Onlayn ictimai-siyasi qəzet
Puerto-Rikoda yerləşdirilmiş Amerika qoşunları narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində Venesuela ərazisini ələ keçirmək üçün əməliyyata başlamağa hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə "Washington Examiner" hərbi analitiklərə istinadla məlumat yayıb.
Ekspertlərin fikrincə, bölgədə cəmləşmiş qüvvələr Venesuelada strateji əhəmiyyətli obyektləri, o cümlədən limanları və aerodromları ələ keçirmək və saxlamaq üçün kifayət edir.
Nəşr vurğulayır ki, Pentaqon mümkün əməliyyatlara hazır olduğunu gizlətmir. Xüsusilə ABŞ Müdafiə Nazirliyinin avqustun sonundakı hesabatında Vircin adaları sahillərində keçirilən təlimlər zamanı havadan hücumların həyata keçirilməsi və aerodromların ələ keçirilməsi qeyd olunub.
Bundan əvvəl Venesuelanın xarici işlər naziri İvan Gil Pinto Amerika hərbi təyyarələrinin ölkənin hava məkanını pozmasına kəskin etirazını bildirib. Ölkənin İnteqrasiya edilmiş Aerokosmik Müdafiə Komandanlığı hadisəni qeydə alıb və müdaxilənin mövcudluğunu təsdiqləyib. Xarici işlər naziri ABŞ-nin hərəkətlərini beynəlxalq hüququ pozan və milli suverenliyə təhlükə yaradan təxribat adlandırıb.
Sentyabrın 5-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Karakasda hökuməti devirmək niyyətində deyil. Bununla yanaşı, sentyabrın 2-də o, beynəlxalq sularda Venesuela narkotik kartelinin 11 şübhəli üzvünün öldürüldüyünü açıqlamışdı. Prezidentin sözlərinə görə, Venesuela hökumətinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə səyləri hələ də yetərli deyil.
Prezident Nikolas Maduro isə ABŞ-nin hərəkətlərini ölkəsi üçün 100 ildə ən ciddi işğal təhlükəsi kimi qiymətləndirib.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ