İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət katibinin Azərbaycana və dünyaya mesajı - mühüm gəlişmə

Ağ Evin Minsk Qrupunu diriltmək cəhdi: “Brüssel görüşünün və ermənilərin arxasında biz dayanmışıq...”; ekspertlərdən “demokratiyanın beşiyi”nin Azərbaycan siyasəti ilə bağlı sərt açıqlamalar

Aprelin 5-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, telefon danışığı əsnasında Antoni Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib.

Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini qeyd edib. Dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb. Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Blinken Prezident İlham Əliyevə zəng edib - Xəbər Xətti

Müşahidəçilərin fikrincə, Ağ Ev rəsmisinin Brüssel görüşündən 1 gün qabaq prezident İlham Əliyevə zəng etməsi və keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirməsi açıq və net ismarışdır.

ABŞ rəsmisi 5 apreldə İrəvana da zəng edib, baş nazir Nikol Paşinyanla danışıb.

Rəsmi məlumatda deyilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər. Bildirilir ki, Paşinyanla ABŞ dövlət katibi telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası, regionda kommunikasiyaların açılması imkanları, həmçinin Ermənistan və Türkiyə arasında dialoqla bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər Cənubi Qafqazda baş verən proseslərə toxunublar. ATƏT-in Minsk Qrupunun həmsədrliyinin işi kontekstində regional sabitliyin və sülhün təmin edilməsinin vacibliyi qeyd edilib. Həmsöhbətlər beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Göründüyü kimi, ABŞ həm Ermənistan-Türkiyə münasibətlərini diqqətlə izləyir, həm də Ermənistan-Azərbaycan münasibətləri ilə bağı proseslərdə təşəbbüsü ələ almağa çalışır, amma yenə də ölü “Minsk Qrupu”nu ortaya atmaqla.

Bu prosesdə Minsk Qrupunun dirilməsi üçün cəhdlərin edilməsi təəssüf doğurur. Azərbaycan dövlətinin başçısı mövqeyini dəfələrlə ifadə etdiyi halda, ermənilərin havadarları yenə də ənənəvi ikili standartlara istinad etməyə çalışırlar.

Buradan bu nəticəni çıxarmaq olar ki, Amerika Ermənistanı, demək, həm də separatizmi dəstəklədiyini açıq bildirir. Düzdür, ABŞ Konqresi 2023-cü ildə Ermənistana ayrılacaq maliyyənin həcmini azaltmağı, Azərbaycana isə artırmağı, eyni zamanda Qarabağ separatçılarına 25 ildir ayrılan maliyyə vəsaitinin, nəhayət, dayandırılmasını nəzərdə tutur. Ancaq hələ ki ABŞ-dakı erməni lobbisi təşviş içərisində qərar layihəsini dəyişdirmək üçün canfəşanlıq edirlər.

ABŞ-Rusiya “müharibəsi” gedir, Ukrayna üzərindən, amma Blinken yenə də Rusiyanın yer aldğı “Minsk üçlüyünü” bizim regiona soxmaq istəyir, həll olunmuş məsələ ilə bağlı... ABŞ dövlət katibi Antoni Blinkenin zənglərinin pərdəarxası var. Yəni Azərbaycana və dünyaya mesajı bu oldu: "Brüssel görüşünün və ermənilərin arxasında biz dayanmışıq..."

Ankara-İrəvan münasibətlərində irəliləyiş olduğu halda, ABŞ-da saxta “erməni soyqırımı” ilə bağlı növbəti şou davam edir. Bu kimi cəhdlər isə gərginliyi artırmağa xidmət edir, nəinki sülh yaratmağa.

Xatırladaq ki, Novruz bayramı ərəfəsində ABŞ prezidenti Co Bayden də İlham Əliyevə təbrik məktubunda Güney Qafqazda sülhün və əmin-amanlığın Amerika üçün önəmli olduğunu, bu prosesdə Birləşmiş Ştatların təşəbbüsü ələ almaqda israrlı olduğunu diplomatik dildə çatdırmışdı. ABŞ Rusiyanı Güney Qafqazdan vurub çıxarmaq istəyir. Qarabağ məsələsinin indən sonrakı mərhələsini özünün tək yürütməsini istəyir. Azərbaycan ABŞ-ın bu təşəbbüsünü necə qarşılayır? Bizə bu bölgədə və xüsusilə də Qarabağ məsələsində Rusiya ilə işləmək sərfəli və təminatlıdır, yoxsa Qərblə, daha konkret ABŞ-la? Nəzərə alsaq ki, Amerikanın Qarabağ məsələsinə münasibəti Azərbaycanı heç vaxt qane etməyib. Gerçəklikdir ki, Birləşmiş Ştatlar istər Minsk Qrupu formatında, istərsə müstəqil şəkildə yürütdüyü siyasətdə Qarabağ mövzusunda hər zaman Ermənistandan yana olub. ABŞ-ın Rusiyanı bölgədən vurub çıxarması, təşəbbüsü ələ alması bizə nə kimi perspektiv vəd edir?

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

 Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hakimiyyətinin və havadarlarının mövqeyi həlledici rola malik ola bilməz. Çünki Azərbaycan sülh danışıqlarına hazır olduğu qədər müharibəyə də ən yüksək səviyyədə hazırdır: “Məsələ ondadır ki, Avropa İttifaqı və ABŞ da bunun fərqindədir. Yaxşı bilirlər ki, artıq hədə diplomatiyası ilə qalib Azərbaycanın mövqeyini dəyişmək qeyri-mümkündür. Ona görə də Ermənistanın ona təklif edilən beş baza prinsipi əsasında sülhə doğru addım atmaqdan başqa çarəsi yoxdur. Əks təqdirdə, Azərbaycan Ermənistanı sülhəməcburetmə qaydalarını yaxşı bilir”. E.Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutan telefon danışığına gəldikdə isə deputat qeyd etdi ki, burada sülhə yardımetmə əlamətlərindən daha çox öz dövlətinin maraqlarının diqtə edilmə niyyəti özünü biruzə verir: “Bu fikri olan görə əminliklə deyirik ki, elə həmin gün Blinken Ermənistanın baş naziri ilə də telefonla danışaraq, ATƏT-in Minsk Qrupunun danışıqlarda mümkün rolundan bəhs edib. Təkcə bu fakt özlüyündə danışıqlara neqativ təsir göstərə bilər. Çünki bizim üçün nə Minsk Qrupu, nə də onun həll etməli olduğu bir problem var. Azərbaycan öz problemini özü həll edib. Azərbaycan imkan verməyəcək ki, onun ərazisində artıq olmayan problem yenidən yaradılsın, həmçinin Azərbaycan Rusiya və ABŞ üçün geostrateji rəqabət meydançasına çevrilsin. Bütün bunları nəzərə alsaq, Brüsseldə heç də asan olmayan görüşün baş tutacağını deyə bilərik. Belə şərtlərdə isə bütün məsələləri birdən razılaşmdırmaq mümkün görünmür. Ancaq bununla belə, hər halda, biz liderlərin görüşünə şahidlik edirik və mümkündür ki, bəzi istiqamətlərdə mövqelərin daha da yaxınlaşdırılması baş versin”.

Tural İsmayılov: Gənclərin könüllülük hərəkatı sıralarında təmsil olunmağı  ölkəmizə böyük bir gələcək vəd edir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

 Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov bu barədə “Yeni Müsavat”a bildirdi ki, ABŞ-da erməni lobbisi ciddi təşkilatlanıb: “Ümumiyyətlə, Amerikada, özəlliklə də Kaliforniyadakı erməni lobbisi ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərini korlamaq üçün əlindən gələni edir. Amerikada yaşayan qatı erməni radikallarından Aram Hamparyan və Amerika erməni milli komitəsi (ANCA) daim ölkəmiz və Türkiyə əleyhinə konqresmənlərlə müştərək təxribatçı ”hesabatlar" hazırlayır. Bütün bu faktorlar ABŞ-ın dünyada elan etdiyi ədalət prinsiplərində nə qədər qeyri-səmimi olduğunu göstərir. Təəssüflər olsun ki, bu günə qədər ABŞ da Fransa və bir çox Avropa siyasətçiləri kimi erməni lobbisinin oyuncağına çevrilən siyasətçilərinin qarşısını ala bilmir, ya da almaq istəmir. Hələ SSRİ dövründə erməni lobbisi Amerikada Qarabağ ətrafında manipulyasiyalar edirdi. 1989-cu il iyul ayının 19-da ABŞ senatı erməni lobbisinin təzyiqi ilə Dağlıq Qarabağda cərəyan edən hadisələrlə bağlı “qərar” qəbul etdi. Erməni lobbiçilərinin təzyiqi ilə erməni millətçilərinin marağının əks etdirilməsi üçün qəbul edilmiş “qərarlarda” erməni radikal milliyyətçiliyi daha da qızışdırılırdı. ABŞ-ın o zaman SSRİ-dəki səfiri Con Metlok bu qərarı yalnız bir neçə senatorun təşəbbüsünün nəticəsi kimi dəyərləndirsə də, erməni diasporu ondan məharətlə istifadə edirdi, belə qərarları kütləvi informasiya vasitələrinə çıxarırdı".

T.İsmayılov qeyd etdi ki, biz eyni zamanda illər boyu ABŞ-ın Ermənistana ayırdığı haqsız maliyyə yardımlarını da unutmamışıq: “1992-ci ildə erməni lobbiçiliyinin fəal dəstəyi ilə Amerikanın Azərbaycana maliyyə və hərbi yardımlara qadağa qoyan ”Azadlığa dəstək aktına" 907-ci düzəliş qəbul edildi. Bu akt ilkin variantında keçmiş sovet respublikalarına maliyyə və texniki yardım göstərilməsini nəzərdə tuturdu. Konqresin ermənipərəst üzvləri guya Azərbaycan tərəfdən Ermənistanın və Dağlıq Qarabağın blokadaya alınmasını bəhanə edərək Azərbaycana Amerika yardımı göstərilməsinə qadağa qoyulmasını təklif etdilər. 1992-ci ilin sentyabrında həmin qadağaları nəzərdə tutan 907-ci düzəliş Senatın və Nümayəndələr Palatasının razılaşdırıcı konfransında qəbul olundu. 907-ci düzəlişin qüvvədə olmasının təsiri nəticəsində 1996-cı ilə kimi Amerika Ermənistana 612 milyon dollar, Gürcüstana 420 milyon dollar yardım ayırdı. Həmin müddət ərzində Azərbaycana isə cəmi 80 milyon dollar ayrılmışdı. 1996-cı ilin müzakirələri zamanı Nümayəndələr Palatasının erməni lobbiçiləri tərəfindən 1997-ci ildən etibarən Qarabağ ermənilərinə də ayrıca maliyyə yardımı ayrılmasına nail olundu. Azərbaycan dövlətinin uğurlu siyasi gedişləri nəticəsində 907-ci düzəlişin ədalətsiz bir qərar olması haqda istər Amerikanın dövlət rəsmiləri, istərsə də Konqres üzvləri arasında müəyyən rəy yaradılması mümkün oldu. Bunun nəticəsi kimi, 1997-ci ildə də, 1998-ci ildə də 907-ci düzəlişin ləğvinə cəhd göstərdilər. Lakin Konqresin erməni lobbiçilərinin müqaviməti bu düzəlişin ləğvinə imkan vermədi. Bir də 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı məlum terror hadisəsindən sonra Senat qərar qəbul edərək, Amerika prezidentinə səlahiyyət verdi ki, bəzi hallarda Azərbaycana maliyyə yardımı göstərilə bilər. Bir şərtlə ki, Amerikanın yardımı Azərbaycan tərəfindən Ermənistan üzərinə hücum üçün istifadə edilməsin". Ekspert bildirdi ki, ABŞ Minsk Qrupunda da ədalətli mövqe qoya bilmədi: “ABŞ 30 il ərzində işğalın sona çatdırılması üçün Ermənistana heç bir real və ciddi təzyiqlər etmədi. Əksinə, Amerikadakı siyasətçilərin Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətləri bəzi hallarda Dövlət Departamentinin bəzi hesabatlarına da ”sıçrayırdı". Bundan sonra ABŞ Azərbaycanla münasibətlərində yeni bir mərhələyə adlaya bilər. Baydenin Novruz təbriki və eyni zamanda Blinkenin Bakıya tez-tez zənglər etməsi ABŞ-ın Cənubi Qafqaz regionuna marağının artdığını göstərir. Amma nəzərə almaq lazımdır ki, münaqişələrdə ABŞ Rusiyadan fərqli mövqe ortaya qoymur". Politoloqun fikrincə, ola bilsin ki, yaşanan son Ukrayna ilə gərginlikdən sonra ABŞ Rusiya ilə həmfikir olduğu sahələrdə də fərqli addımlar atmaq istəsin: “Lakin Amerikanın Rusiyanı Güney Qafqazdan çıxarmaq planları 2008-ci il Gürcüstan hadisələrindən start götürsə də uğurlu nəticələnmədi. Yəni geopolitika siyasi təxminləri üstələdi. Azərbaycan Qoşulmama Hərəkatının sədri və qalib ölkə kimi regionda önəmli imkanlara malik olan ölkədir. Amma Azərbaycan ABŞ tərəfindən demokratiya bəhanəsi ilə ölkəmiz əleyhinə səslənən ittihamları da yaxşı bilir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan heç vaxt ABŞ-la öz qonşuları əleyhinə hansısa qərarlarda iştirak etməyib. Balanslı xarici siyasət həyata keçirən bir ölkə kimi ABŞ-ın məkrli planlarında Azərbaycan heç vaxt yer almayıb və almayacaq. Azərbaycan Rusiya ilə də, ABŞ-la da münasibətlərini zədələməməyə çalışır. Eyni zamanda Ermənistanın təxribatlarının qarşısını almaq üçün biz ən doğru siyasəti həyata keçiririk. ABŞ-ın Rusiyanı bölgədən çıxarmaq planları heç vaxt həyata keçə bilməz. Bir daha qeyd edirəm ki, geosiyasət bəzi proqnozları reallıqdan kənar qəbul edir”.

İlham Əliyev: Paşinyan Sorosun bir məhsuludur

Ən nəhayət, Brüssel görüş ərəfəsində “Sorosun adamı” Nikol Paşinyanın İrəvanın mərkəzində “müxalifətin mitinqini” təşkil etməsi isə növbəti erməni hiyləgərliyi idi. Paşinyan Brüsselə “xalqın etirazı” tamaşasını yaratmaqla getmək istəmişdi, heç şübhəsiz. Bu tamaşaya isə həm Rusiya, həm Fransa, həm də ABŞ biganə qaldı. Çünki məmnundurlar...

Elşad PAŞASOY,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR