Onlayn ictimai-siyasi qəzet
Deputat: “Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manata yaxın vəsait yönəldilib; 2025-ci ilin proqnoz göstəricisini nəzərə aldıqda bu rəqəm 22 milyard manatadək yüksələcək”
29 noyabrda Milli Məclisin növbəti iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Cari məsələlər zamanı çıxış edən deputat Vüqar Bayramov bildirdi ki, sosial təminatının daha da gücləndirilməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir: “Bu, özünü dövlət büdcəsinin sosialyönümlü xərclərinin dinamik olaraq artmasında da göstərməkdir. Belə ki, Vətən müharibəsindən sonra, 2021-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin məbləği 12 milyard 202 milyon manat idisə, bu göstərici 2022-ci ildə 13.7 milyard manat, 2023-cü ildə 15.2 milyard manat, 2024-cü ildə 15 milyard 539 milyon və nəhayət, 2025-ci il üçün 16 milyard 909 milyon manat nəzərdə tutulub. Göründüyü kimi, sosialyönümlü xərclər hər il əvvəlki ilə nisbətən artımla icra edilib. Bu eyni zamanda, 2021-ci il ilə müqayisədə illik sosial ayırmaların gələn il 4 milyard 707 milyon artırılacağı deməkdir. Digər tərəfdən, son 5 ildəki sosial paketlərin maliyyələşdirilməsinə əlavə olaraq 7 milyard manat vəsait ayrılıb. Bu müddətdə həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manata yaxın vəsait yönəldilib və 2025-ci ilin proqnoz göstəricisini nəzərə aldıqda bu rəqəm 22 milyard manatadək yüksələcək”.
V.Bayramov daha sonra qərəzli və doğru olmayan sosial rəqəmlərə guya istinad edərək müqayisələr aparan marjinal və populist siyasi qüvvələrin diqqətinə ölkələrin rəsmi statistikasına əsaslanan bir sıra real göstəriciləri çatdırmaq istədiyini söylədi: “2025-ci ildə Azərbaycanın dollar ifadəsində 10 milyard dollarlıq sosial ayırmaları Cənubi Qafqazin digər iki ölkəsinin birgə sosial xərclərindən 2.2 dəfə çox olacaq. Eyni zamanda, Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın xarici borclar və qrantlar ilə formalaşan ümumi büdcəsindən 67 faiz çoxdur. Əlavə müqayisəyə ehtiyac varmı? Bu baxımdan, yanlış müqayisə aparmağa cəhd edənlər diqqətli olsunlar və onların saxta rəqəmləri heç bir halda Azərbaycanda güclənən sosial təminat sisteminə kölgə sala bilməz”.
Milli Məclis ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsini üçüncü oxunuşda təsdiqləyib. Bununla bağlı parlamentin bugünkü plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarıldı. Layihədə qeyd olunub ki, dəyişiklik layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb. Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb. Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq. Layihə səsverməyə qoyularaq son oxunuşda təsdiqləndi.
Deputat Rəşad Mahmudov çıxış edərək əlilliyin verilməsi ilə bağlı vaxtaşırı cəmiyyətdə gedən müzakirələrə toxundu. Bildirdi ki, onun fikrincə, ümumilikdə 99 faiz əlilliyin verilməsi doğru şəkildə həyata keçirilir. “Sadəcə cəmiyyətdə xəstəliklə əlilliyi qarışdırmaq problemi var. Amma vətəndaşlara izah etdiyimiz zaman onlar arqumentlərimizi qəbul edirlər. Bununla belə deyirlər ki, şəkərin, ürək-damar xəstəliklərinin əlilliyə düşmədiyini bilirik. Amma bəs dərmanlarımızı necə alaq?” R.Mahmudov qeyd etdi ki, təqdim olunan qanun layihəsi bu mənada vətəndaşlara əlavə imkanlar yaradacaq.
Deputat qeyd etdi ki, vaxtilə ölkənin regionlarında kəskin infarkt zamanı vətəndaşlarımız ciddi çətinliklərə üz-üzə qalırdılar. Amma bu gün bölgələrimizdə belə, açıq ürək əməliyyatları yüksək səviyyədə həyata keçirilir. Həmçinin 300-dən artıq insana orqan transplantasiyası həyata keçirilib. R.Mahmudov bildirdi ki, əvvəllər qaraciyər köçürməsi dövlət üçün çox çətin idi. “Əlilliyin verilməsi ilə bağlı ölkədə aparılan siyasət doğrudur. Amma köhnə zehniyyəti dəyişmək çətindir”, deputat əlavə etdi. Bildirdi ki, Azərbaycan dövləti vətəndaşın sağlamlığı üçün hər şeyi edir və edəcək.
Milli Məclisin iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilərək qəbul olundu. Musavat.com-un məlumatına görə, layihəyə əsasən, öz arzusu ilə işdən çıxan ədliyyə işçilərinə birdəfəlik müavinət veriləcək. Belə ki, arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Azərbaycanda yeni rüsumlar müəyyənləşdirilir. Bununla bağlı iclasda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsinə əsasən, arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat, arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə 50 manat rüsum müəyyən edilir.
İclasda həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə layihə müzakirəyə çıxarıldı. Milli Məclis Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsini təsdiqlədi. Layihə səsverməyə qoyularaq qəbul edildi.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. Komitə sədri bildirdi ki, xüsusi pasport sahibləri belə Həcc ziyarəti üçün viza almalıdırlar. S.Seyidov bildirdi ki, sazişlə nəzərdə tutulan viza məsələsi işçi səviyyəsində olan səfərlər üçün nəzərdə tutulub: “Mənə çox sayda suallar gəlirdi ki, Səudiyyə Ərəbistanı iki müqəddəs məkanın olduğu ölkədir və qeyd edilən saziş əsasında həmin pasport sahiblərinin aldıqları viza ilə ziyarətə getmələri mümkün olacaqmı? Sazişdə birbaşa istinad olunub ki, ziyarət üçün ayrı viza lazımdır. Bununla bağlı müzakirələr gedib və hesab edirəm ki, düzgün qərar qəbul olunub. Diplomatik, xüsusi və xidməti pasportla ölkələr arasında əlaqələrin genişləndirilməsi, müzakirələrin aparılması üçün işçi səfərləri həyata keçirilir. Başqa səfərlər isə ümumvətəndaş pasportu və xüsusi viza tələbi olan məsələdir”.
İclasda İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarıldı. Layihəyə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır. Qüvvədə olan qanuna görə, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir. Ancaq təqdim olunan layihəyə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsinə görə isə cərimələr müəyyənləşir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 274-1-ci maddəyə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.
İclasda “Qrant haqqında” qanuna təklif edilən dəyişikliklər də müzakirəyə çıxarıldı. Dəyişikliklərə əsasən, bələdiyyələr qrant almaq hüququ əldə edəcək. Qanun layihəsi bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.
İclasın sonunda Milli Məclisin sədri Sahibə Qafarova dedi ki, növbəti plenar iclaslar dekabrın 3-4-ü tarixlərində olacaq. Sədr qeyd etdi ki, gələn həftə keçiriləcək iki günlük iclasda 2025-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaq.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ