyev cinayət məsuliyyətinə cəlb ediliblər.
Polkovnik Samir Həziyev ifadəsində deyib ki, Ceyhun Hüseynovun kənardan atılan güllədən həyatını itirdiyini düşünür.
Ceyhun Hüseynova bu olaydan bir müddət öncə hərbi hissə rəhbərliyinin qərarı ilə 7 sutka həbs cəzası verilib. Əsgərin cəzalandırılmasına səbəb kimi, onun heç kimə məruzə etmədən qumbaraatandan atəş açması göstərilib. Həbslə yanaşı, onun üzərinə zərurət olmadan açılan atəş nəticəsində vurulmuş ziyanın 10 qatı qədər – 2 min 18 manat cərimə ödəmək öhdəliyi də qoyulubmuş.
Hərbi hissənin komandiri əsgərin ölümündən sonra elə həmin olaya görə cinayət məsuliyyətinə cəlb edilib. O, bu barədə materialları aidiyyəti üzrə təhqiqat orqanına, ya da hərbi prokurorluğa göndərməməkdə, 7 sutka həbs cəzası verməklə araşdırmanı yekunlaşdırmaqda suçlanır. Bir neçə gün sonra əsgəri yenidən öncəki döyüş mövqeyinə qaytarıblarmış.
Kapitan Aydın Quliyevə gəlincə, cinayət işinin materiallarına görə hərbi hissə rəhbərliyi də, tibb xidmətinin rəisi də Ceyhun Hüseynovun psixoloji problemləri olduğunu bilirmiş. Hətta bu üzdən onu müayinə üçün Naxçıvan MR Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinə göndəriblərmiş. Dispanserin baş həkimi əsgərlə söhbətində onun əsəbilikdən, hadisələrə tez reaksiya verməsindən, yuxusuzluqdan şikayətləndiyini, hərbi xidmətdən öncə də psixoloji problemlərlə bağlı həkimin yazdığı bir dərmanı atdığını deyib. Həmin dərmanın adını da söyləyib.
Polkovnik Seymur Həziyev özünü təqsirli bilməsə də, Aydın Quliyev özünü günahkar sayaraq deyir ki, Ceyhun Hüseynovun davranışlarını izləməyi bölmədə olanlara tapşırmadığına, hərəkətləri barədə akt tərtib etmədiyinə, onu təkrar psixiatr baxışına göndərmədiyinə görə peşmandır.
Ceyhun Hüseynovun əmisi 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində həlak olub. Ona elə həmin əmisinin adı verilib.
Ceyhun Hüseynov ötən il iyunun 9-da postda itkin düşsə də, meyiti 2 günlük axtarışlardan sonra Naxçıvan MR Şərur rayonunun Günnüt yaşayış məntəqəsi səmtində yerləşən ərazidə tapılıb. Həmin gün postda onunla birlikdə olmuş şahidlər deyib ki, o, qəfildən neytral əraziyə tərəf irəliləməyə başlayıb. Onu çağırıb təhlükəli olduğunu desələr də, eşitmək istəməyib, bir neçə güllə ata-ata irəli gedib. Amma bir neçə saniyə sonra çox fərqli bir atəş səsi eşidilib və Ceyhun Hüseynov yerə yıxılıb. Bu üzdən, şahidlər istisna etmirlər ki, həmin atəş başqa silahdan açılıb. Onun üzbəüz postda olan ermənilər, ya başqa biri tərəfindən vurulduğunu, yaxud özünə qəsd etdiyini dəqiq bilmirlər.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ