İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəlirlər proqnoz rəqəmlərindən artıq icra edilib - RƏSMİ

Hesabatın təhlili göstərir ki, gəlirlər proqnoz rəqəmlərindən artıq icra edilib. Belə ki, 2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 37,2 mlrd. manat olmaqla, proqnoza qarşı 774 mln. manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 mlrd. manat və ya 5,5 faiz çox icra edilib.

Musavat.com bildirir ki, bunu parlamentdəki büdcə müzakirələri zamanı komitə sədri Azər Əmiraslanov deyib.

O qeyd edib ki, hesabat ilində vergi orqanlarının xətti ilə büdcəyə 15,8 mlrd. manat, gömrük orqanlarının xətti ilə 6,6 mlrd. manat vəsait təmin edilib. Bu isə proqnoza nisbətən müvafiq olaraq, 538 mln. manat və 214 mln. manat çoxdur:

“Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozla müqayisədə 573 mln. manat və ya 3,1 faiz artıq icra olunmaqla, 19,2 mlrd. manat təşkil edib, 2023-cü ilin müvafiq göstəricisini 2,1 mlrd. manat və ya 12,4 faiz üstələyib.

Büdcənin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların payı 48,5 faizdən 51,6 faizə yüksəlib. Qeyri-neft sektoru üzrə daxilolmaların proqnozları üstələməsi bu sektor üzrə ÜDM-in makroiqtisadi proqnozlarda nəzərdə tutulandan çox olması ilə əlaqədar olub.

Belə ki, qeyri-neft ÜDM proqnozdan 956 milyon manat çox olmuş, real artım tempi isə 0,7 faiz-bəndi təşkil edib. Hesabat dövründə Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu kimi 12,8 mlrd. manat transfert edilib”.

A.Əmiraslanov büdcənin xərcləri haqda da məlumat verib:

“2024-cü ildə dövlət büdcəsinin xərcləri proqnozun (39,7 mlrd.) 95 faizi həcmində və ya 37,7 mlrd. manat icra edilmişdi. Bu 2023-cü illə müqayisədə 1,3 mlrd. manat və ya 3,4 faiz çoxdur.

Nəzərdən keçirilməli üçüncü göstərici büdcə kəsiridir. Dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla, yəni 3,3milyard manatla müqayisədə 6,1 dəfə az olub.

Nəticədə kəsirin ÜDM-də payı proqnozlaşdırılan 2,8 faizdən 0,4 faizə enib”.

Azər Əmiraslanov icmal büdcənin parametrləri haqda danışarkən bildirib ki, icmal büdcənin gəlirləri 48 mlrd. manat, xərcləri isə 43 mlrd. manat icra olub:

“İcmal büdcə 2,1 mlrd. manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 5,1 mlrd. manat məbləğində profisit yaranıb”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR