İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Ukraynasız müzakirələr aparması Aİ-nin sinirlərinə buna görə toxunur...

"Səudiyyə Ərəbistanındakı Rusiya-ABŞ müzakirələri fonunda Avropa İttifaqı Ukrayna ilə bağlı məqamdan yararlanmaq istəyir. Burada Böyük Britaniya Avropa İttifaqını öz məqsəd və prioritetlərinə tabe etdirməyi hədəfləyir".

Musavat.com xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi analitik Aqşin Kərimov bildirib.

AQSİN.jpeg (208 KB)

O qeyd edib ki, Böyük Britaniyanın baş naziri Kir Starmer təhlükəsizlik zəmanətlərini təmin etmək üçün quru qoşunlarını Ukraynaya yerləşdirməyə hazır olduğunu bildirib:

"Bu, Londonun Avropa İttifaqının Ukraynaya dəstək mövzusunda konsensus yaratmaq üçün səylərinin bir hissəsidir. Almaniya bu təklifə qarşı çıxmaqla əslində Böyük Britaniyanın Ukraynadakı müharibə və döyüş prioritetlərini dəstəkləməsinin gələcək üçün yarada biləcəyi eskalasiya risklərinə etiraz edir. Avropa İttifaqının Böyük Britaniyanın ölçülərinə hansı səviyyədə dəstək göstərəcəyi suallar doğurur, hərçənd ki, artq 700 milyard dollarlıq yardım paketinin Ukraynaya veriləcəyi informasiyaları mövcuddur".

Siyasi analitik bildirib ki, Parisdə Avropa İttifaqının keçirdiyi iclas Səudiyyə Ərəbistanındakı Rusiya-ABŞ danışıqlarına bir gün əvvəldən verilən kəskin reaksiya idi:

"Bu o deməkdir ki, Avropa qitəsinin nüvə gücləri olan Böyük Britaniya və Fransa ABŞ ilə fikir ayrılıqları fonunda öz səylərini birləşdirməyə çalışır. Fransa prezidenti Emmanuel Makronun fransız qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı yanaşmasını Böyük Britaniya da indi istinad nöqtəsinə gətirir. Bununla belə, Böyük Britaniya ilə Fransanın gələcək təhlükəsizlik yerləşdirilməsindəki funksiyalarının ölçüləri, imkanları vahid pəncərə yarada bilmək potensialından uzaqlaşa bilər. Rusiya ilə ABŞ-ın Ukraynasız müzakirələr aparması Avropa İttifaqının sinirlərinə ona görə toxunur ki, o, Vaşinqtonun Rusiyaya güzəşt sahəsi tanıyacağından ehtiyatlanır.

Rusiya isə bunun müqabilində ABŞ-a Yaxın Şərqdə jest göstərə bilər, elə Ər-Riyada gedən nümayəndə heyətinin içərisində Donald Trampın Yaxın Şərq üzrə elçisi Stiv Vitkoffun olması da "Ukrayna və Yaxın Şərq" mövzusundakı nüfuz sektorlarının bölünəcəyi fikirlərini gücləndirir.

Lakin nə ABŞ, nə də Rusiya hələlik belə bir güzəşt üçün yekun razılıq əldə edib. Əldə edilsə, ABŞ Ukraynanı Rusiyanın ambisiyaları çərçivəsinə qurban verəcək və əvəzində Yaxın Şərq regionunda qiymətli aktivlər əldə etməyə çalışacaq. Bu, İran üçün əlavə strateji zərbə, İsrail üçün isə qiymətli akt sayılacaq".

Aqşin Kərimov hesab edir ki, postsovet məkanında, o cümlədən Cənubi Qafqazda ABŞ-ın maraqları format olunacaq və Rusiya ilə uzlaşdırılmış səhnə qurulacaq:

"Avropa İttifaqının narahatlıqlarının Cənubi Qafqazla əlaqədar hissələri də var. Çünki Donald Tramp Cənubi Qafqazı Rusiyanın təsir zonasına salsa, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının varlığı da təhlükə altıa düşəcək. Rusiya ilə ABŞ arasındakı danışıqları Ukraynanın taleyi və mənəvi baxımdan "vicdanlı" müzakirələr kimi etiketləyə bilmərik. Buna görədir ki, Volodimir Zelenski Ukraynanın təhlükəsizliyi məsələsindəki maksimalist məqsədlərini qorumaq üçün Türkiyəyə səfər edərək Rəcəb Tayyib Ərdoğandan kömək istəyir. Bu, Türkiyənin Ukrayna müharibəsinin həllindəki strateji portfelini qüvvətləndirir və Ankara Cənubi Qafqazla bağlı da siyasətini Rusiya-ABŞ danışıqları fonunda yenidən nəzərdən keçirir. Bu baxımdan Türkiyənin digər oyunçularla potensial olaraq əməkdaşlıq sahəsi böyüməklə bərabər Ankaranı bir sıra risklərlə də üzləşdirir".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR