İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirinin Şuşadan verdiyi mesaj - növbə fransız həmkarında

Bir neçə gün əvvəl verdiyi müsahibədə Qarabağa getməyi “şou” adlandıran Birləşmiş Ştatların Bakıdakı elçisi Mark Libbi səhvini düzəltdi; diplomat xanımı ilə Füzulini, Şuşanı ziyarət edərkən nələr dedi...

Mayın 6-da ABŞ səfiri Mark Libbi Şuşaya gedib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. “Bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. 

Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, - səfirliyin məlumatında qeyd olunub. “Bu gün Şuşada olmaqdan xoşbəxtəm”. Bunu ABŞ səfiri Mark Libby Cıdır düzündən yayımladığı videomüraciətində bildirib: “Biz iki aya yaxındır ki, bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər, nəhayət, baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Səfir onun və xanımın çox səmimi qarşılandığını qeyd edib: “Bu gün Şuşadan başqa, hökumət nümayəndələri ilə görüşmək və səfirliyin həyata keçirdiyi ingilis dili proqramlarında iştirak etmiş yerli müəllimlərlə görüşmək üçün Füzuliyə səfər edəcəyəm. Nə qədər ki, Azərbaycanda bizimlə işləmək istəyən tərəfdaşlarımız var, ABŞ bu ölkənin iqtisadi inkişafı və insanlarının rifahının dəstəklənməsi üçün çalışmağa davam edəcək”.

Qeyd edək ki, Libbi bir neçə mövzu ətrafında açıqlama vermişdi. Onlardan biri də səfirin Şuşaya niyə getməməsi ilə bağlı idi. Məlum olduğu kimi, ABŞ və Fransa səfirlərinin Azərbaycan hökumətinin Şuşada və işğaldan azad olunmuş başqa yerlərdə təşkil etdiyi tədbirlərə qoşulmaması Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunurdu. 

Mark Libbi bu suala cavab verərkən demişdi ki, bir səfir kimi onun Azərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır (AzadlıqRadiosu). O bildirmişdi ki, indiyədək, Azərbaycanın bir neçə regionunda olub. Sitat: “Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir... Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm... Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.

Göründüyü kimi, cənab səfir sözləri nə qədər ehtiyatla seçsə də, yenə də kobud və təhqiramiz bir məzmun ifadə etmişdi. Azad olunmuş torpaqlarda və xüsusilə Şuşada keçirilən tədbirlər Azərbaycan xalqının 30 illik arzularının ifadəsi, böyük zəfərimizin nəticəsi, ədalətin təntənəsidir. 30 il boyunca ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ münaqişədə hər zaman Ermənistanın yanında olub, onun işğalçı siyasətinə göz yumub, ərazilərimizin, şəhər və qəsəbələrimizin darmadağın olmasını görməzdən gəlib. Hər halda, səfir səhvini düzəltdi və verdiyi açıqlamanın “üçü çıxmamış” Şuşaya getdi. Təbii ki, bu da təqdir olunmalıdır. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bura Şuşa da daxildir. Ona görə də qısa bir vaxtda səfir addım ataraq azad Şuşaya getdi. İndi isə növbə onun fransız həmkarındadır. 

Yeri gəlmişkən, Fransa prezidenti Bakıdakı səfiri geri çağırmışdı. Lakin ötən həftə xəbər yayıldı ki, Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir. İndi isə Libbi kimi Buayon da bir zəhmət çəkib Şuşaya getsin və hikkəsini kənara qoysun. Fransa da ABŞ kimi həmsədr ölkə olaraq münaqişənin həllində “yanan barmağa su tökməyib”. Hazırda Ermənistan Şuşa, Xankəndi, bütün Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, ABŞ və Fransa səfirləri də bu reallığa hörmət etməlidirlər. 

Akif Nağı partiya sədri oldu » Dogruxeber.az

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, dövlətlər, onların səfirləri Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmalıdırlar. Partiya sədri vurğuladı ki, Azərbaycan kimsəyə haqsız bir tələb irəli sürmür: “Biz beynəlxalq hüquqa uyğun addım atırıq və hər kəs bizə hörmətlə yanaşmalıdır. Təəssüf ki, bəzi hallarda təəssübkeşlik, qısqanclıq elementləri müşahidə olunur. Ona görə belə uyğunsuzluqlar yaranır. Yəqin ki, səfir Libbi dediyindən peşman olub. Çünki onun açıqlaması etik deyildi, hətta istisna deyil ki, bu müsahibə ABŞ dövlətinin də xoşuna gəlməyib. O səbəbdən Şuşaya gedib. Səfir bilməlidir ki, Azərbaycan ABŞ-la tərəfdaş ölkədir, beynəlxalq terrorla mübarizədə birgə koalisiyada iştirak edir və Cənubi Qafqazın ən qüdrətli ölkəsi bizik”. A.Nağı qeyd etdi ki, indi Fransa ps vəziyyətdə qalıb, dəyişməyən qərəzli mövqeyi ucbatından gülünc hala düşüb: “Bu vəziyyətdən çıxmalıdırlar. Bugünlərdə fransız səfiri Yeliseyə niyə çağırdılar, sonra Bakıya nə üçün qayıtdı, onu da izah etmədilər. Fransa Azərbaycanın reytinqini, regiondakı reallığı nəzərə almalı, növbəti addım bu ölkənin səfirindən gəlməlidir”. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR