İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Türkiyəni müharibəyə cəlb etmək istəyir: “S-400-ləri Kiyevə ver…”

Ankaraya işarə edilib ki, əgər bu baş tutarsa, ABŞ-Türkiyə arasındakı “köhnə problemi” həll etmək mümkündür

Ağ Ev administrasiyası Türkiyə hakimiyyəti ilə S-400 zenit-raket komplekslərinin (ZRK) Ukraynaya  verilməsi ilə bağlı məsləhətləşmələr aparıb. Bayden adminisrtasiyasında hesab edirlər ki, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri Kiyevə  Rusiya ordusuna qarşı dirənməkdə kömək edə bilər.  Rusiyanın “Nezavisimaya qazeta”nəşri yazır ki, bu ideyanın prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə rəhbərliyi tərəfindən dəstəklənəcəyi ehtimalı azdır. Lakin S-400 mövzusu ətrafında müzakirələr ABŞ-Türkiyə münasibətlərində həll ediləsi bəzi məsələləri gündəmə qaytara bilər.  

ABŞ-ın Türkiyə ilə S-400-lərin Ukraynaya göndərilməsinin mümkünlüyünü müzakirə etməsi barədə bir neçə mənbədən “Reuters”ə bildirib.  “Reuters”in mənbələri bildirib ki, mövzu martın əvvəlində dövlət katibinin müavini Vendi Şermanın Türkiyəyə səfəri zamanı gündəmə gəlib. Təşəbbüs Vaşinqton və NATO-dakı müttəfiqlərinin Ukraynanın müdafiəsini necə gücləndirə biləcəyi konteksində   müzakirəyə çıxarılıb. Şerman Ankaraya işarə edib ki, əgər bu baş tutarsa,  S-400-lərlə bağlı ABŞ-Türkiyə arasındakı “köhnə problemi” həll etmək mümkündür. 

“ABŞ rəsmiləri bu yolla Türkiyəni Moskva və Kiyev arasında balanslaşdırma siyasətindən yayındırmaq istəyirlər” deyə, “New York Times” yazır. Bununla barabər,  o da qeyd olunur ki,  sövdələşmə baş tutarsa, Kremlin buna necə reaksiya verə biləcəyi barədə Ağ Evdə narahatlıq da var. “Bir məsələ isə aydındır: Ankara bu variant üstünlük verərsə, Vaşinqton S-400 səbəbindən yaranan fikir ayrılıqlarını aradan qalxacağını gözləyir”. 

Qeyd olunur ki, razılaşmadan sonra Ağ Ev Türkiyəyə qarşı məhdud sanksiyalar tətbiq edib və onu F-35 qırıcı proqramından çıxarıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ted Li “Twitter” hesabında yazıb: “Ukraynaya S-400 sistemi tədarük edərsə, ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarının ləğvini dəstəkləyəcəm”. Konqresmen Ankaranın Rusiyadan aldığı ZRK-ni işə salmadığını xatırladıb. “Sadəcə toxunulmamış vəziyyətdə qalır. Niyə? ABŞ sanksiyalarına görə. Türkiyə F-35 proqramına qayıtmaq istəyir. S-400-lərin təhvil verilməsi Türkiyəyə bu problemi həll etməyə kömək edər”.  

Pentaqon hesab edir ki, Kiyevə yeni hava hücumundan müdafiə sistemləri yeni təyyarələrdən daha çox lazımdır. Bunu ekspertlər də təsdiqləyir. Harvard Kennedi Məktəbinin Belfer Mərkəzinin kəşfiyyat  direktoru Pol Kolbe məqalələrinin  birində bu barədə yazır: “Ukraynada Sovet dövründən qalma S-300 mobil raket sistemlərinin məhdud ehtiyatları var. Bu silah effektivdir, lakin köhnəlmişdir və Ukrayna ondan ehtiyatla istifadə etməli idi. NATO daxilində Bolqarıstan, Yunanıstan və Slovakiyada nisbətən tez köçürülə bilən S-300-lər var”. Artıq ABŞ-da S-300 variantının Ukrayna üçün kredit-icarə proqramına daxil edilməsi ilə bağlı çağırışlar var və bir sıra məlumatlara görə, NATO bu ideyanı incələyir.  

Türkiyə baş verənləri açıq şəkildə “müharibə” kimi qiymətləndirsə də, Rusiyanın hərəkətlərinin qəbuledilməz olduğunu bəyan etsə də, eyni zamanda Rusiyaya qarşı sanksiyalara  qoşulmayıb.  Türkiyə vasitəçi olmaq üçün öz ərazisini  münaqişə tərəflərinə təklif edir. Ona görə də S-400-lərin Kiyevə göndərilməsi variantı onun üçün sərfəli və qeyri-real görünür. 

Xarici Siyasət Tədqiqat İnstitutunun elmi direktoru Aaron Stein hesab edir ki, Türkiyənin belə bir addımı şübhəsiz ki, Rusiyanın ciddi qəzəbinə səbəb olardı.  Türkiyə-Rusiya arasında hərbi sahədə əməkdaşlığın davam edib-etməyəcəyinə gəlincə, tərəflərin hər hansı qərarı yoxdur. Almaniya kansleri  Şoltzla son danışıqlardan sonra Ərdoğan qeyd edib ki, indiki şəraitdə Türkiyə ilə Rusiya arasında hərbi-texniki əməkdaşlığın inkişafından danışmaq hələ tezdir, bunun üçün Ukrayna böhranının necə bitəcəyini  gözləmək lazımdır.  

Buna baxmayaraq, Ankaranın ABŞ Konqresindəki fəal tənqidçiləri Türkiyə liderinin bəyanatlarını Ərdoğanın Rusiya tərəfdən silah almağa davam etmək istədiyinin “sübutu” kimi şərh etməyə çalışırlar. Onlar iddia edirlər ki, Türkiyənin NATO dəyərlərinə sadiqliyini nümayiş etdirməsinin vaxtı çatıb. Lakin onların təzyiqləri Ankaranın Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyinə qətiyyən zəmanət vermir. 

Orxan ƏLİYEV, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR