Onlayn ictimai-siyasi qəzet
“Qoca qitə” Rusiyaya qarşı yumşalır?
ABŞ-ın Rusiyanın "Qazprombank"ına qarşı sanksiyalarının qüvvəyə minməsinə az qalıb. Dekabrın 20-dən etibarən bankla maliyyə əməliyyatları icra edən bütün tərəflər ABŞ-ın qara siyahısına salınacaq.
"Qazprombank"a qarşı sanksiyalardan təsirlənəcək tərəflər ABŞ-ın mövqeyində dəyişikliyə nail olmağa çalışırlar. Bura həm Rusiyadan boru qazı alan Avropa ölkələri, həm də Türkiyə aiddir. "Bloomberg"in məlumatına görə, hazırda Avropa Birliyi (AB) ölkələri ABŞ-ı “Qazprombank”a qarşı sanksiyaları yumşaltmağa inandırmağa çalışır.
Bildirilir ki, AB ölkələri “Qazprombank”a qarşı sanksiyaların “bölgədə təchizat təhlükəsizliyinə təhdid yarada biləcəyindən” narahatdır. Buna görə də onlar çıxış yolları axtarırlar. Avropa ölkələri xüsusilə "Qazprombank"ın Lüksemburqdakı “törəmə şirkəti” vasitəsilə ödənişlərə istisna tətbiq olunması ehtimalını müzakirə edirlər.
Qeyd edək ki, Rusiyadan boru qazı alan bütün ölkələr ödənişi "Qazprombank" vasitəsilə həyata keçirirlər. Buna səbəb Vladimir Putinin 31 mart 2022-ci il tarixli 172 nömrəli “Xarici alıcılar tərəfindən Rusiya təbii qaz tədarükçüləri qarşısında öhdəliklərin yerinə yetirilməsinin xüsusi qaydası haqqında” fərmanıdır. Fərmana əsasən Rusiyadan qaz alan Avropa ölkələri ödənişi yalnız "Qazprombank"da açılan xüsusi hesaba xarici valyutada ödəyirlər. Daha sonra "Qazprombank" hesablardakı vəsaitləri rubla çevirərək “Qazprom” şirkətinin hesabına köçürür.
Yeganə ödəniş imkanı olduğuna görə Avropa İttifaqı və Böyük Britaniya "Qazprombank"a qarşı sanksiyalar tətbiq etsələr də, ona enerji əməliyyatları üzrə ödənişlər etmək imkanı saxlayıblar. Birləşmiş Ştatların yeni məhdudiyyətləri “qadağan edilmiş olsa da, icazə verilir” sxemini pozdu. İndi hamı dekabrın 20-ni gözləyir.
Rusiyadan boru qazı iki iki marşrutla Avropaya gedir. Bunlardan birincisi Ukrayna üzərindən gedən kəmərdir. Bu kəmərlə ildə 15 milyard kubmetr qaz nəql olunur. Bu15 milyard kubmetrin 2 milyardı Moldovaya gedir. Kişinyov artıq tədarük olunan qaza görə 700 milyon dollardan çox pul ödəməkdən imtina etsə də, mavi yanacaq ilk olaraq Rusiyanın forpostu olan Dnestryanı bölgəsinə getdiyi üçün Moldovaya nəqli dayandırmır.
Ukrayna üzərindən gedən qazın qalanı - 13 milyard kubmetri Avstriya və İtaliyaya yönəlir. Avstriya artıq Rusiya qazından tamamilə imtina edib.
Rusiyadan Avropaya qazın nəqlində ikinci marşrut Türk axını kəməridir. Bu kəmərlə ildə təxminən 13 milyard kubmetr qaz nəql olunur. Bunun 3,5 milyard kubmetri Rusiyanın Avropadakı dostlarından olan Serbiyaya çatır. Təxminən 6,5 milyard kubmetr isə Macarıstana ötürülür. Buna görə də Macarıstan ABŞ-dan öz ödənişləri üçün istisna almağa çalışır. Ölkənin xarici işlər naziri Peter Siyarto bildirib ki, "Qazprombank"a qarşı sanksiyalar Macarıstanın dörd istiqamətdə Rusiyaya ödənişlərinə problem yaradır. Bunların 3-nün həll olduğunu desə də, Siyarto həll yolunu açıqlamayıb. Onun sözlərindən belə aydın olur ki, qazın dəyərinin ödənişi ilə bağlı problemi həll edə bilməyiblər.
Rusiyadan böyük həcmdə qaz alan Türkiyə də ABŞ-ın qərarından ciddi zərər görə bilər. Rusiya Türkiyəyə ən böyük qaz tədarükçüsüdür; 2023-cü ildə Rusiyadan idxalın ölkənin ümumi qaz idxalında payı təxminən 42 faiz təşkil edib. Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, ölkəsi "Qazprombank"a qarşı sanksiyaları ləğv etmək üçün ABŞ-la danışıqlar aparır. Onun sözlərinə görə, qazın dəyərinin ödənilməsi üçün banka qarşı sanksiyalarda istisna olunmalıdır: “İstisna edilməzsə, bu, Türkiyə üçün daha böyük bir problemə çevrilə bilər”. O, İranla bağlı əvvəlki sanksiyaların ləğvini presedent kimi göstərib.
"Qazprombank"ın ABŞ-ın qara siyahısına salınmasından zərər görəcək əsas tərəf, əlbəttə, Rusiyadır. Rusiyalı ekspertlərin hesablamalarına əsasən 2024-cü ildə qazın orta qiymətinin 1000 kubmetr üçün təxminən 400 dollar olacağını nəzərə almaqla, sanksiyanın “Qazprom”u 10 milyard dollar gəlirdən məhrum edə bilər. Bu isə şirkətin Rusiya dövlət büdcəsinə ödəmələrinin dayanması demək olacaq. Məsələ burasındadır ki, LNG-dən fərqli olaraq, boru kəməri qazı Rusiya büdcəsinin gəlir hissəsi üçün vacibdir. Ukraynada müharibə başladıqdan sonra Avropaya tədarükün 130 milyard kubmetr azalması ilə onun satışından əldə olunan pul da dəfələrlə azaldı. Rusiyalı ekspertlərə görə, maye qaz dövlət maliyyəsində heç bir rol oynamır. LNG istehsalçıları üçün vergi güzəştləri o qədər böyükdür ki, dövlət bundan heç nə qazanmır. Hətta LNG üçün ixrac rüsumu Vergi Məcəlləsində yoxdur.
Sonuncu dəfə dövlət “Qazprom”dan 2022-ci ildə pul qazana bilib. Həmin il Ukraynada müharibənin başlanması ilə bağlı Avropada qaz qiymətləri 1000 dollardan yuxarı, bəzi hallarda isə 3 min dollara qədər yüksəlib. Nəticədə, 2022-ci il “Qazprom” tarixində ən gəlirli il olub, şirkət ayda 25 milyard rubl əlavə vergi ödəyib. Vergi yükü nəticəsində şirkət 2023-cü ildə rekord xalis itkiylə üzləşib. Belə ki, Rusiya nəhənginin 2023-cü il üçün xalis zərəri 629,1 milyard rubl təşkil edib. Şirkət 1998-ci ildən, milli mühasibat hesabatlılığı üzrə ilk dəfə hesabat dərc etdikdən sonra heç vaxt belə nəticə əldə etməmişdi. Hətta böhran olan 1999-cu ildə səhmdarlara dəyən zərər 100 milyard həddini keçməyərək 95,1 milyard rubl təşkil etdi. Bəzi analitiklər keçən il təxminən eyni nəticəni proqnozlaşdırmışdılar. Lakin proqnozlardan fərqli olaraq, zərər əvvəlki antirekorddan 6 dəfə çox oldu.
Avropaya ixrac həcminin azalması ilə yanaşı 2023-cü ildə qiymətlərin də kəskin düşməsi nəticəsində “Qazprom”un əsas biznesi - qaz ticarəti şirkətə 1,2 trilyon rubl zərər gətirib.
Beləliklə, ABŞ sanksiyalarından əsas zərərçəkən tərəf olacaq Rusiya da çıxış yolları axtarmaqdadır. İlk addım olaraq Rusiya prezidenti 2022-ci ildəki fərmanına dəyişiklik edərək, ödəniş prosedurunu dəyişdi. Beləliklə, o, Rusiya qaz ixracatçılarına xarici şirkətlər tərəfindən qazın ödənişi ilə bağlı öhdəliklərində onlara qarşı əks iddiaları nəzərə almağa icazə verdi. Bundan əlavə, onun fərmanı üçüncü şəxslərin ödəniş prosesində iştirakına icazə verir.
Yeni fərman "Qazprombank"a qaz ödənişləri üçün müvəkkil bank statusunu verir, lakin ona qarşı sanksiyalar aradan qaldırılana qədər C tipli xüsusi hesablar vasitəsilə ödənişləri dayandırır. Kredit təşkilatı Rusiya tədarükçüləri üçün xarici alıcılardan qaza görə ödənişlərin köçürüləcəyi rubl hesabları, habelə alıcı ödəmə öhdəliklərini başqa şəxsə keçirərsə, tədarük üçün borcları ödəyərkən rubl və xarici valyuta hesabları açacaq.
Dəyişiklik o deməkdir ki, indi avropalılar öz valyutalarını götürməyə, rubla çevirməyə və bu rublları "Qazprombank"a köçürməyə hazır olan istənilən başqa struktur tapa bilərlər. Və o, öz növbəsində, qaz təchizatını ödəmək üçün "Qazprom"a rubl göndərəcək. İndi valyutasını rubla dəyişdirəcək birini tapmaq Avropa şirkətlərinin öz vəzifəsinə çevrilib. Avropa şirkətləri, ümumiyyətlə, valyutalarını Rusiyaya köçürməyə bilər. Onu üçüncü ölkəyə, məsələn, hansısa Çin bankının hesabına köçürə və eyni zamanda Rusiyada pul mübadiləsindən faydalanacaq şirkət tapa bilərlər. Avropalılar bu şirkətə hansısa Çin bankında öz valyutalarına sahiblik verəcək, Rusiya şirkəti isə avropalı alıcının adından qaz tədarükünün ödənişi kimi Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq analoji məbləğdə "Qazprombank"a rubl verəcək. Beləliklə, bu valyuta əməliyyatları hətta valyuta Rusiyaya daxil olmadan da həyata keçiriləcək.
Bu sxemin əsas mənfi tərəfi odur ki, amerikalılar "Qazprombank"la əməkdaşlıq edəcək bu vasitəçiləri tapıb onları da sanksiyalar siyahısına əlavə edə bilərlər. Həmsöhbət qeyd edir ki, bu vasitəçilər Avropa şirkətləri üçün zəhərli olacaq və onlar yeni vasitəçi axtarmalı olacaqlar.
Digər tərəfdən, vasitəçilərin olması həmişə əlavə xərclər deməkdir və bunu kimin ödəyəcəyi hələ bəlli deyil.
Onu da qeyd edək ki, dekabrın 31-dən etibarən Ukrayna öz ərazisindən Rusiya qazınln nəqlini dayandıracaq. Avropa artıq bu qərarla razılaşıb və bu marşrutla qaz alan əsas ölkələrdən biri olan Avstriya bu alışı dayandırıb. Bu baxımdan, 15 milyard kubmetrlik ixrac həcmindən Rusiya onsuz da məhrum olacaq. Lakin problemli məsələ Türk axını ilə qaz alan ölkələrdədir. Xüsusilə Türkiyənin başqa mənbələrdən Rusiya qazını əvəz etmək imkanı yoxdur. Doğrudur, "Qazprom"la ödəniş imkanının əldən çıxması Türkiyənin, yaxud Macarıstan və Serbiyanın Rusiyadan qaz alışını dərhal dayandırmasına səbəb olmayacaq. Onlar ödəniş üçün başqa yollar tapana qədər Rusiyanın nəqli dayandırmayacağı aydın məsələdir. Dolayı ödəniş imkanları tapılana qədər Rusiya məcburdur ki, qaz nəqlini davam etdirsin. Necə deyərlər, nisyə də olsa, qazını satmaq Rusiya üçün heç satmamaqdan daha yaxşıdır.
Bundan əlavə, ABŞ-da yanvarın 20-dən Donald Trampın prezidentlik dövrü başlayır. O, xüsusilə Macarıstanın baş naziri Viktor Orbanla yaxşı münasibətlərdədir. Bu baxımdan, "Qazprombank"la bağlı sanksiya qərarına yenidən baxılması ehtimalı yüksəkdir.
Dünya SAKİT,
“Yeni Müsavat”
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ