Onlayn ictimai-siyasi qəzet
Abram Peylinin regionda keçirdiyi görüşlər ətrafında ən müxtəlif müzakirələr açılıb, suallar yaranıb...
ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Peyli Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində diplomat Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb.
“Bakıda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və bank sektorunun nümayəndələri ilə İran, sanksiyaların tətbiqi və regionla bağlı səmərəli müzakirələr aparılıb”, - İran üzrə xüsusi elçi bildirib.
Abram Paley həmçinin İsrail səfiri Corc Diklə “İran rejiminin regionda sabitliyi pozan davranışlarını” müzakirə edib.
“İsrailin Azərbaycanla tarixi və mədəni əlaqələri haqqında eşitmək çox gözəldir”, - diplomat əlavə edib.
Qeyd edək ki, bu səfər ətrafında ən müxtəlif müzakirələr açılıb, suallar yaranıb. Xüsusilə səfərin səbəbləri barədə fərqli versiyalar irəli sürülür. Eyni zamanda ABŞ rəsmisinin ölkəmizə gəlməsinin onsuz da gərgin olan Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirə biləcəyi yönündə fikirlərə də rast gəlirik.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva İran tərəfin narahatlığına heç bir əsas görmür: “ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Peylinin Azərbaycana səfərə gəlməsi, burada bir sıra görüşlər keçirməsi heç də təsadüfi deyil. Xüsusilə regionda baş verən hadisələr, Fələstin-İsrail gərginliyi, Vaşinqton-Tehran münasibətləri fonunda heç də təsadüfi deyil. Onun Bakı səfəri çərçivəsində kimlərlə görüşdüyünü nəzərə aldıqda, görürük ki, bu görüş İranın son vaxtlar regionda atdığı məsuliyyətsiz addımlar fonunda gerçəkləşir. Çox güman ki, Peylinin Azərbaycanın İrandakı səfiri ilə görüşünün pərdəarxasında siyasi kəşfiyyat alış-verişi dayanır. Çünki ABŞ İranla bağlı məlumatları son dövrlər ilkin mənbələrdən ala bilmir. Ona görə də İranla qonşu ölkələrin səfirlikləri ilə məlumat mübadiləsində maraqlıdır. Birləşmiş Ştatlar rəsmiləri bundan əvvəl Ermənistan və Gürcüstanın İrandakı səfirləri ilə də görüşüblər. Bunlar sıradan rutin görüşlər deyil. Daha böyük hadisələrə hazırlığın impulslarıdır. Baxın, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb. Deməli, Əli Əlizadə ilə görüş sırf diplomatik kəşfiyyat xarakterlidir. Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüş isə daha çox ali mənbələrdən məlumat almaq üçündür. Yəni İranla Azərbaycan arasındakı münasibətlərin indiki səviyyəsi Birləşmiş Ştatlar üçün olduqca maraqlıdır. Xarici İşlər nazirinin müavini Samir Şərifovla görüş isə daha çox İrana tətbiq olunan sanksiyalarla əlaqəli ola bilər. Çox güman ki, ABŞ Azərbaycanla İran arasındakı iqtisadi əlaqələrin hazırkı durumundan bir qədər narahatdır. Amma bu narahatlığa heç bir əsas yoxdur. Çünki İranla bizim iqtisadi əlaqələrin tarixi kökləri mövcuddur. Abram Peylinin ABŞ və İsrailin Azərbaycandakı səfirləri ilə görüşü yekun təhlil xarakteri daşıyır. Təbii ki, bütün bunlar rəsmi Tehranı narahat edən məqamlardır. Güman etmək olar ki, Qərb İrana qarşı daha tutarlı həmlələrə hazırlaşır. Yeni sanksiyalar da gələ bilər. Bu görüşlərin İran-Azərbaycan əlaqələrində müəyyən qədər gərginlik yaradacağı istisna deyil. Hətta İran parlamentinin radikal üzvü Cəlal Rəşidi Kuçi deyib ki, İsrailin Azərbaycandakı elçiliyi tərəfindən açıq hədəfə alınmalıdır. Bu isə açıq təhdiddir və İranın bir terror dövləti olmasının göstəricisidir. İran rəsmilərinin bu cür məsuliyyətsiz addımları və bəyanatları İran-Azərbaycan münasibətlərinin pisləşməsi üçün daha ciddi səbəbdir. Çox güman ki, Kuçi kimi deputatlar İran xüsusi xidmət orqanlarının mesajını və təhdid ritorikasını dilə gətirir.”
Niyaməddin Orduxanlı
Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı İran tərəfin Azərbaycan tərəfi həzm edə bilmədiyini söylədi: “Azərbaycan öz müstəqiliyini qazandıqdan sonra hər bir dövlətlə qarşılıqlı, ikitərəfli münasibətlərin qurulmasında maraqlı olub. Azərbaycanın Amerika ilə 32 ildir ki, ikitərəfli münasibətlər səviyyəsində əlaqələri mövcuddur. Bundan hansısa dövlətin narahatlıq keçirməsinin bizə heç bir aidiyyəti yoxdur. O cümlədən də qonşu İranın. İran uzun illərdir ki, düşmən Ermənistanla hər cür əlaqələr qurur, hərbi, siyasi, enerji dəstəyi verir. Qafanda konsulluq açır. Bütün bunları da özünün müstəqil siyasət yürütdüyü ilə əlaqələndirir. Onsuz da 44 günlük Vətən müharibəsindən sonra İranın Azərbaycana aqressiv siyasəti artmaqdadır. Bizim İsrail dövləti ilə çox yüksək səviyyəli əlaqələrimizi İran qəbul edə bilmir. ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Peylin Azərbaycanda səfərdə olması İranı narahat etməyə bilməz. Bu bizim dövlətin öz daxili işidir. İran dövləti bu cür görüşlərdən narahatlıq keçirməməlidir. İran yaxşı bilməlidir ki, Azərbaycan bu günə kimi heç bir dövlətə imkan verməyib ki, öz ərazisindən İrana qarşı istifadə etsin. Ancaq İran bunu bilə-bilə yenə də Azərbaycana qarşı qeyri-adekvat davranışlarını davam etdirir. İranda səfirliyimizə qarşı terror törədilir. Fazil Mustafaya qarşı terror hazırlayır. Din adı altında Azərbaycanda özünün agentura şəbəkəsini qurur. Məscidlərimizdə donuz saxlayan ermənilərə pulsuz silah verir. Bütün bunları xalqımız çox yaxşı bilir. İsrail Azərbaycanın ən yaxın dost ölkələrindən biridir. İran bizim dostlarımızla yaxın əlaqələrimizdən əsəbləşirsə, bir stəkan su içsin”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, ABŞ-ın İran üzrə elçisinin Bakıya səfəri Yaxın Şərqdə baş verən hadisələr və Tehranın Cənubi Qafqazdakı rolu ilə bağlıdır: “Vaşinqton Tehranın bölgədəki planlarından narahatdır. Ancaq Vaşinqton gərək İran-Ermənistan münasibətlərindən narahat olsun. Çünki məhz Ermənistan İranla eyni mövqedən çıxış edir”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ