İnsanlara hürriyət, millətlərə istiqlal!

90 yaşlı Meşəli sakini: "Bizi Milli Qəhrəman Tofiq Hüseynovun dəstəsi qurtardı"

"Bizim evə hücum edən ermənilər dəmir maskalı idi. Birinin qulağında sırğa var idi".

Musavat.com xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş 90 yaşlı Firuzə Mehralıyeva  öz ifadəsində göstərib. 

Zərərçəkmiş qeyd edib ki, həmin vaxt onu və yaxınlarını ermənilərin hücumundan Milli Qəhrəman Tofiq Hüseynovun dəstəsi qurtarıb:

"Mən uşaq ikən Xocalı şəhərindən Meşəli kəndinə köçmüşəm, orada ailə həyatı qurmuşam. Meşəli qətliamı günü səhər saat 6-da ailə üzvləri ilə birlikdə evdə idik. Səhər tezdən evimizi gülləbaran etdilər. Biz döşəmənin altında gizləndik. Yoldaşım yaralandı, bir nəfər alçaq boylu, dəmir kaskalı erməni silahı mənə tərəf tutdu. Sonra mənim bədənimə təpiklə vurmağa başladı.

Milli Qəhrəman Tofiq Hüseynovun dəstəsi gəlib bizi ermənilərin hücumundan qurtardı. Bizim evə hücum edən ermənilər dəmir maskalı idi. Birinin qulağında sırğa var idi. Novruzun evinə hücum edən Armanis, Eres, Kolya idi. Onlar Badara kəndində yaşayırdı".

Firuzə Mehralıyeva hazırda sağ böyrəyinin fəaliyyət göstərmədiyini, ermənilərin verdiyi işgəncələrdən sonra bu vəziyyətə düşdüyünü bildirib.

Qeyd edək ki, zərərçəkmiş Firuzə Mehralıyeva yataq xəstəsi olduğundan məhkəmə prosesinə gələ bilməyib. Bu səbəbdən məhkəmədə onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

Xalidə Gəray
Foto müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR