İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın İrəvandakı səfiri Bakıya şərt qoyur - Vaşinqtonda kimə inanaq?

Linn Treysi Birləşmiş Ştatlarin adından danışır və deyir ki, Amerika Qarabağ əhalisinin öz gələcəyini müəyyən etmək hüquqlarını tanıyır; iki siyasətçi və ekspertdən “status” mövzusunu alt-üst edən açıqlamalar

ABŞ-ın Ermənistandakı səfiri, özünü erməni xarici işlər naziri kimi aparan Linn Treysi yenə Qarabağda yaşayan ermənilərə “status” verilməsini dilə gətirib. “Yeni Müsavat”ın məlumatına görə, amerikalı səfir artıq neçənci dəfədir ki, erməni diplomatlardan daha artıq ermənilik etməkdədir.

Bu dəfə səfir “Armenpress”ə “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı bütün məsələlərin hərtərəfli həllinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi belədir: Dağlıq Qarabağın statusu məsələsi həll edilməmiş olaraq qalır və münaqişənin hərbi həlli yolu yoxdur. Xalqların öz müqəddəratını həll etmək hüququ əsas amildir, amma hərtərəfli sülhə nail olmaq üçün beynəlxalq səviyyədə qəbul edilmiş yeganə prinsip deyil. 

Treysinin fikrincə, Vaşinqton əmindir ki, hərtərəfli həll beynəlxalq səviyyədə qəbul edilmiş ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanmalıdır. Bu kontekstdə “ABŞ Dağlıq Qarabağ xalqının öz gələcəyinin müəyyən edilməsində rolunu tanıyır”, deyən diplomat bütün əsirləri azad etməyə və itkin düşmüş hərbçilər haqda məlumat yığılmasını sürətləndirməyə çağırıb. O hesab edir ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması Dağlıq Qarabağla bağlı danışıqlarla əlaqələndirilmədən baş tutmalıdır.

ABŞ-ın Ermənistandakı səfirinin bəyanatı ilk növbədə təhrikedici xarakter daşıyır. Faktiki olaraq, bu, Ermənistanda Nikol Paşinyanı devirməyə və İrəvanın üçtərəfli bəyanatda, eləcə də sonrakı razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə mane olmağa çalışan revanşist qüvvələrə dəstək deməkdir. Treysinin “Birləşmiş Ştatlar Qarabağ əhalisinin öz gələcəyini müəyyən etmək hüquqlarını tanıyır” açıqlaması Vaşinqtonun mövqeyini ifadə etmiş olur.

Təbii ki, bu bəyanatı səfir özəl şəxs kimi verə bilməz. Aydındır ki, bu, ABŞ Dövlət Departamentinin və Ağ Ev rəhbəri Co Bayden administrasiyasının nəzər nöqtəsinin səsləndirilməsidir. Belə bir  mövqe Baydenin bu həftə Azərbaycanın dövlət başçısına göndərdiyi məktubda ifadə etdiyi mövqeyə və dəstəyə ziddir. ABŞ-ın status məsələsində mövqeyi yalnız bir səfirlə kifayətlənirmi, yoxsa Vaşinqton məhz bu mövqedədir?

Arzuxan Əlizadə: “Səhiyyə təşkilatları vaksinləmədə çox zəif təbliğat  aparıb”

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a dedi ki, ABŞ-ın Ermənistanda fəaliyyət göstərmiş əvvəlki səfirləri də buna bənzər mövqe sərgiləyirdilər: “Lakin indiki səfir daha da həddini aşır, uzun müddətdir belə de-marşlarının şahidi oluruq. Əslində başından böyük danışır, çünki Azərbaycanın ”status" məsələsində möhür vuran mövqeyi Qərbə, Rusiyaya, Ermənistana, eləcə də Amerikaya tam aydındır. Ona görə istər Brüssel görüşlərində, istərsə Rusiyada keçirilmiş üçtərəfli müzakirələrdə “status” mövzusuna toxunulmur".

A.Əlizadə vurğuladı ki, əksinə, artıq İrəvan Qarabağda yaşayan azsaylı ermənilərin, sadəcə, hüquqlarının müdafiəsini gündəmə gətirir, onların təhlükəsizliyinin təminatını qeyd edir: “Deməli, bölgədə olan ermənilər üçün ”status" olmayacağı ilə barışıblar. O baxımdan Treysinin açıqlamalarını Amerikanın rəsmi mövqeyi hesab etmirəm. Fikrimcə, erməni lobbisinin təsir dairəsində olan bir səfirdir və onların arzularını dilə gətirir".

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin sözlərinə görə, Qarabağ ermənilərinə “status” istəyən amerikalı səfir, onlara Los-Ancelesdə muxtariyyət məsələsi qaldıra bilər: “Biz 27 min erməninin Qarabağdan çıxıb Los-Ancelesdə yerləşməsinə çox sevinərik. Hər nə qədər onları Azərbaycan vətəndaşları hesab etsək də, heç də ermənilər üçün sinov getmirik. Onlara ”status" düşmür, çünki Azərbaycanda yaşayan digər xalqlardan heç bir cəhətinə görə artıq deyillər. Odur ki, Treysi istədiyi qədər müsahibələr versin. Azərbaycan beynəlxalq səviyyədə öz işini aparır, diplomatik meydanda proses əleyhimizə işləmir, addım-addım sülhə yaxınlaşırıq".

Partiya sədri hesab edir ki, Qarabağda yaşayan ermənilər ağlını başına yığmalıdır: “Prezident İlham Əliyev onları yolunu azmış vətəndaşlarımız adlandırdı. Ermənilər bilməlidirlər ki, Vitali Balasanyan, Araik Arutyunyan və digərləri onları ağ günə çıxarmayacaq, hətta xəyali olaraq desək ki, ”status" verilib, yenə də bu separatçıların əsiri kimi bədbəxt günündə yaşayacaqlar. Ümumiyyətlə, müharibədən sonra Qarabağ erməniləri ümidsizdirlər, sabaha inam yox, gələcək qeyri-müəyyən, nə edəcəklərini bilmirlər. Onlar separatçıların yalan vədləri və sülhməramlıların gətirdiyi yardımlarla qidalanırlar. Düşünürəm ki, biz bu məsələdə beynəlxalq təzyiqlər olsa belə, sona qədər mövqeyimizdə qətiyyətli dayanmalıyıq. Ermənilərə heç bir “status” verilə bilməz. Ancaq amerikalı səfirin çıxışlarına da Blinken bir reaksiya verməlidir, deməlidir ki, Vaşinqtonun mövqeyi ilə üst-üstə düşür, ya yox. Biz hələ ki Amerikadan rəsmi səviyyədə səfirin fikirlərinə bənzər açıqlama görməmişik".

Politoloq: “ABŞ-ın yeni hökuməti İran siyasətini dəyişməyəcək” -  29.11.2020, Sputnik Azərbaycan

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, səfirin açıqlamasında incə nüansa diqqət etmək lazımdır - Treysinin çıxışında erməni əhalisinin adı çəkilmir, söhbət Qarabağ əhalisindən gedir: “Yəni Qarabağın dağlıq hissəsindən olan bütün əhali nəzərdə tutulur. O zaman səfirin məntiqindən çıxış etsək, Xankəndi, Xocalı, Əsgəran və digər ərazilərdən olan azərbaycanlı köçkünlərin də statusla bağlı mövqeyi öyrənilməlidir. Şübhəsiz ki, demoqrafik cəhətdən üstünlük bizdədir. Deməli, öz müqəddəratını təyin etmək hüququ verilməsi üçün ilk növbədə sülhməramlıların müvəqqəti səlahiyyət zonasına azərbaycanlı əhali köçürülməlidir, daha sonra referendum keçirilməlidir. Təbii ki, azərbaycanlı əhali separatçı rejimin təşkil edəcəyi oyuncaq seçkidə iştirak etməyəcək, rəsmi Bakı özü referenduma getsə, o zaman səsvermədə azərbaycanlılar ”status" əvəzinə ermənilərə dirsək göstərəcəklər. Yəni hətta amerikalı səfirin dediyi o mifik və absurd variant tətbiq olunsa belə yenə ermənilərin heç bir şansı yoxdur. Ona görə, zənnimcə, bu məsələdə amerikalı səfir heç özü də dərindən bilmədiyi bir mövzu haqda danışıb və erməni diasporunun istəklərini ağzından çıxarıb. Görünür, səfiri yaxşı yemləyirlər və hər dəfə belə çərənləyir".

Onu da qeyd edək ki, amerikalı səfirlə Qarabağdakı separatçıların nümayəndəsi, özünü “ombudsman” adlandıran Qeqam Stepanyanın mövqeləri üst-üstə düşür. Qondarma rejimin “ombudmsan”ı revanşist mövqedə dayanaraq bildirib ki, Azərbaycanın tərkibində istənilən muxtariyyət statusu bizim üçün heç məqbul deyil: “Qarabağdakı ermənilər Azərbaycanın tərkibində muxtariyyətin nə olduğunu bilir. Həmin dönəmlərdə Azərbaycan hansı ayrı-seçkiliyi edib, hamımız bilirik. Qarabağda qəsdən azərbaycanlıların sayını artırıb, erməniləri azaldırdılar. Dəfələrlə demişik ki, biz Azərbaycanın tərkibində olmayacağıq. Kim qəbul edərsə-etsin, biz Azərbaycanın bir parçası olmayacağıq. Hətta Ermənistan və Azərbaycan sülh sazişi imzalasalar, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanısa belə, biz bunu tanımayacağıq. Xalqın iradəsi nəzərə alınmadan onun taleyi həll oluna bilməz. Brüsseldə və Vaşinqtonda oturan adam qərar verə bilməz ki, Xankəndi və ya Xocavənd sakini necə yaşasın. Bu, absurddur”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR