İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Qərb Kremlin “qələm”ini qırır: Dörd nəhəng dövlət Rusiya ilə dağıdıcı savaşı başlayır

ABŞ və Qərbin indi əsas strategiyası Rusiya ilə birbaşa toqquşmadan, onu zəiflətməyə və tədricən təslim olmağa məcbur buraxmağa yönəlib... Bu isə yalnız Ukraynanın gələcək taleyini deyil, həm də Avrasiya regionunun təhlükəsizlik arxitekturasında həlledici mərhələyə keçidi təmin edə bilər...

Ukrayna savaşı ətrafında artıq yeni mərhələ başlanmaq üzrədir. Belə ki, Tramp-Putin sövdələşməsinin pozulmasından sonra Kremlin neo-imperialist mövqeyi tədricən təhdidkar meydan oxuma məzmunu qazanmağa başlamışdı. Ukrayna savaşının dayandırılmasına cəhd göstərən Ağ Ev Kremllə anlaşa bilmədiyindən ABŞ-ın vasitəçilik missiyasından geri çəkilmişdi. Və İstanbul görüşü Kremlə verilən son şans olsa da, Rusiya siyasi dairələri ondan istifadə etməyə həvəs göstərməyərək, təhdidkar mövqeyində israrlı olmuşdu.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın bu aqressiv davranışlarının qətiyyən cavabsız qalmayacağı elə əvvəlcədən şübhə doğurmurdu. Bu baxımdan, Kreml tərəfindən İstanbul görüşünün iflasa uğradılmasına cavab olaraq, ABŞ və Qərbin Rusiyaya qarşı cəza reaksiyası özünü o qədər də çox gözlətmədi. Əvvəlcə Avropa Birliyi Rusiya əleyhinə növbəti stansiya paketini təsdiqlədi. Və ardınca Qərbin Ukraynaya hərbi dəstəyi daha intensiv mərhələyə keçirildi.

Məsələ ondadır ki, Almaniya kansleri Fridrix Mersin bəyanatına əsasən, Ukraynaya verilən silahların tətbiq məsafəsi ilə bağlı məhdudiyyətlər artıq aradan qaldırılıb. Bu qərar təkcə Almaniya tərəfindən deyil, həm də Böyük Britaniya, Fransa və ABŞ tərəfindən qəbul edilib. Bu o deməkdir ki, Ukrayna artıq Qərbdən aldığı uzaqmənzilli silahlarla Rusiya ərazisinin dərinliklərində strateji hərbi hədəflərə zərbələr endirə bilər.

1739505413_tramp-zelenski-putin-savas.jpeg (157 KB)

Təbii ki, bu radikal taktiki dəyişiklik ABŞ və Qərbin Rusiya ilə bağlı strateji yanaşmasında önəmli dönüş nöqtəsi də sayıla bilər. Belə ki, artıq Ukrayna yalnız öz ərazisini müdafiə etməklə kifayətlənməyəcək, həm də Rusiya daxilindəki logistik və strateji hərbi obyektləri birbaşa hədəfə almaq imkanı qazanacaq. Nə qədər qəribə də olsa, Kreml Qərbin bu taktika dəyişikliyini Rusiya üçün təhdid olaraq qəbul edir. Halbuki, İstanbul görüşünü sabotaj edərkən, sülh danışıqlarını pozarkən Kremldə situasiyanın Rusiyanın əleyhinə çevriləcəyini də bilməmiş deyildi.

Ancaq Kreml həm Ukraynaya, həm də ABŞ və Qərbə Rusiyanın şərtlərini diqtə etmək cəhdləri ilə böyük risk aldı. İndi isə real təhlükənin əhatə dairəsini nəzərə almaq məcburiyyətində qalan Rusiya ciddi şəkildə narahat olmağa başlayıb. Kreml Almaniya istehsalı olan “Taurus” raketlərinin Rusiya ərazisində istifadə olunacağı təqdirdə, bunu rəsmi Berlinin müharibədə birbaşa iştirakı kimi qiymətləndiriləcəyini bəyan edib. Bu isə həm də potensial olaraq, NATO-Rusiya münasibətlərində gərginliyin daha da dərinləşməsinə səbəb ola bilər.

Beləliklə, ABŞ və Avropa Birliyi ölkələrinin Rusiyanı narahat edən qərarı yalnız Ukraynaya dəstək deyil, eyni zamanda, Kremlin sülh danışıqlarına maraq göstərməməsinə cavab reaksiyasıdır. Rusiya, xüsusilə də Ukraynanın Xarkov vilayəti istiqamətində son aylarda həyata keçirdiyi hücum əməliyyatları ilə göstərdi ki, sülh danışıqlarından daha çox hərbi qələbəyə üstünlük verir.

rusiya.jpg (68 KB)

Təbii ki, belə vəziyyətdə ABŞ və Qərbin Ukraynaya daha geniş hərbi imkanlar təqdim etməsi isə Rusiya üçün əsl fəlakət ssenarisidir. ABŞ və Qərbin əsas hədəfi Rusiyanın hərbi baxımdan, strateji üstünlüyünü pozmaq və onu real sülh danışıqlarına məcbur etməkdir. Bu, klassik "məsuliyyətli eskalasiya" yanaşmasıdır. Və vəziyyəti mümkün qədər gərginləşdirərək, qarşı tərəfi geri çəkilməyə vadar etmək məqsədi daşıyır.

Ukraynanın uzaqmənzilli silahlarla Rusiya dərinliklərinə zərbələr endirməsi ilk baxışda Kremlin aqressiv mövqeyini yumşalda bilərmiş kimi görünür. Ancaq reallıq daha mürəkkəbdir. Çünki Kreml bu savaşı Rusiyanın daxili siyasi məkanında “vətən müharibəsi” kimi təqdim edir. Ona görə də, Kremlin hər hansı geri çəkilmə qərarı Rusiya cəmiyyətində zəiflik əlaməti kimi də yozula bilər.

Ona görə də, Kreml üçün belə bir siyasi-ideoloji dəyişiklik yalnız Rusiyanın iqtisadi və hərbi baxımdan, tam tükənməsinə paralel olaraq, ciddi ölkədaxili təzyiqlər və siyasi risklər qarşısında mümkündür. Əks halda, Ukraynanın uzaqmənzilli raket zərbələrinə Rusiyanın daha qəddar hərbi reaksiya verə biləcəyi də qətiyyən istisna deyil. Bu isə hərbi münaqişənin daha genişmiqyaslı və təhlükəli mərhələyə keçidini sürətləndirə bilər.

ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi yeni iqtisadi sanksiyalar – xüsusilə enerji, texnologiya, bank sektoru və ticarət yollarına yönəlmiş məhdudiyyətlər – Kremlin maliyyə-iqtisadi dayanıqlığını zəiflətmək məqsədi daşıyır. Bütün bunların nəticəsində Rusiya iqtisadiyyatında texnoloji geriləmənin sürətlənəcəyi, enerji resursları ixracından gələn gəlirlərin azalacağı, inflyasiyanın yüksəlişi ilə bağlı sosial narazılığın dərinləşəcəyi, Rusiyanın geosiyasi təcridə məruz qalacağı gözlənilir.

1665217208.jpg (64 KB)

Bütün bunlar baş verərsə,  Rusiyanın həm də Çindən və Qərb düşərgəsinə daxil olmayan digər dövlətlərdən asılı vəziyyətə düşmə ehtimalı da mövcuddur. Bu halda, Kremlin geosiyasi balansı pozularaq, zəifləyə və Rusiyanın müstəqilliyinə isə uzunmüddətli təhlükə yarana bilər. Eyni zamanda, Ukraynaya artan hərbi dəstəyin (“Patriot” sistemləri, uzaqmənzilli raketlər, müasir dronlar və ağır artilleriya) Rusiyanın savaş meydanındakı mövcud üstünlüyünü getdikcə zəiflədəcəyi ehtimal olunur. Əgər, ABŞ və Qərbin bu hərbi dəstəyi davamlı və koordinasiyalı şəkildə həyata keçirilərsə, Rusiya ordusunun geri çəkilməsi və ya onun döyüş mövqelərinin dağılması qaçılmaz olacaq.

Bu baxımdan, ABŞ və Qərbin yeni hərbi, eləcə də iqtisadi təzyiq strategiyası Rusiya üçün ikiqat pressinq rejimi formalaşdıracaq. Rusiya savaş meydanında hərbi-strateji üstünlüyü itirəcək, ölkə daxilində isə iqtisadiyyatın çöküşü başlayacaq. Nəticədə Kremlin vəziyyətdən çıxış üçün cəmisi bir neçə çətin seçim variantı qalacaq. Belə ki, Rusiya ABŞ və Qərbi Ukraynaya hərbi dəstəkdən çəkindirmək üçün NATO ölkələri ilə də gərginliyi artırmaq kimi riskli varianta məcbur qala bilər.

Əgər, Rusiya siyasi dairələri bu təhlükəli seçimə cəsarət etməzlərsə, onda Kreml ABŞ və Qərbə, eləcə də, Ukraynaya siyasi-diplomatik kompromislər barədə düşünməli olacaq. Əks halda, Rusiyanı həm uzunmüddətli və həm də ölkənin daxili resurslarını tükəndirə biləcək savaşı Kremldən asılı olmayan müddətədək davam etdirməli olacaq. Halbuki, gələcəkdə sosial və siyasi partlayışlara gətirib, çıxara biləcək bu variantın Rusiya üçün nə qədər təhlükəli olduğunu Kremldə də anlamamış deyillər.

Belə anlaşılır ki, hazırda ABŞ və Qərbin əsas strategiyası Rusiya ilə birbaşa toqquşmadan, onu zəiflətməyə və tədricən təslim olmağa məcbur buraxmağa yönəlib. Bu isə təkcə Ukraynanın gələcək taleyini deyil, həm də Avrasiya regionunun təhlükəsizlik arxitekturası baxımından, həlledici mərhələnin əsas istiqamətlərini müəyyənləşdirə bilər. Və əgər, Kreml yaxın vaxtlarda aqressiv mövqeyindən geri çəkilməsə, üzləşəcəyi nəticələr müəyyən mənada, Qərbin Rusiyanın “qələm”ini qırması anlamı da daşıya bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR