Onlayn ictimai-siyasi qəzet
ABŞ, onun Dövlət Departamenti Ermənistandakı qatı qərbyönlü partiyaların 2026-cı il seçkilərində parlamentə daxil olmasına kömək etmək üçün siyasi “təşviqat”a başlayıb. Belə bir iddianı Rusiya Xarici Kəşfiyyat Xidməti irəli sürüb.
“Qərbyönlü partiyaların 2026-cı il seçkilərində parlamentə daxil olmasını təmin etmək üçün onların siyasi təbliğatına artıq başlanılıb. Bu ”demokratiyanın barışmaz tərəfdarlarına" qonşu Gürcüstan hökumətindən nümunə götürüb milli maraqlara, erməni xalqının adət-ənənələr və dəyərlərinə üstünlük vermək istəyəcək indiki (Paşinyan) hökumətinə əngəl olmaq tapşırığı verilir", - məlumatda qeyd olunur.
Söhbət Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika Naminə”, Tiqran Xzmalyanın “Ermənistan Avropa Partiyası”, Levon Şirinyanın “Xristian Demokratik Partiyası” partiyalarından gedir.
Qeyd olunur ki, Birləşmiş Ştatlar bu yolla Ermənistanı özünə tamamilə tabe etmək niyyətindədir.
Belə çıxır, ABŞ Paşinyanın qərbçi olduğuna tam arxayın deyil?
Belə fikir də var ki, Tramp administrasiyası Güney Qafqaza maraq göstərməyəcək, diqqəti daha çox Çinə, İrana ayıracaq. Bunun da bölgəmizə, Azərbaycana nə vəd etdiyi məsələsi var. Çünki Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkınin yerli mediaya son müsahibəsindən qənaət hasil oldu ki, Moskva Bakı və İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlı deyil. Tərəflərə “tələsməməyi” tövsiyə edir. Ya da sənədin yalnız özünün iştirakı ilə imzalanmasını məqbul sayır.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda ayrı-ayrı güc mərkəzlərinin dominantlığı uğrunda mübarizə davam edir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda bu, coğrafiya diqqət çəkir. Ümumilikdə Cənubi Qafqaz ətrafında böyük proseslər getdiyini deyə bilərik: “Bir müddət öncə başa çatsa da etirazları davam edən Gürcüstandakı seçkilər də göstərdi ki, Rusiya ilə Qərb arasında olan mübarizə özünü Qafqazda göstərir. Hazırda da eyni mənzərəni biz Ermənistanda da müşahidə edirik. Hesab edirəm ki, 2026-cı ilə qədər bu proseslər bir qədər sürətlənəcək və kəskinləşəcək, daha açıq oyun gedəcək. Qərb orada özünə daha yaxın qüvvələri parlamentdə üstün mövqeyə gətirməkdə qərarlıdır. Eyni zamanda ”Respublika" Partiyası, “Respublika Naminə” Partiyası, “Ermənistan Avropa” Partiyası, “Xristian Demokratik” Partiyası və onların luderləri hər zaman anti-Rusiya ritorikası ilə çıxış ediblər. Bu partiyaların liderləri müxtəlif sosial şəbəkələrdə çıxışları zamanı Rusiyanı tənqid edir, onun nüfuzuna zərbə vurmağa çalışırlar, Rusiyanın hərbi potensialına ironik yanaşırlar və çox çalışırlar ki, Ermənistan Rusiyanın geosiyasi orbitindən çıxsın. Bu da onu deməyə əsas verir ki, onlar sanki Qərbin maliyyə yastığının üstündə oturublar və bütün fəaliyyətləri ilə Qərbə borcludurlar. Bu gün isə Qərb onların piar kampaniyasını təşkil edir. Bu proses get-gedə daha da genişlənəcək. Artıq bunu xarici güclər, xarici kəşfiyyat xidmətləri də aydın görür".
Ekspertin sözlərinə görə, şübhəsiz Rusiya kəşfiyyatı da Ermənistanda gedən bütün prosesləri daha dərindən bilir: “Rusiya Ermənistanı iqtisadi cəhətdən asılı vəziyyətə salıb. Paşinyan hökuməti üzünü nə qədər Qərbə tutsa da Rusiyadan asılıqdan xilas olmaq mümkün deyil. Belə bir təəssürat yaranır ki, artıq Nikol Paşinyanı yeni bir Qərbypnümlü fiqurla əvəz etmək barədə Qərbdə ideya mövcuddur. Buna görə də Rusiyaya daha çox kəskin mövqedə olan qərbyönümlü siyasi partiyaların təbliğatına, gücləndirirlməsinə start verilib. Nikol Paşinyanın erməni ictimaiyyəti arasında get-gedə nüfuzunun aşağı düşməsi də Qərb dairələrini yeni siyasi qüvvəni və lideri meydana çıxarmaq barədə düşündürür. Bu, Paşinyana inamın yox, ümidin itməsi hesab oluna bilər. Qərb Paşinyanı haraya qədər lazımdırsa oraya qədər istifadə edib və indi görür ki, nüfuzu düşür, bu gedişlə 2026-cı ildə seçkilərdə uduza bilər və Rusiyaya bağlı qüvvələr üstünlüyü ələ keçirər. Ona görə də indidən Qərbyönümlü yeni qüvvələrin gücləndirilməsinin vacibliyi qərarına gəlinib. Hər halda Rusiyanın əlində bu barədə daha müfəssəl informasiyalar mövcuddur. Verilən açıqlama da buna əsaslanır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ