İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la böhran Bakıda keçildi - Vaşinqton masası yenidən qurulur

Blinken Bayramovla Mirzoyanı üçtərəfli görüşə çağırdı, köməkçisi O’Brayn Konqresdəki sözlərindən imtina etdi; analitik: “Bu azdır, Vaşinqton Azərbaycana verdiyi əhəmiyyəti siyasətində göstərməlidir”

“Bakıda müsbət və konstruktiv görüşlər keçirdim”. “Yeni Müsavat” xəbər verir ki, bunu Azərbaycana səfər etmiş ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib. 

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də dediyim kimi, Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini ABŞ alqışlayır və dövlət katibi Blinken sülh danışıqları üçün tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”, o qeyd edib. Beləliklə, Prezident İlham Əliyevlə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın görüşü iki ölkə arasında yaranmış qısamüddətli diplomatik böhranın aşılması kimi qiymətləndirmək olar.  Eyni zamanda Blinkenin dəvət mesajının çatdırılması Vaşinqton masasının yenidən qurulacağı ehtimalını gücləndirir. Noyabrın 20-də nəzərdə tutulmuş görüşdən Bakı imtina etmişdi, məhz Blinkenin Bakıya gələn köməkçisinin Konqresdəki çıxışlarına görə...

Lakin Bakıda keçirilən görüşdə O’Braynın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edilib. Prezident Əliyev Azərbaycanla ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident deyib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

Ceyms O’Brayn da öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğulayıb. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxunub, ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb. Ceyms O’Brayn ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirib. Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib. 

Göründüyü kimi, ABŞ Azərbaycanın ortaya qoyduğu prinsipial mövqeyi qəbul etdi və rəsmi Bakı ilə münasibətləri sərt ritorika ilə davam etdirə bilməyəcəyini anladı. Əksinə, rəsmi Bakının cavabları rəsmi Vaşinqtonu, Bayden Administrasiyasını ayıltdı və Qarabağın Azərbaycanın əzəli və əbədi tərkib hissəsi olması reallığını nə qədər tez qəbul edərsə, Azərbaycanla münasibətlərin bir o qədər irəliyə aparıla biləcəyini gerçəyini anlatdı. Beləliklə, Entoni Blinkenlə İlham Əliyev arasında telefon danışığı və ABŞ dövlət katibinin müavini Ceyms O’Braynın Bakıya səfəri iki ölkə arasında münasibətlərin müsbət məcrada inkişafına, eyni zamanda Azərbaycan rəsmilərinin də ABŞ-a səfər etməsinə şərait yaradır. Qlobal anlamda baş verənlər ABŞ-ı Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi reallığı ilə barışdırır, iki ölkə arasında diplomatik münasibətləri əvvəlki səviyyəyə qaytarır. Baş verənlər rəsmi Bakının növbəti diplomatik qələbəsi, regionda sülhün bərqərar olması üçün atdığı növbəti qətiyyətli addımdır.

Elxan Şahinoğlu: "Kreml sülhdə maraqlı olsaydı..."

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğluna görə, O’Braynın Azərbaycana səfəri zamanı nələr söyləyəcəyi səbirsizliklə gözlənilirdi. “Çünki Konqresdəki çıxışı ilə ABŞ-ın təhlükəsizlik maraqlarına zərbə vurmuşdu. Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa vurulan zərbə ABŞ-ın təhlükəsizlik maraqlarına zidd idi. Buna görə də dövlət katibi Entoni Blinken Bakıya zəng edərək Prezident İlham Əliyevin Ceyms O’Braynın Bakıda qəbulunu xahiş etdi. Görüşdən əvvəl Vaşinqtondan münasibətləri yumşaldacaq daha bir açıqlama gəldi. Dövlət Departamentin mətbuat katibi Metyu Miller "biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələrimizi davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza zidd olardı" açıqlamasını səsləndirdi. Gözlənildiyi kimi, Bakıda Ceyms O’Braynla İlham Əliyev arasındakı görüşdə münasibətlərdəki müsbət məqamlar önə çəkildi", - deyə analitik bu qənaətdədir. Onun sözlərinə görə, O’Brayn Konqresdəki sözlərindən imtina etdi: “Ancaq bu azdır, Vaşinqton Azərbaycana verdiyi əhəmiyyətini siyasətində göstərməlidir. Brayn və digər ABŞ rəsmiləri bundan sonra Azərbaycan əleyhinə fikirlər söyləmədikləri halda rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə müsbət yanaşacaq və ABŞ paytaxtında görüşlər yenidən başlaya bilər”.

Asif Nərimanlı: Xankəndinə 40 ton unun göndərilməsi ilə ilk addım atıldı –  Qərb Xəbər

Asif Nərimanlı

Siyasi ekspert Asif Nərimanlının fikrincə, O’Braynın Prezident Əliyevlə görüşdə Azərbaycan-Ermənistan danışıqlarının Vaşinqtonda aparılması və Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişaf etdirilməsi haqda dedikləri ABŞ-ın Çindən Avropaya uzanan Orta dəhlizi Mərkəzi Asiyadan Avropaya çıxan dəhlizlə əvəzləmək və kommunikasiyanın İrəvanın istəkləri çərçivəsində açılması şərti ilə Ermənistanın da bu prosesdə iştirakını təmin etmək planıdır: “Və göründüyü kimi, O’Brayn  Bakıya bu təkliflə gəlib. Əliyev də O’Braynın görüşdə Bakının yanaşmasını ortaya qoydu. Vaşinqtonun yeni reallıqları nəzərə alaraq, sülh danışıqları prosesinə töhfə verə bilər, yəni ABŞ Azərbaycanın suverenliyini bərpa etdiyi Qarabağdan danışmağı dayandırmalıdır. Bakı Orta dəhliz üzərində yeni əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır: Azərbaycan ABŞ-ın planına yox demir, lakin hansı tərəf önə çıxarsa və daha yaxşı təkliflər verərsə, öz imkanları ilə prosesdə iştirak edə bilər prinsipindən yanaşır. Hədəfinə nail olmaq üçün Vaşinqtonun Bakıya ehtiyacı var və buna görə Birləşmiş Ştatlar Azərbaycanla qarşıdurma yox, uzlaşmaq marağındadır. Azərbaycan da bu üstünlüyündən diplomatik müstəvidə istifadə edir. Lakin o da bəllidir ki, dəhlizlər uğrunda mübarizə Cənubi Qafqaza daha aktiv şəkildə transformasiya edilir və perspektivdə qarşıdurmalar vəd edir".

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR