İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranla anlaşmadı: sanksiyalar qalır, nüvə razılaşması imzalanmır

Tehran təminat istəyir və şərtləri var, Vaşinqton isə...

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mətbuat konfransında deyib ki, Vyanada nüvə sazişi üzrə danışıqların dayandırılması Ağ Evin vəziyyətdən daxili siyasi problemləri həll etmək üçün istifadə etməyə çalışması ilə bağlıdır. “Vyana danışıqları ABŞ-ın günahı ucbatından  dayandırılıb. Məlum oldu ki,  ABŞ prezidenti Co Bayden və Ağ Ev hələ də bu məsələ ilə bağlı qərar qəbul etməyiblər”, - deyə, Xətibzadə bildirib. Onun sözlərinə görə, ABŞ nüvə sazişi ətrafında yaranmış vəziyyəti daxili siyasətin bir hissəsinə çevirib. “Əgər ABŞ sazişi imzalamağa hazırdırsa, o zaman siyasi qərar verməlidir”, - diplomat əlavə edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı deyib ki, Tehran  təkliflərini Avropa İttifaqının müzakirəçiləri vasitəsilə amerikalılara çatdırıb və indi top onların tərəfindədir.

Məlumdur ki, Ukrayna müharibəsi fonunda Vaşinqton-Tehran anlaşması gündəmə gəlmişdi. İranın dünya neft bazarına qayıdacağı da ciddi müzakirə mövzusu idi. İran da dünya neft bazarına maksimum həddə neft ixrac etməyə hazır idi.  Gözlənilirdi ki, İran neftinin dünya bazarına qayıtması bu məhsulun qiymətini maksimum həddə sabitləşdirəcək. Avropanın neft emalı zavodlarının sanksiyalardan əvvəl olduğu kimi İran nefti ilə işləyəcəyi barədə danışılırdı.  İranın Milli Neft Şirkəti Avropa şirkətlərinə və digər dünya şirkətlərini “qara qızıl”la təmin etmək üçün tam hazır olduğunu bəyan etmişdi. Amma Ağ Ev gözlənilmədən bu məsələdən geri çəkildi. İndi nəinki sanksiyalar, hətta nüvə sazişinin  imzalanması belə alınmır.

azer huseynov.jpg (95 KB)

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov burada taktiki gediş görür: “Amerikada bəzi dairələr, yəni qlobalist siyasətinə yaxın olanlar üçün İran və digər regional oyunçularla danışıqlar bəzən taktiki gediş olur. Ola bilsin ki, Amerikada bəzi dairələr İranın belə bir böhranda neft bazarına qayıtmasından qorxur. Çünki neft qiymətlərinin yüksəkliyi ilə Amerika maliyyə nəhəngləri ciddi yararlana bilirlər. Neft qiymətlərinin normallaşması dünya iqtisadiyyatının sabitləşməsinə, xüsusilə inkişaf etməkdə olan ölkələrin özünə gəlməsinə kömək edir. Əks halda, bu dövlətlər beynəlxalq maliyyə qurumlarına ehtiyac duyurlar. Bu isə onların qlobal maliyyə şəbəkəsindən asılılığını azaldır. İran köklü bir dövlətdir. Yəni ənənəvi dünyanın dövlətlərindəndir. Ənənəvi siyasi vizyona malik olan İranın neft bazarına qayıtması bir çox məsələlərdə yeniliklərə gətirib çıxarda bilər”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə tərəflərin təminat tələb etdiyini söylədi: “ABŞ prezidenti Obama 2015-ci ildə masaya oturaraq ”5+1" formatında (yəni BMT TŞ-nin 5 üzvü və Almaniya) İranla Birgə Geniş Fəaliyyət Planı (Joint Comprehensive Plan of Action) adlı sənədə imza atdı. Bu sənəd İranın nüvə siyasətini dəyişməsi qarşılığında sanksiyaların tədricən aradan götürülməsini özündə ehtiva edirdi. Lakin 2018-ci ildə Obamadan sonrakı Tramp ABŞ-ın bu sazişdən birtərəfli qaydada çıxdığını bəyan etdi. Bayden isə 30 oktyabr 2021-ci ildən etibarən ABŞ-ın təkrar nüvə sazişinə geri qayıda biləcəyini ifadə etmiş, bu çərçivədə noyabr 2021-dən etibarən Avstriyanın paytaxtı Vyana şəhərində danışıqların bir neçə raundu keçirilib.

f0135bf1-2abd-4117-9574-a0b50abb.jpg (137 KB)

Şəhla Cəlilzadə 

Hər kəs yeni nüvə sazişinin artıq masada olduğunu və 2022-ci ilin fevral ayı ərzində yeni sənədin imzalanacağını gözləsə də, ABŞ 2022-ci ilin mart ayının əvvəli təkrar geri addım atdı. Bunun səbəbləri ABŞ-ın daxili auditoriyasındakı qarşıdurma ilə yanaşı qlobal gündəmin dəyişməsi, həmçinin İranın və nüvə sazişinə tərəf olan Rusiyanın yeni tələbləri ilə izah oluna bilər. İran da təminat istəyir, sanksiyaların aradan götürülməsinə dair şərtlər irəli sürür. Bu şərtlər 3 qrupda yer alır: 1. İranın nüvə proqramı ilə birbaşa əlaqəli olan və sazişdə qeyd olunan şərtlər; 2. İranın nüvə proqramı ilə birbaşa əlaqəli olmayan və sazişdə qeyd olunmayan şərtlər (insan haqları pozuntularına dair sanksiyalar nəzərdə tutulur);  3. SEPAH-la bağlı şərtlər (SEPAH-la bağlı sanksiyaların ləğvini nəzərdə tutur".

Siyasi ekspert fikirlərini bu cür davam etdi: “Maraqlıdır ki, 2024-cü il prezident seçkilərinin respublikaçı namizədi Mike Pensin qələbə çalacağı təqdirdə ABŞ-ın yenidən müqaviləni pozacağı açıq şəkildə bəyan edilib. İndi isə İran ABŞ-ın müqavilədən gələcəkdə təktərəfli qaydada çıxmayacağına dair yazılı təminat istəyir. Həmçinin təminat tələbinə dair iddialı səslər tək İrandan deyil, Rusiyadan da eşidilməkdədir. Rusiya 2022-ci ilin 24 fevral tarixindən etibarən başladığı Ukraynadakı müharibə fonunda qarşılaşdığı sanksiyaların İranla əlaqələrini əhatə etməməsini və bunun imzalanacaq müqavilədə əks olunmasını istəyir. ABŞ-da isə yaşanan qlobal təlatümlər fonunda ”gözləmə mövqeyi" seçilmiş, bununla yanaşı Avropanın kəllə-çarxa qalxan enerji qiymətləri və Avropa aktyorlarının təzyiqləri nəzərə alınaraq İranla nüvə müqaviləsinin imzalanacağına dair müsbət mesajlar da kommunikasiya kanalları vasitəsilə beynəlxalq cəmiyyətə ötürülməkdədir. Bu mesajlardan birisi isə SEPAH-ın terrorçu təşkilatlar siyahısından çıxarılmasına dair ABŞ-ın planlarını açıq şəkildə bəyan etməsidir. Odur ki, yaxın gələcəkdə nüvə müqaviləsinin imzalanacağını, lakin bu prosesin Rusiya-Ukrayna müharibəsinə paralel inkişaf edəcəyini qeyd edə bilərik".

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

 Kənan Rövşənoğlu

Siyasi yazar Kənan Rövşənoğlu məsələnin kompleks həll tələb etdiyini bildirdi: “Nüvə sazişinin baş tutmaması Xətibzadənin də dediyi kimi, Vaşinqtonla Tehran arasında bəzi kənar məsələlərdə olan anlaşmazlıqdır. Düzdür, Xətibzadə geniş açıqlama vermir, amma söhbət İnqilab Keşikçilərinin ABŞ tərəfindən terrorçu təşkilat siyahısından çıxarılmasından, İranın raket proqramı ilə bağlı tələblərindən gedir. Belə görünür ki, Vaşinqton ilkin mərhələdə nüvə məsələsi ilə bağlı razılaşmanın əldə olunmasını təklif edir. Amma ortada xeyli sayda birbaşa nüvə məsələsinə aid olmayan mövzular var və bunların taleyi müəyyən deyil. İran isə kompleks olaraq sanksiyaların ləğvini istəyir. Vaşinqtonda isə buna tam hazır deyillər. Çünki birincisi, ortada xeyli sayda digər mövzular da var. Məsələn, İranın ballistik raket proqramı, silahlı qruplara dəstək verməsi və sair. Bu mövzuların hər biri ilə bağlı anlaşıb, bir müqaviləyə sığışdırmaq mümkün deyil. Üstəlik, Vaşinqtonda İranla barışığa qarşı ciddi müxalifət var. Xüsusən də respublikaçı senator və konqresmenlər tərəfindən. Bayden administrasiyasına isə indi nüvə sazişini imzalamaq lazımdır. Tehran isə bununla elə də razı deyil. Görünən budur. Həm də görünən odur ki, Tehran təmkinli davranmaq, indiki situasiyada Vaşinqtonun cinahına keçmək görüntüsünü yaratmaqda maraqlı deyil. Ona görə də kompleks həll tələb edir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR