İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan İrəvana müharibə xəbərdarlığı - Ermənistan üçün qapılar bağlanır

“Kapitulyant ölkənin riskli demarşları Qərbi də bezdirib; Avropada Azərbaycanın mövqeyini güclü və vazkeçilməz edən faktorlar...

Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçlü görüşü keçirilib. Görüş ərəfəsində ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan rəhbərlərinə zəng edib. Brüssel görüşü və aktuallıq kəsb edən digər mövzular müzakirə edilib.

Azərbaycan tərəfinin yaydığı məlumata görə, telefon danışığı zamanı Blinken Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib. Öz növbəsində İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təklifləri və mövqeyini qeyd edib. Həmçinin humanitar məsələlərə toxunaraq, 1-ci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ermənistan hökuməti mətbuat xidmətinin məlumatında isə deyilir ki, Paşinyan və Blinken Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası, regionda kommunikasiyaların açılması imkanları, həmçinin Ermənistan və Türkiyə arasında dialoqla bağlı fikir mübadiləsi aparıblar. Tərəflər Cənubi Qafqazda baş verən proseslərə toxunublar və regional sabitliyin, sülhün təmin edilməsinin vacibliyini qeyd ediblər. Həmçinin beynəlxalq platformalarda əməkdaşlıq məsələləri, eləcə də Ukraynadakı vəziyyət müzakirə olunub.

*****

ABŞ Dövlət Departamentinin Rusiyanın Təhlükəli Hərbi Hərəkətləri dair  Bəyanat - Azərbaycanda ABŞ səfirliyi

Lakin ABŞ Dövlət Departamentinin saytındakı xəbərdə Azərbaycan və Ermənistan rəhbərləri “təmkinli olmağa” çağırılmaqla yanaşı, belə bir cümlə yer alır: “Ermənistan-Azərbaycan danışıqları ərəfəsində ABŞ dövlət katibi Entoni Blinken baş nazir Nikol Paşinyanla danışıb və qeyd edib ki, Qafqazda indi eskalasiya (oxu: yeni müharibə - red.) vaxtı deyil”.

Məhz İrəvana xəbərdarlıq xarakteri daşıyan belə bir mesaj Ermənistan hökumətinin yaydığı məlumatda yoxdur. Bu da təbii və məntiqlidir. Mesajın “açması” odur ki, məğlub və zəif tərəf kimi, ordusu darmadağın edilmiş işğalçı ölkə olaraq Ermənistan özünü yaxşı aparmalı, sülh naminə daha çox çalışmalı, bölgədə əməkdaşlığa hamıdan çox töhfə verməlidir, nəinki odla oynamalı və heç vaxt reallaşmayacaq, gerçəklikdən uzaq maksimalist tələblər irəli sürməlidir.

Blinkenin Bakı və İrəvan zəngində əsas müzakirə – Sonuncu nəyi gizlədir?

Gözlənildiyi kimi, Blinkenin bu mesajı İrəvanda ciddi təlaş doğurub.

“ABŞ dövlət katibi vurğulayıb ki, indi regionda vəziyyəti daha da gərginləşdirmənin vaxtı deyil. O, bunu Azərbaycan Prezidenti Əliyevlə söhbətində yox, bizim baş nazirimizə deyib. Buradan məntiqi nəticə çıxır ki, Birləşmiş Ştatlar vəziyyətin gərginləşməsinə görə Azərbaycanı deyil, Ermənistanı cavabdeh hesab edir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Armenianreport.com-un dünənki redaksiya məqaləsində deyilir.

Müəllif ardınca yazır: “Bu, ciddi bir mesajdan da artıq mesajdır. Yaranmış yeni vəziyyətin təhlükəsini dəfələrlə vurğulamışıq. Hansı situasiyada ki, Ermənistan Rusiyanın strateji müttəfiqi kimi qəbul edilir və qəbul olunacaq. Halbuki Azərbaycan və Türkiyə, Qərbin qənaətincə, bu mövqedə deyil. Əksinə, onlar Ukraynanın müttəfiqləri sayılırlar, bunu Kiyevdə tez-tez deyirlər. Deyəsən, qapılar bağlanır və indi bütün bunların bizim üçün nə ilə bitəcəyini gözləmək qalır. Gözləntilər isə çox həyəcanvericidir...”

*****

İrəvan Arutyuyanı Moskvaya SƏFİR GÖNDƏRİR - Günün Səsi

Ermənistan isə əfsus ki, hələ də revanşist iddialardan əl çəkmək istəmir, sülh prosesini dalana sürükləməyə davam edir. Brüssel görüşü ərəfəsi İrəvanda Moskvaya bağlı radikal müxalifətin və “müharibə partiyaları”nın - Qarabağ klanı və onun odioz rəhbərlərinin, Sərkisyan-Köçəryan tandeminin təşkil elədiyi, “müharibə qoxusu verən və revanşist bəyanatın qəbulu ilə bitən, hökumətyönlü medianın da ciddi dəstək verdiyi (!) mitinq buna bariz sübutdur. Blinkenin Paşinyana zənginin məhz həmin mitinq vaxtına təsadüf eləməsi bu xüsusda ikiqat diqqət çəkir. Əslində kapitulyant ölkənin bu qəbildən riskli demarşları Qərbi də bezdirib.

İrəvandakı 5 aprel mitinqini isə üstəgəl, yeni müharibə çağırışı hesab eləmək olar. Çünki aksiya Azərbaycanla sülh üçün heç bir şans qoymur və köhnə ərazi iddiaları, “artsax”ın “müstəqilliyi” kimi avantürist və təxribatçı tezislərdən ibarət idi. Belə bir mitinq sözsüz ki, Brüssel görüşü ərəfəsi Paşinyana “öz əlini gücləndirmək” üçün lazım olub. Lakin bölgədə söz sahibi olmayan “izqoy” bir ölkənin belə “demarşlar”ı onun üçün əks-effekt də yarada bilər. Niyə?

Əvvəla, ona görə ki, regionun bütün mənalarda açar dövləti olan və Rusiya ilə uzunmüddətli qarşıdurma fonunda Qərb üçün önəmi xeyli artmış Azərbaycanı bu cür təhdidlərlə qorxutmaq, ondan “artsax məsələsi”ndə hansısa güzəşt qoparmaq qeyri-mümkündür. Üstəlik, rəsmi Bakının hərtərəfli sülh müqaviləsi üçün irəli sürdüyü 5 bəndlik təklif bütünlüklə beynəlxalq hüquqa söykənir. Bu, tamamilə ədalətli bir təklifdir və hətta heç qalib ölkənin yanaşması da sayılmaz. Ermənistan üçün isə bu, nəhayət, tərəqqi yoluna çıxmaq üçün unikal şansdır. 

Bunu ABŞ başda olmaqla, Qərb yaxşı bilir və Bakının təklifinə heç bir etiraz ola bilməz. Yəni rəsmi İrəvanın burcutmağa yeri qalmayıb. Əks halda, o, yeni və daha dağıdıcı müharibəyə tuş gələcək. Nə barədə ki, Blinken Ermənistana üstüörtülü xəbərdarlıq edir...

*****

Paşinyan Rusiyanı növbəti dəfə ələ saldı - Moskvanın cavabına 1 gün qaldı

Paşinyan isə srağagünkü aksiya ilə Qərbə, Avropaya və Azərbaycana guya göstərmək istədi ki, əgər ondan yeni “güzəştlər” tələb edilərsə, hakimiyyəti ciddi risk altına düşəcək və radikallar, Moskvaya bağlı qüvvələr iqtidara gələcək. Halbuki Ermənistandan, Nikol Paşinyandan heç kim güzəşt tələb eləmir, ümumiyyətlə, güzəştdən söhbət getmir. İrəvandan, sadəcə, beynəlxalq hüquqa sayğılı olmaq tələb olunur, vəssalam.

Bakının 5 bəndlik sülh təklifinin qayəsində də İrəvana qarşı hansısa tələb yox, müstəsna olaraq beynəlxalq hüquq normaları dayanır. Ən əsası, İrəvandan hər hansı güzəşt yox, onun imza atdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli sənədin hələ də yerinə yetirmədiyi bəndlərinə sözsüz riayət istənilir - hansı sənədi ki, Qərb və onun aparıcı dövləti ABŞ da artıq legitim sayır! Yeri gəlmişkən, Bakının danışıqlarda mövqeyini güclü və üstün edən ən əvvəl bu amildir.   

Bunun indi harası güzəşt tələbidir? Kapitulyant ölkədə hakimiyyətdə radikallar olsa da Azərbaycanın mövqeyi bu cür qalacaq və dəyişən deyil. Necə ki, 30 ildə dəyişmədi. Qısası, bu, rəsmi İrəvan üçün könül məsələsi deyil. Onun getməli olduğu yeganə xilas yolu, sığınmalı olduğu son çarədir. Bu yolun alternativi isə yeni müharibədir. İstər hakimiyyətdə Paşinyan olsun, istərsə də Pişikyan...

P.S. Yazı hazırlanarkən dünənki Brüssel görüşünün nəticələri məlum deyildi...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR