İnsanlara hürriyət, millətlərə istiqlal!

Abituriyentlərin və valideynlərin həyəcanlı günləri - imtahanların üzə çıxardığı həqiqətlər

Az bal yığanlarla həssas davranılmalıdır; ekspert: “Sualların   abituriyentlərin bilik və bacarıqlarına uyğun olmaması nəticə etibarı ilə kütləvi şəkildə hamının repetitor yanına getməsinə gətirib çıxarır”

Hazırda ölkədə 10 minlərlə vətəndaş - abituriyentlər və onların valideynləri həyəcanlı günlərini yaşayır. Ali məktəbə daxil olmaq istəyən orta məktəb məzunlarının qəbul imtahanları dövründə onlarla maksimum həssas davranılmalıdır. Təəssüflər olsun ki, az bal toplayan övladları ilə aqressiv davranan valideynlər də var. Hər il bu səbəbdən bir neçə gənc özünə sui-qəsd edir, evdən qaçır və s.

Bir neçə gün öncə keçirilən qəbul imtahanında nəzarətçi olan Elyar İslamoğlu facebookda yazıb ki, imtahan zamanı bir qız qorxudan əsirmiş, maraqlanıb, bəlli olub ki, uşağa atası “az bal yığsan səni öldürəcəm” deyibmiş. Uşağı polis nəzarəti ilə ailəyə təhvil veriblər...

Nəzərə çatdıraq ki, iyunun 6-da 2-ci və 3-cü qrup ixtisasları üzrə nəticələr açıqlanıb. Bu iki qrup üzrə maksimal bal toplayan olmayıb.

II ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 394.0 bal toplayan Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu göstərib.

O, imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə (690.7 bal) də ona məxsusdur.

III ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) 2 nəfər - Bakı şəhər S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası və Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunları göstəriblər. S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu imtahanın I mərhələsində 286.8 bal toplayıb və III ixtisas qrupu üzrə yüksək nəticə (679.3 bal) də ona məxsusdur.

Bəs təhsil ekspertləri nəticələri necə qiymətləndirir? Ötən illərlə müqayisədə vəziyyət müsbətə, yoxsa mənfiyə doğru dəyişib?

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ümumiyyətlə, son 3 il ərzində orta ümumtəhsil məktəblərinin nəticələrində geriləmələr müşahidə olunur: “Bunun da əsas səbəbi odur ki, son 3 il ərzində orta ümumtəhsil məktəblərinin idarəçiliyində, tədrisin təşkilində geriləmələr mövcuddur.

Həmçinin məlum olduğu kimi, 3 il əvvəl Azərbaycan təhsil sistemi pandemiya sınağına daxil oldu və çox təəssüflər olsun ki, həmin dövrdə tədrisin təşkilində nöqsanlara yol verildi və bu, yekunda qəbul imtahanların nəticələrində özünü büruzə verdi.

2-ci və 3-cü qrup üzrə  açıqlanan nəticələri görəndə artıq qeyd olunan tədris  prosesindəki boşluqları bilavasitə müşahidə etdik. Əvvəlki illərdə hər il istər imtahanın birinci mərhələsi olan buraxılış,  istərsə də blok imtahanlarında maksimum nəticə toplayan kifayət qədər abituriyentlər olurdu. Amma çox təəssüflər olsun ki, indi bu baş vermədi.

Həmçinin yüksək balların  toplandığı ərazilərə baxanda görürük ki, hər zaman kifayət qədər nəticələri olan liseylərin də bu dəfə nəticələri yüksək olmadı. Bu da onu göstərir ki, liseylərə yeni direktorların təyinatı imtahan nəticələrinə mənfi təsir göstərir.

Bir məqamı da xüsusilə qeyd etmək istərdim, məlum olduğu kimi, 2-ci və 3-cü ixtisas qrupları bir-birindən fərqlidir. Belə ki, 2-ci qrup texniki, 3-cü qrup isə humanitar sahəyə aiddir. İkinci ixtisas qrupu həmişə  özünün yüksək olmayan nəticələri ilə diqqəti cəlb edib. Hətta əvvəlki  illərdə də görürdük ki, 2-ci ixtisas üzrə coğrafiya və riyaziyyat test tapşırıqları imtahan iştirakçılarının nəticələrinə kifayət qədər mənfi təsir göstərirdi. Yəni 2-ci ixtisas qrupu üzrə hər iki fənn hesablama  tələb etdiyinə görə abituriyentlər kifayət qədər vaxt itkisinə məruz qalırlar. Lakin 3-cü ixtisas qrupu humanitardır və bir-birinə yaxından bağlı olan fənlərdir. Azərbaycan dili, ədəbiyyat, tarix həmçinin alt qrupundan coğrafiyanı nəzərə alsaq  görürük ki, yenə də nəticələr ötən illə aşağıdır. Yəni abituriyentlər artıq hazırlaşmaqda maraqlı deyillər. Müəllimlər də daha çox repetitor kimi xidmət göstərməyə çalışır, bundan yüksək nəticə əldə etməyə, daha çox qazanmaq istəyirlər.

Təəssüf ki, bu gün Azərbaycan təhsil sistemini repetitorluq idarə edir. Yəni bu gün imtahan nəticələrini repetitorluğa borcluyuq. Məktəblərdə tədris çox aşağı səviyyədə təşkil olunur və şagirdlər yeni tipli  sula modelləri ilə tanış olmurlar".

Ekspert qeyd edib ki, bu il xüsusən də 3-cü qrup üzrə bal dəyişkənliyi müşahidə olunacaq: “Ona görə ki, artıq 2-ci ildir ki, beynəlxalq münasibətlər ixtisası 2-ci qrupdan çıxarılaraq, 3-cü qrupa salınıb. Abituriyentlər coğrafiya fənnindən imtahan verməlidirlər ki, bu ixtisasa qəbul oluna bilsinlər. Ötən il hətta dövlət universitetlərində regionşünaslıq ixtisası 157 bal idi və buna görə də abituriyentlər aşağı balla həmin ixtisasları seçə bilirdilər. Bu onu deməyə əsas verir ki, 2-ci və 3-cü qrupda beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarında müəyyən qədər bal atımı müşahidə olunacaq. Çünki az bal toplayanlar kifayət  qədər çoxdur və onlar həmin ixtisasları seçəcəklər”.

Kamran Əsədov təəssüflə qeyd edib ki, hər il abituriyentlər ali məktəblərə yüksək nəticələrlə deyil, daha çox aşağı bal ilə qəbul olunur: “Biz indi daha çox plan  yerlərini doldurmaq məqsədini güdürük. Bu il ali məktəblərin plan yerləri də kəskin şəkildə artacaq və bu amil onu deməyə əsas verir ki, bu gün biz yüksək hazırlığı deyil, orta və aşağı hazırlıqlı abituriyentləri ali məktəblərə qəbul edirik və onlar yekunda əmək bazarına, sadəcə, diplomlu mütəxəssislər olaraq gedirlər, nəinki peşəkar kimi. Çünki abituriyent dövründə yüksək hazırlığı olmayan şəxslər ali təhsil məktəblərində təhsil aldıqları zaman da peşəkarlaşa bilmirlər”.

Ekspertin sözlərinə görə ali təhsil məktəblərin  formatının dəyişdirilməsinə ehtiyac var: “Xüsusilə 2-ci ixtisas qrupunu nəzərdə tuturam. Əgər bu qrupda tarixə aid ixtisas yoxdursa, onda tarixi çıxarmaq lazımdır. Əvvəllər bu qrupda regionşünaslıq və beynəlxalq əlaqələr ixtisası var idi və ona görə də bu qrupda tarixin olması başa düşülən idi. Lakin artıq 2-ci ixtisas qrupunda tarixə aid fənn yoxdur, buna görə də hesab edirəm ki, 2-ci qrupda tarixi çıxarmalıyıq və bundan sonra abituriyentlərdən daha yaxşı nəticə ala bilərik”.

Təhsil eksperti Elşən Qafarov da qeyd edib ki, ildən-ilə ölkədə abituriyentlərin imtahan göstəriciləri aşağı düşür: “Ümumiyyətlə, adətən 2-ci, 3-cü, və 4-cü qrup imtahanlarının keçid balları nisbətən yüksək olub.  Bu baxımdan, 2-3 nəfərin maksimum bal toplamasını təhsilin göstəricisi kimi qəbul etmək doğru deyil, bu, yanlış baxışdır.

Təhsil haqqında qanunda dəyişikliklər (Elşən Qafarov) - ARB24 (Gündəm) -  YouTube

Elşən Qafarov

Ümumiyyətlə isə ildən-ilə abituriyentlərin nəticələrində bir geriləmə var və bu geriləmə Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış imtahanlarını abituriyentlərin bilik və bacarıq səviyyəsinə uyğun qurmaması ilə bağlıdır. İllərdir təklif edirik ki,  ali və orta təhsil məktəblərinə qəbul məsələsində köklü dəyişiklik aparmaq lazımdır, imtahan sualları məzunların və yaxud abituriyentlərin ümum bilik və bacarıq səviyyəsinə  uyğun olaraq təşkil olunmalıdır. Əsas məqsəd ali və orta ixtisas təhsilinin abituriyentlər üçün əlçatanlı olmasını təmin etməkdir. Xüsusilə də 2-ci, 3-cü və digər qruplar üzrə sualların abituriyentlərin bilik və bacarıqlarına uyğun olmaması nəticə etibarı ilə kütləvi şəkildə  hamının repetitor yanına getməsinə gətirib çıxarır və nəticədə məktəbə, müəllimə inam, etimad azalır".

Ekspertin fikrincə, imtahanların ixtisas üzrə keçirilməsi daha uyğun variantdır: “Daha bir məsələ, Azərbaycan dünyada yeganə ölkədir ki, burada abituriyentlərin istədikləri ixtisasa düşmələri heç 100-də 5 faiz deyil. Əlbəttə ki, bu, çox acınacaqlı vəziyyətdir. Hər zaman təklifimiz bu olub  ki, imtahanlar ixtisas üzrə keçirilsin. Abituriyentlər gələcəkdə karyera qurmaq istədikləri peşə üzrə təhsil almaq istəyir, arzulayır. Azərbaycan gəncinin isə belə bir şansı yoxdur və qrup imtahanları Azərbaycan gəncini bu şansdan məhrum edir.

Beləliklə, hesab edirəm ki, ilk növbədə qrup imtahanları ləğv edilməli və ixtisas imtahanlarına çevrilməlidir.

Eyni zamanda DİM-dən test hazırlamaq səlahiyyəti alınmalı və bu qurum yalnız imtahan keçirən qurum olmalıdır. Testləri hazırlamaq  üçün isə ayrıca mərkəz və yaxud institut yaradılmalıdır.

Nə qədər ki, biz bunu etməmişik, bu sahədə olan problemlərin səbəblərini deyil, nəticələrini müzakirə edəcəyik, hər hansı dəyişiklik əldə edə bilməyəcəyik".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR