Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ-ın bir sıra federal qurumlarının işçilərini əhəmiyyətli dərəcədə ixtisar etmək niyyətindədir.
Musavat.com Washington Post-a istinadən xəbər verir ki, söhbət bəzi qurumlarda işçilərin sayının 50 faizədək azaldılmasından gedir.
Nəşrin jurnalistləri tərəfindən əldə edilən Ağ Evin daxili sənədlərinə görə, Amerika hökumət rəsmiləri “Tramp administrasiyasının hökumət aparatının həcmini azaltmaq proqramının birinci mərhələsində departamentlərin işçilərinin 8 faizdən 50 faizə qədərini ixtisar edəcəyinə hazırlaşır”. Sənədlər "ABŞ-da 2,3 milyon insanın çalışdığı bürokratik aparatın yenidən təşkili" ilə bağlı ilkin planları əks etdirir.
Sənədlərə əsasən, ABŞ-ın Mənzil və Şəhərsalma Nazirliyi hazırda 8,3 min nəfərə yaxın olan işçilərinin yarısını ixtisar etməyi planlaşdırır. Daxili İşlər Nazirliyində işçilərin sayının 25 faiz, Ticarət Nazirliyi, Maliyyə Nazirliyi və Daxili Gəlirlər Xidmətində (ölkənin əsas vergi yığım orqanı) təxminən üçdə bir, Ədliyyə Nazirliyində isə 8 faiz azalacağı gözlənilir. Planlar ABŞ-ın 22 federal dövlət qurumuna aiddir.
Ağ Evin mətbuat katibinin müavini Harrison Filds nəşrə bildirib ki, sənədlər administrasiyanın yekun planlarını deyil, yalnız ilkin planlarını əks etdirir. O, işçilərin sayında əhəmiyyətli ixtisarın hazırlandığını təsdiqləyib.
Qeyd edək ki, Tramp daha əvvəl şişmiş hökumət aparatını ixtisar etmək və bürokratiya ilə mübarizə aparmaq üçün bir sıra tədbirlər açıqlayıb. Prosesə İlon Mask Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə rəhbərlik edir. Mask ABŞ hökumətinin xərclərini 2 trilyon dollar azaldacağını gözlədiyini bildirib. DOGE-nin fəaliyyəti minlərlə dövlət məmurunun işdən çıxarılması və bir çox maliyyə yardımı proqramlarının dayandırılması ilə nəticələnib.
Musavat.com
31 Mart 2025
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ