İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la Hayastan strateji müttəfiq olur - Bakıya, yoxsa Moskvaya güc nümayişi?  

Amerika Ermənistanın hərtərəfli güclənməsi üzərində işləyir, Moskvadan qoparmağa çalışır; Elxan Şahinoğlu: “Vaşinqton Rusiyanın Paşinyanı devirmək planına mane olmaq istəyir”

Mayın 4-də ABŞ və Ermənistan nümayəndə heyətləri sərhədlərin təhlükəsizliyi, müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq, həmçinin müdafiə islahatı, sülhyaratma və digər məsələləri müzakirə ediblər. “Yeni Müsavat” qeyd edir ki, bundan öncə də dövlət katibi Entoni Blinken ABŞ və Ermənistan arasında “strateji dialoq”a başlamaq üçün xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib. Dialoq zamanı ABŞ və Ermənistan “ikitərəfli münasibətlərin bütün spektri üzrə əlaqələri gücləndirməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər”, - Dövlət Departamentinin bəyanatında deyilir. Ermənistan nümayəndə heyətinə ədliyyə nazirinin müavini Qriqor Minasyan, Mərkəzi Bankın sədr müavini Nerses Yerisyan və Müdafiə Nazirliyinin nümayəndələri daxil olub.

İclasda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid, Dövlət Departamentinin bölmə rəhbərləri, Pentaqon nümayəndələri, həmçinin ABŞ-ın Ermənistandakı və Ermənistanın ABŞ-dakı səfirləri iştirak ediblər. Birgə bəyanata görə, ABŞ “ümumi dəyərləri əks etdirən və daha yaxşı idarəçilik və çiçəklənməni təmin edən” demokratik və iqtisadi institutların yaradılmasında Ermənistan hökumətinə fəal yardım göstərməyə davam edəcək. Nümayəndə heyətləri Ermənistanın müsbət demokratik yolunun dəstəklənməsi üçün ABŞ-ın yardımı ilə bağlı dialoq aparıblar.

Buraya insan hüquqları, KİV, sosial müdafiə, ədliyyə sektorunda islahatlar və yeni patrul polisi xidmətinə dəstək proqramları daxildir. Nümayəndə heyətləri həmçinin hakimlərin müstəqilliyinin təmin edilməsi və söz azadlığının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. İqtisadi sahədə əməkdaşlıq energetika sahəsinə, ikitərəfli ticarət və investisiyaların dərinləşməsinə təsir göstərəcək. Mirzoyan və Ermənistan nümayəndə heyəti dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland və başqaları ilə konstruktiv görüşlər keçiriblər.

 “ABŞ rəsmiləri bağlı qapılar arxasında söhbətdə böyük ehtimal Mirzoyana Rusiya ilə bağlı suallar ünvanlayıblar”

Nümayəndə heyətinin üzvləri Vaşinqtonda olduqları müddətdə bir sıra sənədləri, o cümlədən nüvə əməkdaşlığı üzrə Anlaşma Memorandumunu imzalayıblar. Bu, hökumətlərin nüvə ekspertləri, sənaye və tədqiqatçılarla sıx əlaqələr qurmasına yardımçı mexanizm rolunu oynayacaq. ABŞ və Ermənistan korrupsiyaya qarşı mübarizə və hüquq-mühafizə orqanlarında islahatlara dair iki birgə fəaliyyət planı da imzalayıblar.

Beləliklə, ABŞ-ın Ermənistanı indiki məqamda yanına çəkməsi, demokratiyaya dəstək adında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə qaldırılmaq niyyətinin arxasında ən əvvəl İrəvanı Moskvanın təsirindən qurtarmaq məqsədinin dayandığı aydındır. Müzakirələrdə Ermənistanın təhlükəsizlik məsələlərinin gündəmə gətirilməsi, erməni müdafiə nazirinin görüşlərdə iştirakı da diqqət çəkir. 2014-cü il Ukraynadakı Maydan hərəkatının əsas istiqamətverici siması olmuş Viktoriya Nulandın danışıqlarda fəal rol alması da maraq doğurur. Amma əsas məsələ əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh danışıqları prosesidir.  Birgə bəyanata görə, iki ölkənin nümayəndə heyətləri “ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi rolunu qeyd edərək, təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar”.

İstənilən halda, görünən budur ki, ABŞ  Ermənistanın siyasi, iqtisadi və dolayısı ilə hərbi baxımdan da güclənməsi üzərində işləyir. 44 günlük müharibədə xeyli zəifləmiş Ermənistanın hərbi baxımdan möhkəmləndirilməsini Vaşinqton boynuna çəkə bilməz. Çünki Ermənistana və Azərbaycana silah satmaq qadağası hələ də qüvvədədir. Amma islahatlar adı altında veriləcək pulların Ermənistanın müdafiəsinə xərclənməyəcəyinə təminat yoxdur. Ermənistanın ABŞ-ın qucağına qaçması əlbəttə ki, Rusiyanın da ürəyincə olmayacaq və buna yəqin ki, müvafiq reaksiya veriləcək.

Dünyada baş verən proseslər, Cənubi Qafqazdakı reallıq isə Ermənistanı kiminsə qucağında əyləşmək siyasətinə davam etməkdən çox, onu Azərbaycan və Türkiyə ilə münasibətləri bütün parametrlər üzrə normallaşdırmağa məcbur edir. Əslində Rusiya və ABŞ-ın Ermənistan uğrundakı savaşı tərəflərin İrəvanı etibarlı tərəfdaş kimi nəzərdən keçirməsindən irəli gəlmir, “erməni kartı” hər ikisinin əlində bir vasitədir. Daha doğrusu, Ermənistan tərəflər üçün “faydalı axmaq” rolundadır. Bəs ABŞ Ermənistanı Bakıya, yoxsa Moskvaya  qarşı möhkəmləndirir? İrəvan Vaşintonla əlaqələrini strateji müttəfiqlik səviyyəsinə qaldırmaqla hansı hədəflər güdür?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, İrəvan qarışarkən baş nazir Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyanı Vaşinqtona göndərdi: “Paşinyana da aydındır ki, İrəvandakı radikalların hərəkətə keçməsinin təşkilində Moskvanın əli var. İrəvanda qışqırıb bağıranlar Rusiyanın əlaltılarıdır. Vaşinqton Moskvanın Paşinyanı devirmək planına mane olmaq istəyir. Ancaq bunun üçün Paşinyan Amerika Birləşmiş Ştatlarına yaxınlıq nümayiş etdirməlidir. Bu isə Kremli Paşinyana qarşı daha çox aqressivləşdirəcək”.

Analitikin sözlərinə görə, Mirzoyan Blinkenlə və digər amerikalı rəsmilərlə görüşlərdə Azərbaycandan şikayət edib, “əsirlər”dən danışıb: “Bu, mətbuat üçün yayımlanan məlumatdır. İnanmıram ki, bu mövzu Vaşinqtonu narahat edir. ABŞ rəsmiləri bağlı qapılar arxasında söhbətdə böyük ehtimal Mirzoyana Rusiya ilə bağlı suallar ünvanlayıblar: ”Moskva sizdən nə istəyir?", “Kreml sizi nə ilə hədələyir?” və s. Böyük ehtimalla Mirzoyan okeanın o tayından geri döndükdən sonra yenidən Moskvaya sorğuya çağırılacaq".

Zaur Məmmədov: Azərbaycanın növbəti peykinin orbitə buraxılması ölkəmizə  mühüm üstünlüklər verəcək - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov hesab edir ki, Mirzoyanın Birləşmiş Ştatlara səfəri və səfər çərçivəsində Amerika tərəfindən səsləndirilən müəyyən bəyanatlar Rusiyada qıcıq doğuracaq. Ekspert düşünür ki, Rusiya üçün qıcıqlandırıcı bəyanatlardan biri də Türkiyə-Ermənistan münasibətləri ilə bağlı idi: “Birləşmiş Ştatlar Ankara və İrəvan arasındakı münasibətlərin düzəlməsini gözləyir. Eyni zamanda Qarabağ məsələsi ilə bağlı ABŞ Rusiyanın tezliklə bölgəni tərk etməsini istəyir. Bundan başqa, səfər çərçivəsində Ermənistanla ABŞ arasında atomla bağlı razılaşmanın əldə edilməsi kifayət qədər maraqlı məqamdır. Çünki Rusiya son 2 ayda bu məsələni, ümumiyyətlə, gündəmdə saxlayırdı. Hətta bu istiqamətdə MDB məkanında olan dövlətlərə də təzyiq edirdi. Kreml qeyd edirdi ki, ABŞ-ın Ermənistanda bioloji laboratoriyaları var”.

Z.Məmmədovun fikrincə, atom məsələsi daha da irəliyə gedən bir mövzudur: “Düşünürəm ki, Ermənistanda çaxnaşmaların sayının artması, müxalifətin hər gün, dayanmadan mitinqləri davam etdirməsi elə Rusiyanın qıcıqlandırılması ilə bağlıdır. Nikol Paşinyan hökuməti artıq qərbyönümlü siyasətini göstərməkdədir. Xüsusilə Ukrayna hadisələri fonunda Ermənistan hakimiyyəti belə bir baxış bucağı ortaya qoyub ki, tez bir zamanda Qərbə inteqrasiya yolunu seçsin. Ermənistanın hökumət üzvlərinin Avropa İttifaqının müxtəlif ölkələrinə təşkil edilən səfəri də bunun bariz nümunəsidir. Unutmayaq ki, artıq Moskva və Vaşinqton arasında Cənubi Qafqazla bağlı ciddi şəkildə geosiyasi mübarizə getməkdədir. Bu mübarizəni Ermənistan daxilindəki siyasi partiyalar arasında da görməkdəyik”.

Asif Nərimanlı yazır...

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, ABŞ-ın Ermənistanla əlaqələri gücləndirməsi, Mirzoyanın Vaşinqtona səfəri təsadüfi deyil: “Moskva aksiyalardan Paşinyanı devirmək yox, daha çox təzyiq məqsədilə istifadə edir. Nikol ruslara onların vasitəçilik etdiyi üçtərəfli razılaşmaların icrası üçün lazımdır və Moskvanın hazırkı hədəfi öz masasındakı razılaşmaların aktuallığını qorumaq, mümkün sülh sazişində maraqlarının nəzərə alınmasına nail olmaqdır. Paşinyanın devrilməsi ”rus masası"nda əldə olunan razılaşmaları da riskə atır, çünki hakimiyyətə gələcək istənilən qüvvə üçün bunu icra etmək çətin olacaq. Bu baxımdan Rusiya müxalifətin etirazı üzərindən Paşinyana Qərb masasından uzaqlaşması, Bakı ilə “ikitərəfli format”dan imtina etməsi üçün təzyiq edir".

Emil SALAMOĞLU

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR