Onlayn ictimai-siyasi qəzet
Tarix sübut edir ki, ABŞ-a demokratiya, insan hüquqları kimi məsələlər yalnız öz çirkin siyasətini gerçəkləşdirmək, dünyanı idarə etmək üçün lazım olub. Amerika bu ad altında bir çox ölkələrə demokratiya yox, fəlakət, səfalət ixrac edib. Dünyanın hansı nöqtəsində gərginlik, müharibə, vətəndaş qarşıdurması, insan ölümü varsa, orada mütləq ABŞ-ın izi var. Məhz ABŞ-ın dirijorluğu ilə bu hadisələr baş verir. Çirkin siyasi oyunlarda, ayrı-ayrı regionlarda, ölkələrdə yaşanan qanlı olaylarda başlıca məqsəd isə həmin ərazinin təbii sərvətlərini nəzarətə götürmək, istismar etmək olub.
Reallıqda elə bir ölkə varmı ki, ABŞ ora sülh, əmin-amanlıq aparıb? Xarabaya çevrilən, baş verən toqquşmalarda minlərlə, milyonlarla ölümlər yaşayan ölkələr tarix boyu ABŞ-ın yürütdüyü siyasətdən acı nəsibini alıblar.
Amerikanın çirkin siyasi oyunlarının qurbanına çevrilən regionların miqyası həddən artıq böyükdür. Cənubi Amerika, Afrika, Asiyanın böyük bir hissəsi ABŞ-ın işğal, kütləvi qətlimalarla müşühidə olunan siyasətinin dəhşət doğuran nəticələrini yaşayıb. Tarix boyu bu regionların ölkələri (Panama, Argentina, Nikaraqua, Uruqvay, Kolumbiya, Meksika, Tayvan, Yaponiya, Koreya, Misir, Havay, Filippin, Samoa və s.) ABŞ-ın işğalı, hərbi müdaxiləsi ilə üzləşib, günahsız insanlar qətlə yetirilib.
ABŞ-ın Əfqanıstana daxil olması, illərlə burada mövcud olması nə ilə yadda qaldı? Terror, insan ölümləri, özbaşınalıq... 20 illik işğal dövründə Əfqanıstanda ABŞ nə qurdu, hansı abadlıq işləri apardı? Kimsə deyə bilərmi ki, ABŞ Əfqanıstanda hansısa sosial layihə icra etdi; məktəb tikdi və ya yol çəkdi? Sonda isə bütün dünyanın gözü qarşısında biabırçı bir çəkildə buranı tərk edərək terrorçu elan etdiyi Talibanı hakimiyyətə qaytardı. O Talibanı ki onu elə ABŞ-ın yaratdığı hamıya bəllidir. Əfqanıstan deyəndə ağla zülmət, xarabalıq, terror, sivilizasiyadan uzaqlaşmaq gəlirsə, bunda ABŞ-ın payı böyükdür və Amerikanın bu ölkəyə vurduğu yaralar illərlə sağalmayacaq...
Başqa bir ölkə-İraq. Hələ də ABŞ-ın gətirdiyi fəlakətin yaralarını sara bilməyib. İraqa təcavüz təqribən 1 milyon insanın həyatını itirməsi, şəhər və kəndlərin dağıdılması ilə nəticələndi. Məlum oldu ki, İraqın nüvə silahına malik olması ABŞ-ın uydurması imiş. Sadəcə bu yalan İraqın milli sərvətlərini nəzarətə götürmək üçün lazım idi.
ABŞ Liviyaya da bədbəxtlik, fəlakət, qarıdurma bəxş edib. Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyaya vəd olunan demokratiya, xoşbəxt həyat reallaşmadı. Liviyada vətəndaş qarşıdurması hələ də səngiməyib və qarşıdurmanın müəllifi öz əsərinə zövqlə tamaşa etməkdədir.
Yaxın Şərqdə milyonlarla insanın qətlində ABŞ-ın bu və ya digər formada rolu var. Bu regionun əksər ölkələrində iqtisadi infrastruktur dağıdılıb, şəhər və kəndlər xarabazara çevrilib. “Ərəb baharı” ssenarisinin acı bəhrələri göz önündədir. Amerikanın gətirdiyi “demokratiya” ölkələrə bədbəxtlik, səfalət, açlıq saysız-hesabsız problemlər bəxş edib və bu problemin nə zaman bitəcəyini proqnozlaşdırmaq belə çətindir.
İslamofobiyanı dövlət siyasəti səviyyəsinə qaldıran Amerika öz planlarını gerçəkləşdirmək üçün islamla terroru eyniləşdirmək siyasəti yürüdür. Müsəlman ölkələrini hədəfə götürən ABŞ terrorla mübarizə adı altında istədiyi addımı atır, ölkələrin daxili işlərinə kobud şəkildə müdaxilə edir.
Sirr deyil ki, Ukraynanı qızışdıraraq Rusiya ilə müharibəyə sövq edən də ABŞ-dır. ABŞ silah-sursat yardımı ilə manipulyasiya edərək Kiyevi tamamilə özündən asılı vəziyyətə salıb. On minlərlə ukraynalının ölümündə, şəhər və kəndlərin yer üzündən silinməsində, ölkənin az qala 25 faizinin işğalında ABŞ-ın da əli var.
Yeri gəlmişkən vurğulamaq vacibdir ki, son vaxtlar ABŞ-ın Ukrayna siyasətində yumşalma hiss olunur və Kiyev ərazi işğalı ilə barışmağa məcbur edilir. Əslində ABŞ-ın Ukraynanı qurban verəcəyini tarixi faktlar da öncədən diktə edirdi. 2008-ci ildə Gürcüstandakı müharibə hamının yaxşı xatirindədir. O vaxtkı prezident Saakaşvilini Rusiya ilə müharibəyə təhrik edən ABŞ oldu. Sonra isə onu meydanda tək qoydu. Nəticədə Rusiya nəzarət etdiyi Gürcüstan ərazilərinin işğalını faktiki olaraq rəsmiləşdirərək məsələni daha müşkül duruma saldı.
ABŞ-ın alnındakı belə qara ləkələr sırasında Türkiyəyə etdiyi xəyanət xüsusi yerdə dayanır. Vaşinqton qardaş ölkəni vətəndaş qarşıdurmasına sürükləmək, inkişafının qarşısını almaq məqsədi ilə 2016-cı ildə özünün yaratdığı və maliyyələşdirdiyi FETO təşkilatını hərəkətə gətirərək çevriliş etmək istədi. Türkiyə rəhbərliyinin qətiyyəti və xalqın birliyi buna mane oldu.
Bu gün ABŞ Azərbaycana münasibətdə də riyakar siyasət yürüdür. Ermənistandakı separatçıların ən böyük himəyadarı rolunda çıxış edir. Necə ki, bunu 30 illik işğal dövründə etmişdi və müxtəlif yollarla separatçıları maliyyələşdirirdi.
İndi açıq qalan sual budur: ABŞ sülhün, sabitliyin, humanizmin ziddinə olan siyasətini nə zamana kimi davam etdirəcək?!
Elman Babayev, jurnalist
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ