İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Rusiyanın “yorğan davası”, Bakının “Yol xəritəsi”

Bölgədə şərtləri artıq Azərbaycan diktə edir; bu faktorun xaricində diplomatik səylər yalnız mənasız vaxt itkisi olacaq!..

ATƏT-in keçmiş Minsk Qrupunun ABŞ-dan olan sabiq səfiri Endryu Şofer uzun fasilədən sonra Bakıya gəlib. Bu dəfə Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri qismində. Maraqlıdır ki, eyni gündə Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi, eks-həmsədr İqor Xovayev də ölkəmizə təşrif buyurub. Artıq hər iki diplomatın Azərbaycan rəsmi şəxsləri ilə ayrı-ayrılıqda görüşləri başlayıb.

Bəs ABŞ və Rusiyanın budəfəki diplomatik aktivliyi nə vəd edir? Belə bir fəallıq bölgədə kövrək sülh danışıqlarına stimul verə, ciddi və pozitiv nəticələrə gətirə bilərmi?

Hələlik söyləmək çətindir. Birinci ona görə ki, Ukrayna böhranı üzündən rəsmi Moskva ABŞ və Avropanın Güney Qafqazla bağlı istənilən moderatorluğuna çox qısqanc yanaşır. Ehtimallara görə, bu səbəbə Rusiya prosesdə yardımçı rolundan çox, tormozlayıcı rolda görünə bilər. İkinci yandan, MQ-nin 28 illik “təcrübəsi” göstərdi ki, vasitəçilərin bolluğu heç də işin xeyrinə deyil. Çünki hərə öz marağını güdür. Vaxt isə gedir və davam edən qeyri-müəyyənlik müharibə risklərini artırır.

*****     

Yeri gəlmişkən, Şoferin səfəri ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev belə bir açıqlama vermişdi ki, artıq sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi müəyyən edilib. Xovayevlə dünənki görüş zamanı dövlət başçısı bunu bir daha təsdiqlədi. Qalır İrəvanın adekvat addımları. Nəzərə alsaq ki, həm Şofer, həm də Xavayev Bakıdan öncə İrəvanda danışıqlar aparıb, gözləmək olar ki, bu məsələyə tezliklə aydınlıq gələcək.

Yada salaq ki, işçi qruplarının bu ayın sonunadək formalaşdırılması haqda Brüssel anlaşması var. Brüssel prosesini isə ABŞ və Fransa da dəstəkləyir. Ən önəmlisi sözügedən prosesin qayəsində Azərbaycanın təklif elədiyi məlum 5 prinsip və bu prinsiplərə əsaslanan “Yol xəritəsi” dayanır.

Paşinyanın Moskva səfəri zamanı hansı sənədlər imzalanıb?

Doğrudur, hələ də “ikili oyun” oynayan Nikol Paşinyan 19 aprel Moskva səfərindən qayıtdıqdan sonra, ötən həftə İrəvandan prosesi ləngidə biləcək pozucu bəyanatlar səsləndirib. Erməni baş nazir guya MQ həmsədrliyi institutunun hələ də işlək durumda olduğunu iddia edib və onu da bildirib ki, “Azərbaycanla sülh anlaşması məsələsində ”artsax" ermənilərinin mövqeyi nəzərə alınacaq". Bu isə köhnə əyyama qayıdış cəhdidir və 5 prinsipə ziddir. Ona görə ki, İrəvanın Azərbaycana qarşı ərazi iddiasının rəsmən davam elədiyini təsdiqləyir. Sərhəddə iki gün öncə erməni tərəfinin diversiyaya əl atması, bir erməni diversantın ələ keçməsi bunun başqa bir təzahürü sayıla bilər.

***** 

“Qraparak” erməni nəşri bu xüsusda yazıb ki, Nikol Paşinyanın Putinlə son görüşü heç də mehriban şəraitdə keçməyib. “Əksinə, Paşinyana bir daha sərt xəbərdarlıq edilib ki, o, Rusiya tərəfi ilə müzakirə olunanadək sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Qərb və Bakı ilə təmasdan, yeni təklif və variantları müzakirə etməkdən çəkinsin. Söhbət Brüssel görüşündən və əldə olunan razılaşmalardan gedir”, - deyə qəzet vurğulayıb.

Nəşrin istinad elədiyi qaynağın sözlərinə görə, Rusiya tərəfi başa düşür ki, Paşinyan ruslarla 30 bəndlik saziş imzalasa da, hər an onun arxasında Avropa Birliyi ilə başqa sazişlər imzalaya bilər...

*****

Paşinyan Moskva səfərindən öncə Putini hiddətləndirib | No Comment

Paşinyanın daha çox Qərbə bağlı olduğu nəzərə alınarsa, əslində iddianı müəyyən qədər inandırıcı saymaq olar. Hərçənd 2-ci Qarabağ savaşından sonra bölgədə geosiyasi abı-havanı Ermənistan müəyyən eləmir. Belə məsələlərdə İrəvanın söz sahibliyi yoxdur. Həlledici faktor İrəvana real təzyiq rıçaqlarına malik Qərb və Rusiyanın sülhün əldə edilməsində nə dərəcədə ardıcıl, prinsipial və səmimi olacağına bağlıdır. Əgər həmin mərkəzlər əvvəlki illərdə olduğu kimi, yenə “erməni kartı”ndan öz maraqları üçün faydalanmağa, yaxud Azərbaycana ağıl öyrətməyə, dərs verməyə, onu dilə tutmağa çalışacaqsa, onda “xüsusi elçilər” özlərini yollarda yormaya bilərlər. Azərbaycan belə “dərsləri” çox görüb.

Hər necə olmasa, yazı hazırlanarkən bəlli oldu ki, dünən Azərbaycan və Ermənistan XİN rəhbərləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikinci dəfə birbaşa danışıq olub. Azərbaycan XİN-in məlumatına görə, nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar və Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkilinə dair razılıq əldə olunub. Tərəflər həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar...

*****

Kapitulyant ölkənin Minsk Qrupu həmsədrliyinə bəslədiyi ümidlərə gəlincə, İlham Əliyev bu haqda ötən həftə bir daha qəti şəkildə öz fikrini bildirib. Deyib ki, MQ yoxdur və onun mövcudluğuna ümid bəsləmək mənasızdır. Bu mesaj ilk növbədə o anlama gəlir ki, həmsədr ölkələr bir daha erməni maraqlarından çıxış edib “köhnə palan içi tökməsinlər”, Azərbaycanın qələbəsindən sonra obyektiv, ədalətli mövqe sərgiləsinlər və heç olmasa, indi bölgədə sülhə real töhfə versinlər.

Paşinyanın hakimiyyət sirri açılır: ABŞ, Azərbaycan və Rusiyanın dəstəyi  necə qazanıldı

Bu isə Bakının “Yol xəritəsi” əsasında mümkündür. Nədən ki, artıq bölgədə şərtləri Azərbaycan, Azərbaycan-Türkiyə tandemi diktə edir və bu amili ciddiyə almamaq boşuna vaxt itkisidir. Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıçın haqlı vurğuladığı kimi, hətta iki qardaş dövlətin gücünün birləşməsi ilə qüdrətli bir regional güc ortaya çıxıb: “Hər kəs bilməlidir ki, bu güc sülh, inkişaf və sabitlik üçündür. Ermənistan Türkiyə və Azərbaycanın ona uzatdığı əlin qiymətini bilməlidir. Çünki bu əldə erməni xalqı üçün çörək var...”      

*****

“Qarabağ ətrafında, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ətrafında gedən proseslər Rusiya ilə Qərb arasında ən kəskin fazaya keçib”.

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri erməni siyasi texnoloq Viqen Akopyan yerli mediaya müsahibəsində söyləyib.   

Onun sözlərinə görə, bütün ziddiyyətlərə baxmayaraq, Minsk Qrupu onilliklər ərzində onlar arasında əməkdaşlıq formatı kimi özünü göstərib. “Bu, müstəsna format idi. İndi isə bu qarşıdurmanın məntiqi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması sferasına keçib. Onu da qeyd etmək lazımdır ki, Minsk Qrupu həqiqətən də de-fakto mövcud deyil. Və biz bunu görürük”, - deyə o qeyd edib.

Erməni siyasi texnoloq hesab edir ki, Minsk Qrupuna həmsədrlik eləmiş hər bir ölkə başlanmış prosesin bir növ moderatoru kimi çıxış edərək “yorğanı öz üzərinə” çəkməyə çalışır...

*****

Azərbaycana isə “yorğan davası” yox, bölgə xalqlarını daimi sülh və əməkdaşlığa sövq edəcək real işlər, prosesə real töhfə lazımdır. Rusiya və Qərb buna kömək etməyəcəksə, heç olmasa əngəl yaratmasın...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR