İnsanlara hürriyət, millətlərə istiqlal!

“50 manat ver, günahların silinsin” - Restoran sahibi bu sözlərə görə bıçaqlanıb

Qusarda yerləşən “Atrium” restoranını işlədən şəxsi bıçaqlayan Orxanın cinayət işinin ilginc təfərrüatı məlum olub. Təqsirləndirilən şəxs restoran sahibinə “50 manat ver, günahların silinsin” deyib. Pul ala bilmədikdə isə onu bıçaqlayıb.

Musavat.com xəbər verir ki, 1996-cı il təvəllüdlü Orxan adı çəkilən kafeni işlədən Elvin adlı şəxsə bıçaqla zərbələr endirib.

Ona qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, Orxan daha əvvəl tanımadığı Elvinin restoranına gəlib və musiqi səsinin yüksək olduğunu, küçədən eşidildiyini deyib. Bundan sonra ona “məni sənin yanına müsəlman qardaş göndərib. Dedi ki, hər ay ona 50 manat pul verməlisən və günahlarından silinsin” deyib. Elvin də həmin şəxsin kim olduğunu soruşub. Orxan “istənilən müsəlman qardaşdan biridir” deyərək Elvinə cavab verib.

Elvin Orxana deyib ki, 50 manatı istəyən şəxsin özü gəlsə, ona 200 manat da verər.

Bu söhbətdən iki gün sonra Orxan yenidən həmin kafeyə gəlib. Elvindən taksiyə vermək üçün 2 manat istəyib. Elvin ona 2 manat verib. Bir neçə dəqiqə sonra Orxan Elvini həyətə çağıraraq söz deyəcəyini bildirib.

Həmin vaxt Orxan Elvinin qulağına söz demək adı ilə ona yaxınlaşaraq anidən cibindən çıxardığı bıçaqla onun döş qəfəsinə zərbələr endirib. Buna səbəb isə iki gün əvvəlki danışıqda Elvinin cavabının Orxanın xoşuna gəlməməsi olub.

Təqsirləndirilən və zərərçəkmiş şəxs ifadələrində hadisənin baş verməsi təfərrüatını eyni cür danışıblar.

Orxan daha əvvəl narkotik ittihamı ilə həbs edilib. Narkotik istifadəçisi olan Orxan ifadəsinə əlavə edib ki, Elvin özünü yaxşı aparmadığı üçün onu bıçaqlayıb. O, psixoloji problemləri olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmək fikrinin olmadığını da qeyd edib.

Zərərçəkmiş Elvin Orxandan şikayətçi olub və ağır cəza verilməsini istəyib.

Məhkəmənin hökmü ilə Orxan 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR