Onlayn ictimai-siyasi qəzet
Hərbi ekspert: “Cənubi Qafqazı müharibə meydanına çevirmək planları qurulub, hədəf həm də Rusiyadır”
“Yunanıstan və Fransa Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeləri səbəbindən hər zaman Ermənistanı dəstəkləyiblər. İndi də yunanlar Rusiya istehsalı olan silahları Ermənistana təqdim etmək istəyirlər”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar Yunanıstanın Ermənistana S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemlərini vermək qərarını şərh edərkən deyib.
Ağar öncə Afinanın da regionda geosiyasi maraqları olan dövlətlər kimi özünü apardığını bildirib: “Digər tərəfdən, həm Fransa, həm Hindistan və İran, həmçinin Avropa Birliyi və ABŞ-ın regionda maraqları var. Bu dövlətlər Ermənistandan öz maraqları naminə istifadə edərək ”geopolitik reallıq" yaratmağa, Azərbaycan və Türkiyəni təzyiq altında saxlamağa, Ermənistan vasitəsilə bir təsir gücü formalaşdırmağa çalışırlar".
Ekspertin sözlərinə görə, bu növ silahlar İkinci Qarabağ müharibəsində ermənilərə heç bir fayda verməyib: “Ermənistana verilən silahlar İkinci Qarabağ müharibəsi zamanı onlarda var idi. Bilirsiniz ki, Qarabağ müharibəsində ilk olaraq Osa-AK sistemləri sıradan çıxarıldı. Daha sonra ”Tor", “Buk” və S-300 sistemlərinin məhv edildiyini gördük. Ermənistanın hava hücumundan müdafiə sistemi ciddi şəkildə zədələndi. İndi bu itkiləri kompensasiya etmək məqsədilə Yunanıstanın əlindəki köhnə silahları Ermənistana verib, özü üçün İsrail və Qərb istehsalı olan yeni silahlar almağa çalışdığı müşahidə edilir".
Ağar əlavə edib ki, Yunanıstan və Fransanın Ermənistanı silahlandırması cavabsız qalmayacaq: “Azərbaycan bu prosesləri yaxından izləyir və qiymətləndirir. Bu silahların zərərsizləşdirilməsi ilə bağlı böyük təcrübəyə malikdir. Yalnız bu silahlar deyil, Ermənistanın müxtəlif kateqoriyalardakı yeni silahları dövriyyəyə buraxması Azərbaycanda əlavə tədbirlərin görülməsinə səbəb olur. Prezident İlham Əliyevin göstərişi ilə müdafiə büdcəsi daha da artırılıb. Bu baxımdan, Ermənistanın yeni silahlarına qarşı Azərbaycan mövcud və effektivliyini sübut etmiş silahlarla yanaşı, yeni təşəbbüslər irəli sürə bilər”.
Sual yaranır: Ermənistan Bakıdakı Hərbi Qənimətlər Parkında saxlanılan, yəni ordumuzun sıradan çıxardığı silahları təzədən niyə alır? Kapitulyant ölkəni yenə “qaşındıran” kimdir?
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan edən zaman Ermənistanın hava hücumundan müdafiə sistemlərinin 70 faizi məhz 30 ilə yaxın işğalda saxlanan Azərbaycan ərazilərində yerləşirdi. Müzəffər ordumuz həmin silahları - S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemlərini, PZRK-ların demək olar ki, hər birini məhv etdik. Faktiki olaraq elə vəziyyət yarandı ki, 44 günlük müharibədən sonrakı dövrdə Ermənistanın hava hücumundan müdafiə sistemi silahlarının cəmi 30 faizi salamat qalmışdı. Bu isə deməkdir ki, Ermənistan ərazisi hava hücumundan müdafiə sistemi 30 faiz qorunur: “Buna baxmayaraq Ermənistan son illərdə müdafiə sistemi silahları almağa deyil, hücum silahları əldə etməyə üstünlük verir. Məntiqlə əgər Ermənistan sülh tərəfdarıdırsa hücum silahları deyil, müdafiə silahları almağa üstünlük verməli idi. Ancaq biz bunun əksini görürük. Hindistandan, Fransadan, ABŞ-dan hücum silahları alınıb. Artıq Ermənistan hava hücumundan müdafiə sistemləri almaq istiqamətində də işə başlayıb. Təkcə hücum silahlarının kifayət qədər olması müharibədə uğur qazanmaq ehtimalı yaratmır. Görünür, bunu Ermənistana havadarlıq edən dövlətlər də nəzərə alırlar və ona görə də Ermənistana müdafiə sistemləri verməyi qərarlaşdırıblar. Yunanıstanın Ermənistana həmin silahları satmaq qərarı Ermənistanı müharibəyə hazırlaşdırmaqdır. Erməni ordusunu tam şəkildə müharibəyə hazır vəziyyətə gətirmək istəyirlər. Bununla həm də Cənubi Qafqazı müharibə meydanına çevirmək planları qurulub. Burada hədəf həm də Rusiyadır. Azərbaycan Ermənistanın istənilən an hərbi təxribatlarının qarşısını almağa tam şəkildə hazır olmalıdır. Müharibə başlayarsa, Naxçıvan istiqamətində ola bilər və bu zaman Azərbaycan yaxın məsafədən hətta İrəvandakı hava hücumundan müdafiə sistemlərini, hücum silahlarını vuracaq alternativ silahlara malikdir. Əgər Ermənistan Azərbaycana qarşı hərbi təxribatlara əl atacaqsa və müharibəyə başlayacaqsa bu dəfə müharibə Azərbaycan ərazisində deyil, Ermənistan ərazisində olacaq və daha amansızlığı ilə fərqlənəcək”.
Hərbi ekspert onu da qeyd etdi ki, Yunanıstanın Ermənistana satacağı adıçəkilən hava hücumundan müdafiə sistemləri Azərbaycan tərəfindən lazımi anda çox asanlıqla məhv ediləcək: “Artıq 44-günlük Vətən müharibəsində Azərbaycan ordusu həmin silahları məhv etmək imkanlarına malik olduğunu ən yüksək səviyyədə dünyaya göstərmiş oldu. Nəzərə alsaq ki, müharibədən sonrakı illərdə Azərbaycan ordusunun silah arsenalı daha da gücləndirilib, deməli ermənilərin Yunanıstandan alacaqları silahları Qənimətlər parkının yeni eksponatlarına çevirmək daha asan olacaq. Məsələnin başqa bir tərəfi odur ki, Ermənistan o silahların Azərbaycan ordusunun mıhv etmək imkanında olduğu silahları alır. Ola bilsin ki, Yunanıstan artıq köhnəlmiş silahlarını ucuz qiymətə Ermənistana satır, ona görə də İrəvan onları alır. Yunanıstan bir tərəfdən Ermənistanı müharibəyə hazırlaşdırır, o biri tərəfdən silah anbarlarını köhnə silahlardan təmizləyir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ