Onlayn ictimai-siyasi qəzet
Paşinyan ana qanun məsələsinə qayıtmaq məcburiyyətində qalacaq; Ermənistan hərəkətlərində səmimi deyil
Ermənistan hökuməti noyabrın 28-də keçirilən iclasında “Ermənistan Respublikasının himni haqqında” qanuna dəyişiklik layihəsini təsdiqləyib. Parlamentin sərdi Alen Simonyan, deputatlar Sisak Qabrielyan və Taquhi Qazaryanın təşəbbüsü ilə irəli sürülən layihədə ifa ilə yanaşı, himnlə bağlı bəzi münasibətlərin tənzimlənməsi təklif edilir. Xüsusilə himnin bir rəsmi versiyasının təsis edilməsi təklif olunur.
Layihəyə əsasən, Ermənistan hökumətinə himnin qısa mətnini hazırlanmaq səlahiyyəti verilir. İclasda iştirak edən Baş nazir Nikol Paşinyan deyib ki, bu layihənin formalaşdırılmasının siyasi hissəsində qismən və ya tam iştirak edib.
“Rəsmi tədbirlərdə himnimiz səslənəndə çox diqqətlə dinləyirəm, lakin uzun müddətdir bu məsələdə çox ciddi problemlərin olduğunu görürəm”.
Bunu Paşinyan hökumətin iclasında bildirib. O, himnin hər tədbirdə fərqli temp və sürətdə səsləndirildiyini deyib: “Son zamanlarda rəsmi tədbirlərdə himnimizin canlı ifa edilməsi və müəyyən olunmuş standartda səsləndirilməsi üçün tapşırıq vermişəm. Hər yerdə fərqli şəkildə səsləndirilir. Tədbirlərdə basdırma və sucuq himndən daha çox diqqət çəkir”.
İclasda himndə bəzi detalların dəyişdirilməsi təklif olunub. Himinin yeni rəsmi versiyasının müəyyənləşdirilməsi təklifi hökumət üzvləri tərəfindən dəstəklənib. Məlumata görə, himn aşağıdakı sözlərlə yekunlaşacaq:
“Üç rənglə bax ona, Bir hədiyyə nişanəsi, Düşməni məğlub etsin, Ermənistanı fəth etsin".
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Paşinyana təsir edən xarici qüvvələr ola bilər: “Paşinyan bir tərəfdən bölgədə sülh və əməkdaşlığın bərpasını istəyir, digər tərəfdən əsas əngəlləri aradan qaldırmağa tələsmir. Söhbət Ermənistan Konstitusiyasındansa Azərbaycana qarşı ərazi iddasını ehtiva edən ”Müstəqillik bəyannaməsi"ndən gedir ki, bunu çıxarmaq lazımdır. Bu halda Azərbaycanla sülh sazişi də imzalanar, Ermənistanın regioanl layihələrə qoşulma imkanları da artacaq, üstəlik, Ermənistan-Türkiyə münasibətləri nizamlanacaq. Amma bunları yerinə yetirmək yerinə, Paşinyan ikinci dərəcəli işlərlə məşğuldur. Hesab edirəm ki, Paşinyan konstitusiya məsələsinə qayıtmaq məcburiyyətində qalacaq, çünki bir müddət öncə ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışacağına dair ümidverici açıqlama vermişdi. İlin sonuna cəmi bir ay qalıb. Əgər bu bir ay ərzində konstitusiyaya dəyişiklik edilsə, sülh sazişini imzalamaq mümkündür, amma vaxt azdır. Bunun əvəzində isə erməni cəmiyyəti qarşısında başqa təkliflərlə çıxış edir - himnin dəyişdirilməsi və s. Biraz şou ilə məşğuldur. Bu il yəqin ki, sülh sazişinin imzalanması mümkün olmayacaq. Məsələ gələn ilə qalır, amma biz tələsmirik. Biz əsas məsələni həll etmişik, ərazi bütövlüyünü təmin etmişik, Qarabağ üzərində suverenliyimiz bərpa olunub, strateji yüksəkliklər nəzarətimiz altındadır. Əslində Paşinyan tələsməlidir. Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmadığı müddətdə Ermənistanı inkişaf gözləmir. Ermənistan özü də etiraf edir ki, kommunikasiya xətlərinin 70 faizi bağlıdır çünki iki böyük qonşusu ilə münasibətləri yoxdur. Bir əngəl ortadan qaldırılmalıdır ki, bu məsələlər yoluna qoyulsun. Bundan da çəkinir, ehtiyat edir. Halbuki, parlamentdə səs çoxluğuna malikdir, cəmiyyətdən də müəyyən qədər dəstək var. Ola bilər ki, Paşinyana təsir edən xarici qüvvələr var ki, Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanmasında maraqlı deyillər".
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı isə “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Paşinyan diqqəti əsas məsələdən yayındırmaq istəyir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün əsas şərt konstitusiyanın dəyişdirilməsi, Azərbaycana, o cümlədən Türkiyəyə qarşı ərazi iddialarından əl çəkilməsidir. Regionda sülh istəyirlərsə, Azərbaycanın bu şərtini yerinə yetirməlidirlər, əks halda, gərginlik qalacaq. Ermənistan hərəkətlərində səmimi deyil, bir tərəfdən vaxtı uzatmağa çalışır, digər tərəfdən silahlanır, o cümlədən məsələyə aidiyyəti olmayan problemləri ortaya ataraq diqqəti yayındırmağa çalışır. Gah deyir Azərbaycanla strateji əməkdaşlığa dair saziş imzalansın, gah da ortaya ağlasığmaz, gülünc məsələlər qoyur. Qeyd etmək lazımdır ki, Ermənistanın himni biabırçı himndir. Bunu özləri də etiraf edirlər. Sevgi mətni üzərində yazılmış himni də oğurlayıblar. Məntiqsiz cümlələr, misralar var, mənasız, məzmunsuz olduğu üçün ermənilər özləri də utanırdılar. Azərbaycan himni isə ən gözəl, yüksək səviyyəli, həm məzmununa, hədəflərinə, həm də musiqisinə görə dünyada qəbul olunan himnlərdən biridir. Ermənilər bu məsələdə də Azərbaycana paxıllıq edirlər. Nəticənin necə olacağı qeyri-müəyyəndir. Paşinyan indiyə kimi heç bir məsələni sona qədər çatdırmayıb. Hər hansı məsələni ortaya atır, həm daxildə, həm də xaricdə müzakirələr başlayır, sonra da hər kəsin yadından çıxır. Paşinyan bu taktika ilə hərəkət edir, cəmiyyəti axmaq yerinə qoyaraq ölkəni hələ ki, idarə edir. Hesab edirəm ki, Paşinyanın bu təşəbbüsü yerinə düşməyən təşəbbüsdür və nəticəsi olmayacaq. Hansı himnin qəbul olunmasının Azərbaycan üçün əhəmiyyəti yoxdur”.
A.Nağı vurğulayıb ki, ermənilər Azərbaycanın regiondakı lider rolu ilə barışmaq istəmirlər:
“Paşinyan bir müddət öncə ermənilərin tarixinin yenidən yazılmasını təklif etmişdi. İndiyə kimi Ermənistan tarixi olmayıb çünki dövlət kimi olmayıb. Dünyada qəbul edilmiş norma var ki, tarix dövlətlərin tarixidir, belə deyək, dövləti olmayan xalqın tarixi yoxdur. Ermənilər bu boşluğu süni şəkildə düzəltməyə çalışırlar. Böyük ehtimalla, bu məsələ fiasko ilə başa çatacaq və ortada nəticə olmayacaq”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ