Onlayn ictimai-siyasi qəzet
Ankaraya səfər edən ABŞ Dövlət Departamentinin katibi Əsənboğa limanında Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla görüşüb. Həm ABŞ, həm də Türkiyə tərəfinin yaydığı rəsmi bəyanatlara görə, görüşdə bir sıra beynəlxalq və regional məsələlər müzakirə olunsa da, əsasən Suriya üzərində durulub.
ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir: “Dövlət katibi Blinken güclü ABŞ-Türkiyə regional əməkdaşlığını, Suriyanın rəhbərlik etdiyi və Suriyaya məxsus olan hesabatlı və əhatəli hökumətə siyasi keçidi dəstəkləməkdə ortaq maraqlar müzakirə edilib”.
Bildirilib ki, görüş zamanı Suriyadakı bütün aktorların insan hüquqlarına hörmət göstərilməsi, beynəlxalq humanitar hüquqa riayət olunması, mülki şəxsləri və azlıq qruplarının üzvlərinin müdafiəsinin zəruriliyi barədə fikir mübadiləsi aparılıb.
Açıqlamada həmçinin bildirilib ki, Blinken Suriyadakı köçkünlərə yardımların edilməsinin və DEAŞ əleyhinə koalisiyanın missiyasını davam etdirməsinin vacibliyinə toxunub.
Türkiyənin yaydığı rəsmi məlumata görə isə, Prezident Ərdoğan ölkəsinin Türkiyə-ABŞ əlaqələrini hər sahədə inkişaf etdirmək səylərinin yeni dövrdə də davam etdirəcəyini bildirib.
Türkiyənin “əzəl gündən Suriyanın ərazi bütövlüyü, birliyi və unitar quruluşunun qorunmasının tərəfdarı olduğunu” bildirən Ərdoğan, Suriyadakı qurumların dirçəldilməsi və yenidən qurulmasında beynəlxalq ictimaiyyətin birgə çalışması vacibliyini vurğulayıb.
Ərdoğan Türkiyənin Suriyada fəaliyyət göstərən və Türkiyə üçün təhdid mənbəyi olan PKK/PYD/YPG və DEAŞ terror təşkilatları başda olmaqla bütün terror təşkilatlarına qarşı ilk növbədə öz milli təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlər görəcəyi, DEAŞ-a qarşı mübarizə aparan yeganə NATO ölkəsi olduğu qonağın diqqətinə çatdırıb. Türkiyə prezidenti PKK-nın genişlənməsinin və regiondakı vəziyyəti fürsətə çevirmək cəhdlərinin qarşısının alacağını İŞİD-ə qarşı mübarizədə heç bir zaman zəifliyin nümayiş etdirilməsinə imkan verilməyəcəyini də vurğulayıb.
Bunlar rəsmi bəyanlardır. Bəs 40 gündən sonra öz vəzifəsini təhvil verməyə hazırlaşan Bayden hakimiyyətinin xarici siyasətini yürüdən Blinkenin gedərayaq Türkiyəyə səfəri əslində hansı qayğılardan qaynaqlanırdı? Türkiyə ABŞ siyasi ritorikasında adətən “topal ördək” kimi xarakterizə olunan gedici hökumət nümayəndəsinin sözlərinə nə qədər etibar etməlidir? Ən əsası, bu vəziyyətdə Türkiyə 40 gün siyasi ömrü qalan ABŞ dövlət katibini niyə bu qədər təmtəraqla qarşıladı. Axı, ötən dövrlərdə siyasi perspektivi qətiyyən şübhə doğurmayan həmin Blinken Türkiyəyə səfər edərkən Ərdoğan tərəfindən qəbul olunmamış, Xarici İşlər naziri Hakan Fidan isə onun səmimi görüşmək cəhdini əlinin arxası ilə geri çevirmişdi. Nə dəyişdi ki, Türkiyə “topal ördək” hökumətinin rəsmisinə çevrilmiş eyni adamı ən yüksək səviyyədə qarşılamaq zərurəti hiss etdi?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, “topal ördək” hökumətinin təmsilçisi olmasına baxmayaraq, Antoni Blinken qardaş ölkəyə Co Baydenin sözçüsü kimi yox, ABŞ-ın nümayəndəsi kimi gəlib: “Ərdoğanla ABŞ-ın ən yüksək səviyyəli diplomatı kimi görüşüb. Adətən hakimiyyəti təhvil vermək ərəfəsində olan hökumətlərin nümayəndələri təmsil olunduqları komandanın maraqlarından çox, ölkələrinin milli mənfəətlərindən çıxış edirlər. Bu baxımdan onlar daha rasional mövqe tuturlar. Çünki onların hansısa qrup maraqları, lobbilər qarşısında öhdəlikləri də qalmır. Məhz bu səbəbdən də, hakimiyyəti təhvil vermək mərhələsinə qədəm qoyan hökumətlər və onların təmsilçiləri öz xələfləri ilə birgə, necə deyərlər, koordinasiyalı şəkildə işləməyə, növbəti hökumətlərin yürüdəcəyi siyasətin əsasını qoymağa çalışırlar. Bir növ, hakimiyyətlərini təhvil verərkən öz dövrlərində yol verdikləri səhvləri düzəltməyə səy göstərirlər. Blinkenin Ankara səfərində dilə gətirdiyi fikirlərə də məhz bu aspektdən yanaşmaq lazımdır. Başqa sözlə desək, onun Ankarada sərgilədiyi mövqe üzvü olduğu Bayden komandasından çox, xələfi Donal Trampın xarici siyasətinin konturlarını əks etdirir. Biz “topal ördək”lərin axsaq addımlarına baxıb “uçan ördək”lərin necə qanad çalacağını müəyyənləşdirə bilərik”.
Heydər Oğuzun fikrincə, Blinkenin Ankara səfərindən əvvəl ABŞ-ın növbəti prezidenti Donald Trampın sosial media platformasında paylaşdığı fikirlər də bu ehtimalı təsdiqləyir: “Bilirsiniz ki, Tramp ötən şənbə günü sosial hesabında paylaşdığı statusunda Suriyadakı vətəndaş müharibəsinin "ABŞ-ın müharibəsi olmadığını" ifadə edərək, Co Bayden administrasiyasına bu proseslərə “müdaxilə etməməyi”, Suriyanın taleyini suriyalılara tapşırmağı məsləhət görmüşdü. Prinsipcə, Antoni Blinkenin Ərdoğanla görüşündə sərgilədiyi mövqe də Tramp cizgisini aşmırdı. Blinken sadəcə ABŞ-ın Suriya ilə bağlı bəzi acizanə xahişlərini dilə gətirir və Türkiyənin regionla bağlı fikirlərini öyrənmək istəyirdi. Aldığı cavab da çox konkret idi: “Biz PKK/YPG ünsürləri və DEAŞ başda olmaqla bütün terrorçu qruplara qarşı eyni səviyyədə mübarizə aparacaq və “ilk növbədə öz milli təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlər görəcəyik”. ABŞ Dövlət Departamentinin yaydığı məlumatlardan belə anlaşılır ki, Vaşinqton da Ankaranın bu həssasiyyətini anlayır, ondan sadəcə Suriyada qurulacaq yeni sistemdə kürdlərin və digər etniklərin hüququnun nəzərə alınmasını istəyirdi. Prinsipcə, Blinkenin bu acizanə xahişi AKP hakimiyyətinin və Ərdoğanın da illərlə səsləndirdiyi fikirlərlə həmahəng idi. Türkiyə də kürdlərin Suriya hakimiyyətində təmsil olunmasına qarşı çıxmır, əksinə, onların separatizmin qurbanlarına çevrilmədən yaşadıqları coğrafiyada qurulacaq hakimiyyətlərdə konstruktiv fəaliyyət göstərməsini arzulayırdı və arzulayır. Suriya hərəkatından əvvəl AKP-nin müttəfiqi sayılan MHP sədri Dövlət Bahçelinin hətta Öcalana müraciət edərək separatizmdən və terrorçu ritorikadan əl çəkərək siyasi proseslərdə yer almağa çağırışları da qardaş ölkənin bu arzusunda nə qədər səmimi olduğundan xəbər verirdi”.
Heydər Oğuzun qənaətinə görə, istər Donald Trampın Suriya ilə bağlı mövqeyi, istərsə də Bayden administrasiyasının təmsilçisi Antoni Blinkenin Ankara səfərində səsləndirdiyi fikirlər onu göstərir ki, Vaşinqton Suriyanın və Yaxın Şərqin taleyini öz NATO müttəfiqi Türkiyəyə həvalə edəcək. Elədirsə, başqa suallar ortaya çıxır: Bəs bu zamanadək ABŞ-ın Suriyadakı əsas müttəfiqi hesab olunan PKK/YPG-nin taleyi necə olacaq?
Siyasi şərhçinin fikrincə, bu sualın cavabı Blinkenin Ankara səfərindən bir neçə saat əvvəl PKK/YPG-nin aldığı təcili qərarda gizlidir: “Bilirsiniz ki, Blinkenin səfərindən əvvəl PKK/YPG bəyanat verərək İŞİD-ə qarşı mübarizədən çəkildiyi elan etdi. Görünən bu idi ki, təşkilat ABŞ-ı İŞİD-lə şantaj etməyə çalışırdı. Amma böyük ehtimalla, ABŞ-dakı himayədarları təşkilata bunun ölümcül səhv olacağını, İŞİD-ə qarşı mübarizənin də Türkiyəyə həvalə ediləcəyini başa saldılar. Məncə, Ərdoğanın Blinkenlə söhbətində PKK/YPG ilə yanaşı İŞİD-ə qarşı eyni səviyyədə mübarizə aparacağını vurğulaması da əslində bu arqumenti əlində dəstəvuz edənlərə siqnal idi. Təsadüfi deyil ki, PKK/YPG də öz bəyanatını dərhal geri çəkdi və dünənə qədər Şimali Suriyada dalğalandırdığı separatçı bayrağını endirib HTŞ-nin bayrağını göyə qaldırdı. Terror təşkilatının faktiki lideri Məzlum Abdi isə bu bayraq dəyişikliyi siyasətini bu cür əsaslandırdı: “Suriyada vətəndaş müharibəsi başlayanda ölkə ikiyə bölünmüşdü. Bir tərəf Əsəd rejiminin bayrağını qaldırırdı və bu, ölkənin çox böyük bir hissəsini ehtiva edirdi. Digər tərəf isə Suriyanın müstəqillik bayrağını başının üstündə gəzdirirdi. Biz isə qruplar arasındakı daxili qarşıdurmalara qatılmaq istəmədiyimiz üçün özümüzün müstəqillik bayrağımızı ucaldırdıq. Amma indi vəziyyət dəyişdi və Suriya xalqı ümumiyyətlə tək bir müstəqillik bayrağını qəbul etdi. Suriyanın müstəqillik bayrağı da bizə uyğundur, çünki bu bayraq Suriya Ərəb Respublikasının deyil, Suriya Respublikasının bayrağıdır və ölkənin bütün komponentlərini özündə əks etdirir. Biz də Suriyaya aid qüvvələriyik və bu arqumentə əsaslanaraq bayrağımızı dəyişdirib ümumi bayraq qaldırmağa qərar verdik”. Zənnimcə, Abdi Məzlumun bu sözləri hər şeyi ifadə edir”.
Heydər Oğuzun fikrincə, Abdi Məzlumun bayraq qərarı əslində PKK/YPG-nin təslimiyyət aktıdır və yəqin ki, bundan sonra onlar da Türkiyənin iradəsi ilə hesablaşacaqlar: “Onlardan kimlər ki, terror hadisələrində yer almayıb və MHP sədri Dövlət Bahçelinin diliylə verilən mesajı qəbul edəcəksə, siyasi təşkilatlara qoşulub Suriyanın quruculuğunda yer alacaqlar, kimlər ki, uzadılmış sülh əlini tutmayacaqsa, ya öz xoşları ilə Suriyanı tərk edib başqa düşmənlərlə döyüşəcək, ya da HTŞ və Suriya Milli Ordusuyla mübarizənin qurbanına çevriləcək. Bütün hallarda Suriya bu cür terrorçulardan təmizlənəcək”.
Heydər Oğuz onu da vurğuladı ki, II Dünya Müharibəsindən sonra aktiv şəkildə dünya hegemoniyasına can atan və 1990-cı illərdən etibarən təkqütblü qlobal nizam qurmaq şansı yaxalayan ABŞ üçün öz “strateji müttəfiqlərini” satmaq və ya güdaza vermək yeni hadisə deyil: “ABŞ dünya hegemonluğuna can atdığı gündən bənzər siyasəti həyata keçirir. Bilirsiniz ki, 1955-ci ildən 1975-ci ilə qədər Vyetnamda milyonlarla insanın ölümüylə nəticələn müharibə, 2001-2021-ci illərdə Əfqanıstan savaşında “strateji müttəfiqləri”nin taleyini nəzərə almadan onları döyüş meydanında qoyub qaçmışdır. ABŞ-ın xüsusilə Əfqanıstan müharibəsində öz müttəfiqlərini necə köməksiz qoyduğu, onlarla insanın ABŞ təyyarəsinin qanadından, quyruğundan yapışıb ölkəni tərk etmək istəməsi və nəticədə göydən yerə tökülmələri müasir nəslin yaddaşından hələ də silinməyib. Bənzər hadisənin bu gün Ukraynada yaşandığını görürük. Yaxud Gürcüstanda Saakaşvili hakimiyyətinin də meydanda tək buraxıldığı bu qəbildən hadisələr siyahısına yaza bilərik. Əslində Suriyadakı müttəfiqlərinin də eyni tale ilə üzləşəcəyi hələ Trampın ilk hakimiyyəti dövründən bəlli idi. Tramp 2018-ci ildə Suriyadan əsgərlərini çıxaracağını bəyan edəndə PKK/YPG qüvvələri xeyli narahat olsalar da, bunun reallaşmayacağına inanırdılar. Halbuki, bu bəyanat hazırda yaşanacaqların bir anonsu idi”.
Həmsöhbətimizin fikrincə, ABŞ-ın şələsinin üstünə odun yığılmasının böyük risk olmasının bir çox səbəbləri var: “Başlıca səbəb onun silah mafiyasının maraqları ilə bağlıdır. Dünyanın istənilən yerində müharibə çıxarmağa meylli olan ABŞ daxili və xarici düşmənləri ilə mübarizədə öz müttəfiqlərini tamamilə tükəndirdikdən sonra oradan çıxmaq məcburiyyətində qalır. Bu gün əslində Suriyada yaşananlar da bunun nəticəsidir. Təsəvvür edin ki, 2014-cü ildən indiyədək ABŞ dəyişilməyən eyni arqumentlə kürd separatçılarından istifadə etməklə Suriyada qalmaq istəyir. Sığındığı bəhanə isə İŞİD-lə mübarizədir. ABŞ kimi super gücün 10 il ərzində İŞİD adlandırdığı qüvvələrlə müharibəni bitirə bilməməsi artıq heç kimə inandırıcı görünmür. İş o yerə çatıb ki, hətta PKK/YPG də eyni nağılla ABŞ-ın özünü şantaj edir. Halbuki, onların bir zamanlar İŞİD və ya Əl-Qaidə elan etdikləri HTŞ artıq Suriyada hakimiyyətə gəlib. Necə ki, vaxtilə terrorçu elan olunan Taliban da bu gün Əfqanıstanda hakimiyyətdədir. Bu iki fakt ABŞ-ın və regiondakı “strateji müttəfiqlərinin” əslində Don Ki Xot kimi yel dəyirmanı ilə vuruşduğunu göstərir. Zira ABŞ siyasi xəritəsini və ya xarakterini dəyişdirib öz koloniyasına çevirmək istədiyi coğrafiyalarda çoxluğa qarşı azlığı müdafiə edir və nəticədə onun “strateji müttəfiqlərinin” bu qeyri-real hədəfləri reallaşdırmağa nəfəsləri çatmır. Necə ki, PKK/YPG vasitəsilə Suriyanın ən bərəkətli torpaqlarını, su ehtiyatlarının 80%-ni, təbii sərvətlərinin böyük hissəsini ölkənin 4-5% əhalidinə vermək istəyir, 90%-dən çox əhalini isə ya didərgin salmağa, ya da quru sərhalarda məskunlaşmağa vadar etməyə çalışırdı. Bu da nəticə etibarilə bir ovuc insan ölkənin əksəriyyəti ilə qarşı-qarşıya qoyur və mübarizənin perspektivini sıfırlayırdı.
Digər səbəb isə bu qeyri-real layihələrə külli miqdarda vəsaitin xərclənməsi idi. Trampın özü Suriyadan çıxmaq zərurətini ABŞ-ın indiyədək Yaxın Şərq siyasətinə 9 trilyon dollar xərclənməsi və heç bir nəticə hasil olmaması ilə əlaqələndirmişdi.
Başqa bir səbəb isə ABŞ-da hakimiyyətlərin tez-tez dəyişilməsi, yenilərin köhnə siyasətdən imtina etməsi ilə bağlıdır. Hakimiyyət dəyişikliyi həm də rəsmi Vaşinqtonu məğlubiyyətin məsuliyyətindən azad etməyə yarayırdı. Faktiki olaraq öz “strateji müttəfiqlərini” su qiymətinə satan administrasiyalara “günah bizdən əvvəlki hakimiyyətlərdə idi” bəhanəsini verirdi. Bu gün PKK/YPG qüvvələri eyni vəziyyətlə üz-üzə qalıb və qurban kəsiləcəyi anı gözləyir”.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
13 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ