İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirlərini Bakıya toplayır - diplomatlara yeni təlimatlar veriləcək

Ermənistandakı Amerika səfirinə “dilini farağat qoy” tapşırığı veriləcəkmi?

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson Azərbaycana səfərə gəlir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. O, 27-28 aprel tarixlərində Bakıda missiya rəhbərlərinin konfransına qatılacaq.

“Sözügedən konfransda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya yardım məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak edirlər”, - səfirliyin məlumatında qeyd olunub. Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri  Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınır. Səfir bir neçə dəfə “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik” deyib, ermənipərəst mövqe ortaya qoyub. Rəsmi Bakı da bu mövqeyi “qəbuledilməz” hesab edib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonla görüşdə belə görünür ki, Cənubi Qafqazdakı səfirlərinə yeni siyasi kurs, təlimatlar verəcək. Çünki Ukrayna müharibəsi siyasi dəngələri ciddi şəkildə dəyişib. Səfirlərin fəaliyyət göstərdiyi hər üç ölkənin isə Rusiya ilə sərhədi və əlaqələri var.  Dövlət Departamenti təmsilçisinin səfirləri Bakıya toplaması Azərbaycana bir xoşməramlı jest kimi də qiymətləndirilə bilər. Amma Qarabağla bağlı indiki həssas dönəmdə - sülh sazişi haqda danışıldığı bir ərəfədə - səfirlərə veriləcək təlimat da mühümdür. Xüsusilə, Ermənistandakı səfir bundan sonra ifadələrində diqqətli olmağa dəvət edilməlidir.

Səfirlərə hansı təlimatlar verilə bilər, ABŞ-ın Ermənistandakı səfiri bundan sonra dilinə “yiyəlik edəcəkmi”, yoxsa mövqeyini Vaşinqtonun təlimatına uyğun olaraq daha da sərtləşdirəcək?

Yeganə Hacıyeva: “Cəmiyyətimizin siyasətlə maraqlanmaması haqda yanaşma  doğru deyil”

Yeganə Hacıyeva 

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, ABŞ Dövlət Departamentinin rəsmisi Erika Olson regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Azərbaycana səfərə gəlir: “ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya yardım məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak etdiyi konfransdan kənarda həm də səfər proqramında  ABŞ-ın Ermənistan, Gürcüstan və Azərbaycandakı səfirləri ilə birlikdə Bakıda missiya rəhbərlərinin regional toplantısında iştirak da var. Sırf bu səfəri şərh etməzdən öncə onu qeyd edim ki, ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlərinin bundan əvvəlki toplantıları 2018-ci ildə Tiflisdə, 2019-cu ildə Bakıda, keçən il isə İrəvanda keçirilib.

ATƏT-in ömrünü başa vurmuş Minsk Qrupunun keçmiş həmsədri, indi ABŞ Dövlət departamentinin Qafqaz danışıqlarına dair baş məsləhətçisi və bir çox hallarda isə “xüsüsi nümayəndə kimi”  adlandırılan Endryu Şofer  və USAİD təşkilatının administratorunun köməkçisinin müavini Mark Simakovskinin də qatılacağı toplantının məqsədi regionda hər üç ölkə ilə bağlı ABŞ siyasətini daha yaxşı əlaqələndirmək, fikir və məlumat mübadiləsi aparmaqla yanaşı, həm də konkret olaraq Azərbaycanda bu sahədə görüləcək işlər haqqındadır.

Burada onu da qeyd etmək yerinə düşür ki, bu görüşlərin daha öncəki İrəvan görüşündə USAİD-in Vaşinqton ofisinin direktorunun müavini Aleksandr Sokolovskinin iştirakı ilə təşkilatın hər üç ölkə üçün fəaliyyət  istiqamətləri və prioritetləri artıq müəyyənləşdirilib.

Azərbaycana qarşı mövqeyi ilə tanınan Ermənistandakı səfir Linn Treysinin Bakıya gəlişi də maraq doğurur. Bu şəxs özünü Birləşmiş Ştatların Ermənistandakı səfirindən daha çox ABŞ-ın Cənubi Qafqaz üzrə nümayəndəsi kimi göstərir və o yöndə mesajlar, bəyanatlar verirdi.

Bəzən bəyanatlardakı mesajlar ABŞ-ın Ermənistandakı səfirinin səlahiyyətlərindən kənara çıxır, bəzən isə ABŞ-ın Azərbaycandakı səfinin səlahiyyətlərini qəsb etmiş kimi görsənirdi. Belə ki, qaldırdığı suallar ABŞ və Azərbaycan arasında səslənirdisə, bunu Amerikanın Azərbaycandakı səfiri etməli idi və bu  daha doğru olardı. Linn Treysinin sözügedən fəaliyyəti və bunun davamlı təkrarlanması onun bu mesajlar və bəyanatlarının Vaşinqtonun deyil, səfirin özünün  təşəbbüsü olduğunun göstəricisi kimi qəbul edilirdi. Bundan sonra səfirə danışıqlarında ABŞ-ın Cənubi Qafqaz maraqları ilə uyğun gəlməyən tərzi dəyişməsi göstərişi verilə bilər. Ən azından rəsmi Bakı bu məsələni diplomatlarla görüşlərdə gündəmə gətirə bilər.

Ermənistan Cənubi Qafqazda Amerikanın tərəfdaşı yox, Ağ Evin yardımlarından faydalanan ölkədir. Ermənistan Cənubi Qafqazda  İranın ticari tərəfdaşı, Rusiyanın isə vassalıdır. Bunu ABŞ diplomatları, səfirləri nəzərə almalıdır".

Politoloq: “Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə  bilər”

 Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, Cənubi Qafqazın hazırda ən nüfuzlu ölkəsi Azərbaycandır. Bakı artıq Cənubi Qafqazın siyasi paytaxtına çevrilib. Son iki yüz ildə Cənubi Qafqazın siyasi paytaxtı Tiflis olub. Amma 44 günlük müharibədən sonra bu statusa Bakı sahiblənib: “ABŞ-ın səfirlərinin və diplomatlarının məhz Bakıda toplanması da Azərbaycanın necə önəmli ölkə olduğundan xəbər verir. Böyük dövlətlərin strateji siyasəti adətən dəyişməz olur, çox nadir hallarda bu siyasətə korrektələr edilir. Amma taktiki siyasi gedişlərdə tez-tez dəyişikliklər olur. ABŞ-ın Cənubi Qafqaz siyasəti də məhz bu cürdür. İndi Ukrayna müharibəsi bölgə üçün yeni vəziyyət yaradıb. Amerika da buna uyğun addımlarını atır və Cənubi Qafqaz siyasətində müəyyən korrektələr edir. Bu korrektələr Azərbaycanın xeyrinə ola bilər. Buna görə də Amerikanın Ermənistandakı səfirinə təlimatlar verilə bilər ki, bundan sonra Azərbaycana yönəlik daha ölçülü-biçili, problem yaratmayan açıqlamalar versin, münasibətlərə mənfi təsir edən fikirlər səsləndirməsin”.

İrəvan mesaj verir ki, "status" məsələsindən geri çəkilməyəcək" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində Azərbaycanla əməkdaşlıq strateji əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsindən sonra bu, yeni müstəviyə keçib. Həmçinin Rusiyanın Ukraynaya qarşı işğal müharibəsi Vaşinqtonun Cənubi Qafqazda mövqelərini gücləndirməyi zərurətə çevirir: “Azərbaycan regionda yeni bir reallıq yaradıb və Vaşinqtonda bu reallığı qəbul edib. Məhz Minsk Qrupunda həmsədrini Cənubi Qafqaz üzrə nümayəndə təyin edərək ölkəmizə göndərməsi bunu göstərir. Həm Şofer, həm də Dövlət Departamenti rəsmisi ölkəmizə səfəri və burada Cənubi Qafqaz ölkələrinin səfirlərinin toplantısının Bakıda keçirilməsi Vaşinqtonun Azərbaycanla yeni konfiqurasiyaya uyğun olaraq əməkdaşlığını yeni mərhələyə keçirməsi mesajıdır. Səfirlərə Ermənistanla Azərbaycan arasında normallaşma prosesi, Rusiyanın Qarabağda sülhməramlı fəaliyyəti və regionda ABŞ-ın maraqlarının təmini istiqamətində təlimatlar veriləcək. Bu maraqlarda artıq Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması da prioritet təşkil edəcək. Xüsusilə Ermənistandakı ABŞ səfirinə sülhün əldə edilməsinə maneə və Rusiyanın maraqlarına xidmət edən açıqlamalar verməsinin yolverilməz olduğu xəbərdarlığı edilə bilər. Bununla əlaqədar səfirə açıqlamalarda diqqətli olmasını, sülh prosesinə töhfə verməyi, xüsusilə sabotajçı çıxışlardan çəkinməyi tapşıra bilərlər. ABŞ xarici siyasətində regionla səmərəli əməkdaşlıq yeni dünya nizamında Azərbaycanla sıx əməkdaşlıqdan keçir. Məhz Novruz bayramında Co Bayden Prezident İlham Əliyevə göndərdiyi məktubda ikitərəfli əlaqələrin yüksək inkişafında maraqlı olduğunu vurğulamışdı. Hazırda ABŞ rəsmilərinin ölkəmizdə olması bunun göstəricisidir. Azərbaycan da ABŞ-la əməkdaşlıqda maraqlıdır və Ermənistanla sülh müqaviləsinin bağlanmasına Vaşinqton obyektiv kömək göstərə bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR