Onlayn ictimai-siyasi qəzet
ABŞ və Ermənistan arasında baş tutan strateji dialoqdan sonra tərəflərin birgə bəyanatı aydın şəkildə göstərir ki, rəsmi Vaşinqton İrəvanı Rusiyanın təsirindən tamamilə çıxarmaq üçün zəruri olan bütün detalları müzakirə edib. Hətta perspektivdə “ikitərəfli dialoq statusunu Strateji Tərəfdaşlıq Komissiyasına yüksəltməyi” qərara alıblar.
Ermənistanın indiki xarici siyasət kursunu müsbət qiymətləndirən ABŞ dövlət katibinin köməkçisi O’Brayen Ermənistanın Avroatlantik strukturlarla və Qərblə daha sıx əməkdaşlıq etmək istəyini yüksək qiymətləndirib. “Yeni Müsavat”ın siyasət şöbəsi qeyd edir ki, enerji təminatının Ermənistanın yaralı yeri olduğu məlumdur və görünür, elə bu səbəbdən atom elektrik stansiyasını nüvə enerjisi ilə təmin etməyi də ABŞ üzərinə götürüb. Tərəflər digər vacib sahələr üzrə də, hətta ədliyyə və digər hüquq-mühafizə orqanlarında islahatlar aparılması sahəsində mövcud əməkdaşlığı nəzərdən keçiriblər. “ABŞ və Ermənistan strateji dialoqu və yaxınlaşması Cənubi Qafqaza sülh və barışıq gətirə bilərmi?
Rusiyanın imperiya ambisiyaları və Ermənistanın Moskvadan iqtisadi asılılığı ilk mərhələdə ciddi fəsadlar verə bilər, amma bu prosesin paralel olaraq Ermənistan cəmiyyətində onsuz da yüksək olan anti-Rusiya əhvalının daha da güclənməsinə səbəb olacağı da şübhə yaratmır”. Bu barədə Moderator.az-ın təhlilində bildirilir. Kreml təzyiq imkanlarının əks-reaksiya yaradacağını keşiş Baqratın uğursuz aksiyasından bilir. Belə davam edərsə, Kreml Cənubi Qafqazda əsas dayaq nöqtəsi olan Ermənistanın tədricən ondan uzaqlaşdığına seyrçi qalacaqmı və bu proses Cənubi Qafqazın digər iki respublikasına necə təsir edəcək?
“İrəvanla Bakı arasında sülh müqaviləsi imzalamaq imkanı var, çünki Rusiya hazırda çətinliklə üzləşib, bəlkə də bir ildən sonra bu cür çətinlikdə olmayacaq. Ona görə də fürsət pəncərəsi var. Biz indi bunun üzərində işləyirik”. Bu sözləri də ABŞ dövlət katibinin müavini Ceyms Obrayen "AzadlıqRadiosu"nun erməni xidmətinə müsahibəsində deyib. Çox maraqlıdır, ABŞ hesab edir ki, Ukrayna münaqişəsi onun Cənubi Qafqazda təsir imkanlarını zəiflədib. “Rusiya demək istəyir ki, Ukraynada qalib gələndən sonra Qafqaza qayıdacaq, lakin Rusiya Ukraynada qalib gəlməyəcək və Qafqaza qayıtmayacaq - baxmayaraq ki, uzun müddətdir buradadır. İndi Ermənistan vətəndaşlarının bunu deməsinin vaxtıdır: "Biz qərara gəldik və geriyə yox, irəli getmək istəyirik". İndi irəli getmək imkanı var, çünki Rusiya Ukraynada ilişib qalıb", - Blinkenin müavini belə dəyərləndirir. Onun sözlərinə görə, ABŞ Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıracağını bəyan edib.
O izah edib ki, bu, Ermənistanla demokratiyanın gücləndirilməsi, təhlükəsizliyi, məsələn, polis və sərhəd qoşunları və iqtisadiyyatın diversifikasiyası üçün işləmək deməkdir: “Ermənistan qlobal ticarət apara bilməli və indiki kimi Rusiyadan asılı olmamalıdır. Bunlar üzərində işləməyə davam edəcəyimiz sahələrdən bəziləridir. Bizim Azərbaycanla bir çox cəhətdən səmərəli və konstruktiv münasibətlərimiz var və biz hər iki tərəflə işləyəcəyik. Çox şad olarıq ki, şirkətlərə maliyyə yardımı göstərək və onlarla əməkdaşlıq edək ki, onlar sülh sazişindən sonra dinc regionun imkanlarından istifadə etmək üçün bura gəlsinlər. Biz Ermənistan və Azərbaycanla tərəfdaşların bir-birinə kömək etdiyi bütün yollarla işləməyə hazırıq. Gürcüstan və Ermənistan Avropa Birliyinə və vahid bazara daha yaxın olmaqda maraqlıdırlar və hesab edirəm ki, belə inteqrasiya yalnız İrəvanla Bakı arasında saziş imzalandıqdan sonra mümkündür”. Obrayen bir daha Zəngəzur dəhlizini dəstəklədiyini bu sözlərlə ifadə edir. Eyni vaxtda Paşinyan KTMT-dən çıxmaq anonsu verib. Göründüyü kimi, ABŞ Obrayenin dili ilə hər şeyi olduğu kimi təqdim edir, heç nəyi gizlətmir.
Azad Məsiyev
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin “Yeni Müsavat”a dediyinə görə, Birləşmiş Ştatlar Rusiyanı düşmən elan edib və onu təkləmək istəyir. Ekspertin qənaəti ondan ibarətdir ki, Vaşinqton Moskvanın regionda mövqeyini zəiflətmək və yerinə daxil olmaq üçün Ermənistan üzərindən bu addımları atmaqdadır: “Lakin Rusiya bu bölgədə kifayət qədər oturuşub və Ukraynada hərbi əməliyyatlar aparmasına baxmayaraq, o demək deyil ki, digər sahələrdə fəaliyyətini dayandırıb. Rusiyanın diplomatik-kəşfiyyat strukturları mövcuddur, eləcə də Ermənistanda təsir rıçaqları genişdir. Bura hərbi baza, iqtisadi faktorlar aiddir. Sadəcə, Obrayen provokativ bəyanatlar verir və vəziyyəti qızışdırır. Rusiya bütün sahələr üzrə Cənubi Qafqazda mübarizə apara biləcək potensiala malikdir”.
A.Məsiyev ABŞ-ın cəhdlərinin uğurlu olacağını gözləmir. Sülh sənədinə gəlincə, ekspert hesab edir ki, İrəvan özü real addımlar atmalıdır: “Obrayen Rusiyanın başının qarışmasından danışır, sülhə əngəl tərəf kimi təqdim edir, amma Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün qanunvericilikdə dəyişiklik etməlidir. ABŞ sülh sazişini istəyirsə, himayə etdiyi Ermənistan hakimiyyətini bu addımı atmağa məcbur etməlidir. Bu gün Paşinyan sülh müqaviləsini imzalasa belə, sabah keçiriləcək referendumda kim qarantiya verə bilər ki, erməni xalqı Azərbaycana qarşı ərazi iddialarına səs verməyəcək? Odur ki, Vaşinqton özü İrəvana bu məsələdə təzyiq göstərməlidir”.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin fikrincə, ABŞ baş verənləri fürsət kimi görür. Onun sözlərinə görə, 44 günlük müharibə dönəmində Qərb regiona müdaxilə edə bilmədi, amma sonra təsir gücünü artırmağa başladı: “Postmünaqişə dövründə 10 noyabr sənədinə əsasən dominant və şəriksiz vasitəçi Rusiya idi. Amma proseslər sürətlə inkişaf etdi, Brüssel və Vaşinqton masaları quruldu, alternativlər yarandı. Ardınca Ukrayna müharibəsi Rusiyanın regionda strateji təsirlərini azaltmağa, Ermənistanı da bundan həvəsləndirməyə başladı. Fransa və ABŞ hərbi-siyasi cəhətdən daha fəal şəkildə İrəvan hökumətini müdafiə etdilər. İndi prosesi sürətləndirmək və Rusiyanı seytnot vəziyyətə salmaq istəyirlər. Amma unutmayaq ki, bölgədə Rusiya-Türkiyə reallığı da var. Üstəlik, prosesə daha geniş baxanda görmək olar ki, ABŞ təkcə Ermənistanı deyil, Gürcüstanı da Rusiyanın çətiri altından çıxarmaq üçün dəridən-qabıqdan çıxır”. Partiya funksioneri Paşinyanın iqtidarda qaldığı müddətdə Ermənistanda Qərbin təsirlərinin güclənəcəyini fikirləşir, amma Rusiyaya qarşı vabank siyasət də yürütməyəcəyini proqnozlaşdırır: “Hər şey Ukrayna müharibəsinin nə qədər uzanmasından asılıdır. Rusiya Ermənistanda çevriliş edə bilmir və hakimiyyət hadisələrə kontrol etməyi bacarır. Paralel olaraq da Qərb kəşfiyyatı - ABŞ və Fransa Paşinyanın təhlükəsizliyini gücləndiriblər. Eyni zamanda müdafiə naziri Papikyan Fransaya səfərlər edir, hərbi-texniki əməkdaşlığı genişləndirir. KTMT-dən də de-yure çıxmaq qərarı qəbul olunsa, onda qarşıdurma daha gərgin fazaya keçəcək. Paşinyan radikal addım atmağa çəkinir. Ermənistanın bu blokdan çıxmaq qərarı əlverişli şəraitdə veriləcək ki, bu da bir daha deyirəm - Ukrayna hadisələrinə zəncirvari bağlıdır”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ